16 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Enerji resursları regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir

Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji, siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət daşıyır.

“Bu baxımdan, hazırda reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyətə malikdir. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında təsdiqlənmiş TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Bununla Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artıb. Bütövlükdə, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfədir”.

S.Qurbanov Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu bildirib: “Bizim enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, əksinə, birləşdirməlidir. Enerji resursları rəqabətə və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir”.

Xatırladaq ki, 2021-ci il yanvarın 21-də Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Millət vəkili hesab edir ki, bundan sonra Türkmənistanın Avropa bazarlarına qazı TANAP və TAP xətləri ilə çıxarması çox mühüm addım ola bilər: “Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatı bu layihələrə qoşulan ölkələrdən çox asılıdır. Bu layihələr Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi iradəsi ilə gündəmə gəlib. Türkmənistanın da TANAP və TAP-a qoşulması bu layihələrin qazla təminatına müsbət təsir göstərəcək. Bununla da boru kəmərlərinin ötürmə qabiliyyəti daha da artırılacaq, rentabelliyi yüksəldiləcək. Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə nəqli Xəzər dənizinin strateji baxımdan əhəmiyyətinin artması ilə nəticələcək. Bununla da Xəzəryanı ölkələr Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rola malik olacaqlar, regionda Azərbaycanın mövqeyi daha da güclənəcək”.

S.Qurbanov hazırda dünyanın ən böyük enerji şirkətlərinin Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərdiyini vurğulayıb. Bildirib ki, bu ilin əvvəlində iki böyük beynəlxalq şirkətlə 440 meqavat generasiya gücü olan Günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanıb: “Ümid edirəm ki, ilin sonuna qədər bütün sənədlərin imzalanması başa çatacaq və stansiyaların tikintisinə start veriləcək. Azərbaycanda 440 meqavat gücündə bərpaolunan enerji növlərinin yaradılması, özü də Azərbaycan dövləti tərəfindən bir manat vəsait qoyulmadan reallaşdırılması bizə etibarın, Azərbaycanın sabit gələcəyinə, inkişafına inamın göstəricisidir. Hazırda Energetika Nazirliyi dünyanın bir neçə iri enerji şirkəti ilə danışıqlar aparır. Hesab edirik ki, günəş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar danışıqlar müsbət nəticələcək və bu sahəyə daha böyük həcmdə xarici investisiyalar cəlb olunacaq”.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?