13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli Məclisdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə edilib Video

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, iclasda "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi nəzərdə tutulub. O qeyd edib ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsidir. Bu dəyişikliklər dövlət büdcəsinin dayanaqlı artımını təmin edəcək. Millət vəkili vurğulayıb ki, 2020-ci ilin büdcəsi, ən iri həcmli büdcədir.

İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, qarşıya qoyulmuş əsas hədəflərə nail olunub: "Bu il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində qeyri-neft sahəsində 8,9 faiz artım müşahidə olunur. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir".

Sonra nazir Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı danışıb. O qeyd edib ki, dəyişikliklər 7 əsas istiqaməti əhatə edir. Yeniliklər, əsasən, ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini (yalan əqd bağlayaraq əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılmasını, riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirməsi), ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsini, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılmasını, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasını, vergitutma bazasının genişləndirilməsini, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsini özündə ehtiva edir.

"Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi 164 dəyişiklikdən ibarətdir. Bu, əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır. Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda vergi ödənişində uçot qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır.

M.Cabbarov onu da qeyd edib ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Bildirilib ki, ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir. Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə inamını ifadə edib.

Deputatlardan Vahid Əhmədov, Tahir Mirkişili, Əli Məsimli, Şəmsəddin Hacıyev, İlham Əliyev, Aydın Hüseynov Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə fikir və təkliflərini bildiriblər.

Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?