Azərbaycan elminə ağır itki üz verib
Görkəmli iqtisadçı alim, AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Akif Fərhad oğlu Musayev vəfat edib.
1947-ci il 18 iyul tarixində Füzuli rayonunda anadan olmuş Akif Musayev 1971-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunun aspiranturasına daxil olur. 1977-ci ildə iqtisadi-riyazi üsullar ixtisası üzrə fəlsəfə doktoru, 1992-ci ildə isə xalq təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini alır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilən alim, 1999-cu ildən 2016-cı ilə kimi Azərbaycanda vergi sisteminin formalaşmasında, qanunvericilik bazasının yaradılmasında yaxından iştirak edir, baş idarə rəisi və vergilər nazirinin müşaviri vəzifələrində çalışır.
İqtisadçı alim ölkə Prezidenti İlham Əliyevin 9 fevral 2007-ci il tarixli Sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə medalı”, 2018-ci il tarixli Sərəncamı ilə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Həmçinin Britaniyanın Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi və Amerikanın Şimali Karolina Bioqrafiya İnstitutunun idarə heyətləri tərəfindən dünya elm və təhsilinə verdiyi töhfələrə görə “Beynəlxalq Şərəf Diplomu”na və “Görkəmli lider mükafatı”na layiq görülüb.
Allah rəhmət eləsin!!