29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Avropa Komissiyası Xəzər qazının qitə ölkələrinə nəqlini alqışlayır

Avropa Komissiyası “Trans-Adriatik” boru kəmərinin (TAP) istismara başlanmasını alqışlayır. Azərbaycanın “Şahdəniz” dəniz yatağından hasil edilən qaz Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP-a vurulub və həmin qaz İtaliyaya çatmağa başlayıb.
“Euractiv” saytına xəbər verir ki, Avrokomissiyanın sözçüsü Tim McPhie Avropa İttifaqının rəhbərliyinin Yunanıstanı Albaniya üzərində İtaliya ilə bağlayan və Xəzər qazını Aİ istehlakçılarına çatdıran TAP-ın fəaliyyətə başlamasını alqışladığını deyib.
“Layihə xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstanla yanaşı, həmçinin Cənub-Şərqi Avropa bölgəsində seçimi və rəqabəti artıracaq, enerji təhlükəsizliyini yaxşılaşdıracaq və qaz tədarükünü şaxələndirəcək. TAP Aİ-nin ortaq maraq dairəsindəki layihədir və Cənub Qaz Dəhlizinin vacib bir hissəsidir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, TAP kommersiya əməliyyatlarına başlayıb. Belə ki, Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi olan TAP boru kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olub. Dekabrın sonunda Cənub Qaz Dəhlizi artıq tam istifadəyə veriləcək. Onun son hissəsi olan TAP istifadəyə verilir.
Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.
TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.
TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.
Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə TANAP ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır. TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.
Xatırladaq ki, 3 ötürücü sistem operatoru – TAP AG, “Snam Rete Gas” və “DESFA” davam edən bazar sınaqları üzrə məcburi təklif mərhələsinin 2021-ci ilin iyul ayında baş tutacağını elan edib. Hər 3 operator son bazar şərtlərini nəzərə alaraq, enerji bazarlarının bərpa olunmasına daha çox vaxt ayırmaq istəyir. Ötən il iyulun əvvəlində TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.
Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb