Üç rübdə Neft Fondunun büdcə gəlirləri 6,5 milyard manat, büdcə xərcləri isə 9 milyard manat olub
Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 milyard 593,1 milyon manat, büdcə xərcləri isə 9 milyard 46,3 milyon manat olub.
ARDNF-dən bildirilib ki, yanvar-sentyabr ayları ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 milyard 235,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 milyard 445,5 milyon manat, bonus ödənişləri 767,8 milyon manat, akrhesabı ödənişləri 6,8 milyon manat, tranzit gəlirləri 15 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 358 milyon manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəliri 2 milyard 394 milyon manat təşkil edib.
Cari ilin 9 ayında ARDNF-in 2020-ci il büdcəsinin icrası çərçivəsində 8 milyard 852,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 178,5 milyon manat, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,4 milyon manat yönəldilib.
Qeyd edilən dövr ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 14,9 milyon manat olub.
Bu il sentyabrın 30-na fondun aktivləri cari ilin əvvəlinə (43 milyard 323,3 milyon ABŞ dolları) nisbətən 0,08 faiz azalaraq 43 milyard 288,6 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin azalmasına səbəb koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-in büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olub.