20 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığorta bazarının zərəri sığorta şirkətinin mənfəəti deməkdir

Sığorta sektoru Azərbaycan iqtisadiyyatının çox mühüm seqmenti kimi dəyərləndirilsə də, hazırda sığorta yığımlarının ÜDM-də payı çox az - 2018-ci ilin yekunlarına görə cəmi 0,91 faiz təşkil edir. Bu sahədə gözlənilən yeniliklər və planlarla bağlı suallarımızı sığorta üzrə mütəxəssis Hikmət Allahverdi cavablandırır.

- Hikmət müəllim, son illərdə baş verən iqtisadi proseslər sığorta bazarına necə təsir edib?

- Bir az geriyə dönsək, həyat sığorta şirkətlərinin qeyri-həyat sığorta şirkətlərindən ayrılmasına, icbari sığortalar haqqında qanunun qəbulu və İcbari Sığorta Bürosunun yaradılmasına, "Yaşıl kart" sisteminə üzvlüyümüzə, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının elektronlaşdırılmasına, ümumiyyətlə, sığorta sektoruna nəzarətedici orqanın dəyişməsinə davamlı proses kimi baxsaq, bu dəyişikliklərin sığorta bazarına təsiri çox böyük və müsbət olub. Təbii ki, dünya iqtisadi böhranı fonunda Azərbaycanda baş vermiş iqtisadi proseslər, manatın devalvasiyası sığorta sektoruna da təsirsiz ötüşmədi. Amma sığorta sektoru xeyli məsafə qət edib - qanunvericilik bazası möhkəmləndirilib, nəzarət mexanizmləri daha mükəmməl qurulub. Bütövlükdə, əvvəlki illərlə müqayisədə sığorta sektorunun professionallaşması baxımından müsbət tendensiyalar nəzərə çarpır.

Digər tərəfdən, proseslərin təsirinin nəticələrini müşahidə etmək üçün rəqəmlərə baxmaq lazımdır. Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta növləri üzrə yığımlara dair ötən ilin göstəricilərini açıqlayıb. 2018-ci ilin yekunlarına görə, 2017-ci illə müqayisədə 30 faizi aşan bir artım qeydə alınıb. Sığorta haqlarının ÜDM-də payı az olsa da, sığorta sektorundakı artım faizi ÜDM-in artım faizindən dəfələrlə çoxdur. Eləcə də sığorta sektoru ötən ili 33 faiz zərərlə başa vurub. Yəni sığorta şirkətləri topladıqları hər 100 manatın 33 manatını müştərilərinə sığorta ödənişi şəklində geri qaytarıblar. Bu, sığorta şirkətlərinin mənfəətliliyi baxımından yaxşı göstəricidir.

Ötən il sığorta şirkətləri topladıqları hər 100 manatın 33 manatını
müştərilərinə sığorta ödənişi şəklində geri qaytarıblar

- Durğunluq şəraitində, adətən, sığorta şirkətləri müəyyən planlar hazırlayaraq böhranla mübarizə aparmağa çalışırlar. Sizcə, sığorta şirkətlərinin adekvat fəaliyyət planı varmı?

- Belə bir planın olması haqqında doğru məlumat, təbii ki, şirkətlərin özündə olur. Əslində, bəlkə də bütün şirkətlərin hansısa simvolik planı var. Bəs həmin planlar necə icra olunur? Düşünürəm ki, bu sual ətrafında müzakirə aparmaq olar. Azərbaycan müstəqillik qazandıqdan sonra sığorta sektorunda da yeni şirkətlər yaranmağa başladı, müstəqilliyin ilk 5 ilində onların sayı 60-a yaxın idi. İllər keçib, sığorta bazarına yeni şirkətlər daxil olub, amma bu say hazırda 20 ətrafında dəyişir. Bəs kimlər yola davam edə bilmədi? Təbii ki, bu plana sahib olmayanlar və ya planı olub onu icra edə bilməyənlər. Sığorta şirkətləri gözlənilməyən dəyişikliklərə daha tez uyğunlaşmaq üçün mükəmməl korporativ idareətmə sistemlərini qurmalıdırlar. Potensial riskləri nəzərə alan biznes strategiyası formalaşdırmalı, müvafiq riskin idarə edilməsi üçün nəzarət sistemlərini yaratmalı və qərar qəbul edilməsi prosesini institusionallaşdırmalıdırlar.

Bəzən qabaqlayıcı tədbirlər görülsə də, böhran qaçılmaz olur. Bu zaman korporativ idarəetmə böhran əleyhinə tədbirlərin effektiv şəkildə planlaşdırılmasına, aydın müəyyən edilmiş vəzifə və rolların bölgüsünə və effektiv ünsiyyət strategiyasının yaradılmasına yardım edəcəkdir. Bu növ tədbirlər sığorta şirkətlərinin böhrandan sonra daha çevik bərpa olunmasına və biznesə dəyən ziyanı minimallaşdırmağa kömək edir.

Ümumilikdə sığorta bazarı (həyat və qeyri-həyat)
üzrə yığımlarda icbari sığortaların payı 26,35 faizdir

- Sığorta bazarındakı mövcud rəqabət səviyyəsi sığorta agentlərinin sığorta haqlarında ciddi endirimlər etməsinə səbəb olub. Sizcə, belə bir şəraitdə elektron sığorta satışlarını inkişaf etdirmək mümkündürmü?

