18 Aprel 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəhid ailələri və qazilər dövlətin diqqət mərkəzindədir

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə başa çatdı.

Dövlətimiz Vətən Müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiram, diqqət və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər.

Mərkəzi Bankdan verilən məlumata görə, şəhidlərimizin ailə üzvlərinə aid olan 286, xəsarət almış hərbçilər üzrə 1323 kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub.

Bank olmayan kredit təşkilatları da bu prosesdən kənarda qalmayıb və onlar da qeyd olunan əhali qrupları üzrə kreditləri tam siliblər.

Şəhidlərin ləğv prosesindəki banklara borc öhdəliklərinin silinməsi ilə bağlı məsələ yaxın günlərdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müzakirəsinə çıxarılacaq.

İntensiv hərbi əməliyyatların başlanmasından etibarən Mərkəzi Bank şəhid olan və müxtəlif dərəcəli xəsarət alan hərbi qulluqçulara (və ya onların vərəsələrinə) sığorta ödənişlərinin operativ ödənilməsi məqsədilə müvafiq dövlət qurumları - Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlayıb. Prosesin kompleks və ardıcıl idarə olunması üçün Mərkəzi Bankda işçi qrupu yaradılıb. Şəhid olmuş hərbi qulluqçuların vərəsələri Ədliyə Nazirliyi tərəfindən qısa zamanda müəyyən olunur və onlara müvafiq təsdiqedici sənədlərverilir. Əlilliklə nəticələnən ağır bədən xəsarəti almış hərbi qulluqçulara müvafiq sənədlərin operativ verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edilir.

Şəhid, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişlərinin alınması üçün hərbi qulluqçuların və onların vərəsələrinin müraciətlərinin artacağı nəzərə alınaraq “Azərsığorta” şirkətinin daxili idarəetmə potensialı artırılıb, şirkət gücləndirilmiş iş rejiminə keçib. Şirkətin daxili prosesləri müraciətlərin yeni miqyasına uyğunlaşdırılıb, insan resursları artırılıb, təkrarlanan əməliyyatlar avtomatlaşdırılıb. Vətəndaşların fiziki qəbulu üçün müasir standardlara uyğun xidmətlər təşkil edilib, zənglərin qəbulu üçün telefoniya sistemi qurulub. Ödənişlərin operativ əldə edilməsi üçün geniş filial şəbəkəsinə malik banklarla hesablaşma əməliyyatlarının aparılması təmin edilib.

Şirkətin bütün rayonları əhatə edən filial şəbəkəsindən istifadə etməklə bütün şəhid ailələri ilə birbaşa əlaqə saxlanılır, sığorta ödənişi və əlaqədar sənədlərin əldə edilməsi ilə bağlı onlara məsləhət və əlaqədar dəstək xidmətləri göstərilir.

18 dekabr 2020-ci il tarixinə “Azərsığorta” tərəfindən 4138 şəxsə ödəniş edilib. Onlardan 751 nəfəri şəhidlərin vərəsələri, 3387 nəfəri isə xəsarət alanlardır.