6 Dekabr 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı hallarda müddətli əmək müqaviləsi uzadılmış hesab olunur?

İşçi ilə işəgötürən arasında əmək müqaviləsi müddətli və ya müddət göstərilmədən bağlanılır. İqtisadçı ekspert Anar Bayramov “vergiler”az saytına açıqlamasında müddətli əmək müqaviləsi barədə bəzi məqamlara aydınlıq gətirib:

Əmək Məcəlləsinin 73-cü (“Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası”) maddəsinin birinci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Maddə ilə bağlı diqqət yetiriləsi dörd əsas məqamı nəzərdən keçirək.

Birincisi - Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Misal: Dövlət və ya özəl sektorda fəaliyyət göstərən işəgötürənlər hər dəfə 1 illik müddətli əmək müqaviləsi bağlayır, bəzən fasiləsiz cəmi müddət 5 ili ötsə də, proses hər il eyni qaydada təkrar edilir. Fərdi əmək mübahisələri ilə bağlı məhkəmə sənədlərini təhlil edərkən məlum olur ki, bir çox hallarda işəgötürənlər 5 il müddət məsələsinə diqqət yetirmirlər. Bu səbəbdən də 5 ildən artıq davam edən müddətli əmək müqavilələrinə xitam verilməsi qanunvericiliyə ziddir.

İkincisi - müddətli əmək müqaviləsi bitdikdə, əmək müqaviləsinə xitam verilməlidir.

Misal: İşəgötürən işçi ilə Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, 1 may 2021-ci il tarixdə 5 aylıq müddətli əmək müqaviləsi imzalayıb. Əmək müqaviləsinin tələblərinə əsasən, 30 sentyabr 2021-ci il tarixi işçinin son iş günü hesab olunur. Artıq işəgötürən işçi ilə son haqq-hesabı 30 sentyabr 2021-cu il tarixdə həyata keçirməli və müvafiq əmr imzalamalıdır.

Üçüncüsü - müddətli əmək müqaviləsi bitdikdən sonra, 1 həftə ərzində işəgötürən və işçi həmin əmək müqaviləsinin müddətinin artırılıb-artırılmaması barədə qərarlarını bildirməlidirlər.

Misal 1: Müddətli əmək müqaviləsi ilə çalışan işçinin son iş günü 30 mart 2021-ci ilə təsadüf edir. İşəgötürən 12 aprel 2021-ci il tarixdə işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmr imzalayır. Müqavilənin bitməsi tarixindən 11 gün keçdiyi üçün, bu cür xitam düzgün hesab oluna bilməz. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq həmin işçinin əmək müqaviləsi 1 aprel 2021-ci il tarixdən öncəki əmək müqaviləsinin müddəti qədər uzadılmış hesab ediləcək. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi müddətli əmək müqaviləsinin vaxtının bitməsi qeyd oluna bilməz.

Misal 2: 6 aylıq müddətli əmək müqaviləsi ilə çalışan işçinin son iş günü 26 fevral 2021-ci il tarixdə başa çatır. Mümkündür ki, işçi işəgötürənə bildirsin ki, o, əmək müqaviləsinin müddətinin uzadılmasını istəmir. Çünki Əmək Məcəlləsinin 73-cü maddəsində “tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə” ifadəsindən istifadə edilib. Əgər işçi müddətin artırılmaması ilə bağlı müqavilə müddəti bitəndən bir həftə ərzində işəgötürənə müraciət etməyibsə, bu halda əmək müqaviləsi öncəki müddət qədər artırılmış hesab edilir. İşçi 10 mart 2021-ci il tarixdən əmək müqaviləsinə xitamla bağlı müraciət etdikdə, işəgötürənin hüququ var ki, işçinin bir ay işləməsini tələb etsin. Çünki işçinin müddətli əmək müqaviləsi ilə bağlı müraciət müddəti keçdiyindən, 1 aprel 2021-ci ildən işəgötürənlə yeni 6 aylıq müqaviləsi aktiv olur.

Dördüncüsü - müddətli əmək müqaviləsinin bitməsi halında sosial kateqoriyaya aid işçilər üzrə güzəştlər nəzərə alınmır.

Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunmasının qadağan edildiyi işçilər və hallar qeyd olunub. Misal üçün, işəgötürən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin və ya öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin əmək müqaviləsinə xitam verə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsi müddətli əmək müqaviəsi ilə çalışanlara şamil olunmur.

Misal: İşəgötürən 1 may 2021-ci il tarixdə işçi ilə 6 aylıq müddətli əmək müqaviləsi imzalayıb. İşçi müqavilənin bitməsinə bir ay qalmış hamilə olması haqqında sənədi təqdim edib. İşçinin hamilə olmasına baxmayaraq, işəgötürən qərar verə bilər ki, 31 oktyabr 2021-ci il tarixdən işçinin əmək müqaviləsinə xitam verilsin. Nəzərə almaq lazımdır ki, işəgötürən hamilə qadının sosial və ya əmək məzuniyyətində olmadığı hallarda onun müddətli əmək müqaviləsinə xitam verə bilər.