Bakının rəqəmsal kadastr xəritəsi hazırlanıb
Əmlak Məsələləri Dövlət Komitəsi Prezident İlham Əliyevin 7 mart 2016-cı il tarixli fərmanı əsasında müasir dünya təcrübəsinə istinad etməklə torpaq və onun üzərindəki daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası formalaşdırır, ərazilərin rəqəmsal kadastr xəritələrini tərtib edir. Komitənin açıqlamasında bildirilir ki, artıq Bakı şəhərinin torpaqları və onların üzərindəki daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri tərtib edilib. Bakının mükəmməl rəqəmsal kadastr məlumatları bazası paytaxtın Baş Planının hazırlanması işində əsas istinad mənbələrindən biri hesab olunur. Bu məqsədlə şəhərin rəqəmsal kadastr məlumatları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron şəkildə təqdim olunub.
Bakının Baş Planının hazırlanmasında əsas istinad edilən bu bazada paytaxtda yerləşən əmlaklar, torpaq sahələri barədə müfəssəl məlumatlar yerləşdirilib. Belə ki, burada hər bir torpaq parselinin hüdudları, onların üzərindəki tikilinin ünvanı, mərtəbəliliyi, o cümlədən tikintialtı sahəsi, perimetri, koordinatları və s. barədə müfəssəl məlumatlar toplanıb. Eyni zamanda, şəhərin kommunikasiya infrastrukturu haqqında da dəqiq informasiya yer alıb. Başqa sözlə, məlumat bazasında yerüstü mühəndis-kommunikasiya xətləri əks olunub. Bu bazada torpaq, yaşayış binaları, istehsalat obyektləri, qeyri-yaşayış sahələri, o cümlədən təhsil, səhiyyə, məişət obyektləri barədə geniş informasiyalar öz əksini tapır. Həmçinin, məlumat bazasında bir çox mühəndis-kommunikasiya infrastrukturu obyektlərinin mühafizə zonaları və zolaqlarının hüdudları əks etdirilib. Sosial təyinatlı obyektlərin yerləşməsinə dair məlumatların mövcudluğu onların xidmət radiuslarının təhlilinə, zəruri əlavə layihələndirmə işlərinin lazımlılıq dərəcəsinin müəyyənləşdirilməsinə imkan verir.
Kadastr məlumatlarına istinad edilməsi Bakının Baş Planının hazırlanması prosesində sosial-iqtisadi, ekoloji, texniki cəhətdən əsaslandırılmış layihə-proqnoz həllərinin tapılmasında əvəzsiz rol oynayacaq. Komitənin paytaxtda apardığı kadastr uçotu işlərinin nəticələrindən istifadə dairələri genişdir. Bu məlumatlar, həmçinin, torpaq və digər daşınmaz əmlaklarla bağlı mülkiyyət hüquqlarının qeydə alınması işinin elektronlaşdırılmasında da əvəzsiz rola malikdir. Digər tərəfdən, bu bazaya istinad etməklə daşınmaz əmlak(torpaq) idarəçiliyinin elmi əsaslarla həyata keçirilməsinə nail olmaq mümkündür.