Noyabrda inflyasiya 2,4 faiz olub
Azərbaycanda inflyasiyanın dinamikası son aylar üzrə proqnozlaşdırılan trayektoriyaya uyğundur və əsasən azaldıcı amillərin təsiri altında formalaşır.
Mərkəzi Bankın açıqlamasına görə, pandemiya ilə bağlı məcmu tələbin aşağı və məcmu buraxılışın kəsirli olduğu şəraitdə rəsmi statistikaya görə noyabrda 12 aylıq inflyasiya 2,4 faiz təşkil edib ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.
İstehlak səbətinin əsas alt kateqoriyaları üzrə qiymət dəyişimi fərqli dinamika nümayiş etdirib. Ərzaq inflyasiyası noyabrda 0,4 faiz, son 12 ayda isə 3,9 faiz təşkil edib. Ərzaq inflyasiyasının dinamikasına dünya ərzaq qiymətlərinin son 12 ayda 6,5 faiz artması da təsir göstərib.
İnflyasiyanın qeyri-ərzaq və xidmət komponentləri üzrə sabitlik davam edir ki, bu da əsasən istehlak tələbinin azalmasından irəli gəlir. Qeyri-ərzaq məhsullarının qiymətləri son ayda 0,1 faiz, xidmətlər isə 0,9 faiz bahalaşıb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin 12 aylıq dəyişimi müvafiq olaraq 1,2 faiz və 1,1 faiz təşkil edib.
Dekabrda yenilənmiş proqnozlara görə inflyasiyanın 2020-ci ilin sonuna 3 faiz ətrafında, 2021-ci ilə isə 3,5-4 faiz diapazonunda olacağı gözlənilir.
Monetar şəraitə gəlincə, Mərkəzi Bank ötən iclasdan bəri burada əhəmiyyətli dəyişiklik baş vermədiyini açıqlayıb. Pul bazası ilin əvvəlindən 3,3 faiz artıb ki, bu da gözləniləndən aşağıdır.
Noyabr-dekabr aylarında Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələri sabit qalsa da, dövlət qiymətli kağızlarının gəlirliliyi azalma meylini qoruyub. Banklararası REPO bazarında orta faizlərdə ciddi dəyişiklik müşahidə edilmir.
Pul siyasəti qərarları ilə yanaşı makroprudensial yumşalmalar və dövlətin güzəştli kreditləşmə proqramları da kredit qoyuluşlarının dinamikasına və orta faizlərə müsbət təsir göstərir. Pandemiya şəraitində kreditlərə olan tələbin zəifləməsi bankların başlıca resurs mənbəyi olan depozit faizlərinin dinamikasına təsir edir. Son aylar depozit faizlərində azalma meyli müşahidə olunur.
Əmanətlərin sığortalanması mexanizminin dayanıqlı şərtlərlə yeni çərçivəyə keçidi bank sisteminin resurs bazasının dayanıqlı əsaslarda möhkəmlənməsi və beləliklə, maliyyə sabitliyinin qorunması ilə yanaşı depozit faizlərinin formalaşmasına da müsbət təsir edəcəyi proqnozlaşdırılıb.
Ötən iclasdan bəri valyuta bazarında sabitlik davam edir. Tarazlı valyuta bazarı şəraitində dollarlaşma göstəricilərində azalma müşahidə edilir.
Pandemiyanın məcmu tələbə və təklifə azaldıcı təsirləri şəraitində rəsmi statistikaya görə, 2020-ci ilin 11 ayında ümumi daxili məhsul real olaraq 4,3 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 2,9 faiz azalıb. Pandemiya iqtisadiyyatın ayrı-ayrı sahələrinə təmas səviyyəsindən asılı olaraq fərqli təsir göstərir. İqtisadiyyatın aşağı təmas sahələrindən olan qeyri-neft sənayesində 11,3 faiz, kənd təsərrüfatında isə 2 faiz iqtisadi artım qeydə alınıb.
Xarici mühitin yaxşılaşması və təxirə salınmış tələbin aktivləşməsi hesabına 2021-ci ildə iqtisadi artımın bərpası proqnozlaşdırılır. Pandemiyanın milli iqtisadiyyatın strukturuna uzunmüddətli təsirləri ilə bağlı qeyri-müəyyənliklər isə qalır.
Fiskal stimullar və kredit axınlarında azalmanın qarşısının alınmasına yönəldilmiş tədbirlər də 2021-ci il üzrə iqtisadi artım proqnozlarının reallaşmasını dəstəkləyəcək. İşğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı iqtisadi quruculuq planları 2021-ci ildə iqtisadi artımın bərpası ilə bağlı nikbinliyə əlavə dəstək verəcək.