- Dedikləriniz həqiqətin hamısı deyil. Burada sığorta agentləri icraçılardır, hətta bu işi görən sığorta agenti olmayan (lisenziyasız) çoxları var. Bunlar sığorta şirkətlərinin agentlərə - satıcılara qanunla müəyyən edilmiş komisyon haqlardan artıq mükafatlar verməsindən qaynaqlanır. Ümumiyyətlə, bu mövzuda çox geniş danışmaq olar. Ümidverici hal odur ki, bu cür endirimlər "icbari avtoməsuliyyət sığortası" üzrə satışlarda olur, digər sığorta növlərində geniş vüsət almayıb. Həm də ciddi nəzarət və cəzalandırma nəticəsində bu halların qarşısını asanlıqla almaq olar. Sualınıza gəldikdə, elektron sığorta satışları zaman keçdikcə mütləq inkişaf edəcəkdir.

- Məlumdur ki, sığorta şirkətlərinin balansında ciddi məbləğdə sərbəst vəsaitlər mövcuddur. Onlar bu vəsaitləri əsasən hansı investisiya sahələrinə yönəldirlər?

- Əvvəllər sığorta şirkətləri sərbəst vəsaitlərini kommersiya banklarında depozit qoymaqla və dövlət istiqrazlarını (əsasən İpoteka Fondunun istiqrazları) satın almaqla dəyərləndirirdilər. Son zamanlar daha mürəkkəb investisiya alətlərinə yatırım etməyə başlayıblar. Artıq korporativ istiqrazlar, səhmlər və repolar da investisiya portfelinə daxil olub. Hazırda repo əməliyyatlarına da investisiyalar mövcuddur. Ortamüddətli perspektivdə sığorta şirkətlərinin qlobal birjalarla daha sıx işləyəcəyini təxmin etmək mümkündür.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra icbari sığorta satışı ilə
məşğul olan sığorta vasitəçiləri, digərlərindən fərqləndirilərək,
sadələşdirilmiş verginin ödəyicisi hüququ əldə ediblər

- İcbari sığorta bazarının bugünkü vəziyyəti (qanunvericilik bazası, bazarın böyüklüyü, ödənişlərin həyata keçirilməsi, müştəri məmnuniyyəti və s.) qaneedicidirmi?

- Ümumilikdə sığorta bazarı (həyat və qeyri-həyat) üzrə yığımlarda icbari sığortaların payı 26,35 faizdir. Həyat sığortaları üzrə icbari sığortaların payı təqribən 10 faiz olsa da, qeyri-həyat sığortaları ciddi paya - təqribən 41 faizə sahibdir. Bu göstərici qeyri-həyat sığortaları satışı ilə məşğul olan şirkətlərin portfelində "icbari sığorta"ların necə əhəmiyyətli yer tutduğunu göstərir. Digər tərəfdən, Azərbaycanda ən populyar sığorta növü olan "Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə zərərlilik 56 faiz olub. Başqa sözlə, sığorta şirkətləri bu növ üzrə topladıqları hər 100 manatın 56 manatını müştərilərə geri ödəyiblər. Ödənişlərin həcmi də kifayət qədər çox - təqribən 54 milyon manat təşkil edib.

Bu rəqəmlər yaxşı göstərici hesab olunsa da, danılmaz faktdır ki, müştəri məmnuniyyəti hələ də tam təmin edilməyib. Gecikdirilmiş ödənişlər məsələsi, - əvvəlki kimi olmasa da, - bu gün də aktualdır. Zərərin qiymətləndirilməsi, ödənişin həyata keçirilməsi və ya təmir məsələsi kimi problemlər tam şəkildə öz həllini tapmayıb və bu məsələdə birmənalı olaraq sığorta şirkətlərini günahlandırmaq olmur. Sadə bir misal çəkəcəyəm: 1987-ci ildə istehsal edilmiş VAZ markalı bir avtomobil qəza nəticəsində zərər görür. Bu avtomobilin real bazar dəyəri, tutaq ki, 1500 manat civarındadır, təmir xərcləri isə 2500 manatdan çoxdur. Bu halda sığorta şirkəti haqlı olaraq həmin avtomobilin təmirini məqbul saymayacaq... Təbii ki, bütün hallarda sığorta şirkətləri haqlı deyil, dəymiş zərərin məbləğinin bilərəkdən azaldılması, ödəniş məbləğinin gecikdirilməsi halları da mövcuddur. Amma əvvəlki illərlə müqayisədə bu sahədə kifayət qədər irəliləyiş var.

- Vergi qanunvericiliyində edilmiş son dəyişikliklərin sığorta bazarına mümkün təsirləri
necə ola bilər?

- Vergi qanunvericiliyindəki dəyişikliklər, aparılan ciddi islahatlar özü ilə güzəştləri, vergi yükünün azaldılmasını gətirsə də, vergilərin toplanmasında da ciddi nəzarətin formalaşacağından xəbər verir. Bildiyiniz kimi, sığorta qanunvericiliyində sığorta satışı ilə məşğul olanlar satdıqları sığorta məhsullarına görə təsnifləşdirilmir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra icbari sığorta satışı ilə məşğul olan sığorta vasitəçiləri, digərlərindən fərqləndirilərək, sadələşdirilmiş verginin ödəyicisi hüququ əldə ediblər. Bu verginin dərəcəsi isə 2 faizə salınıb. Qeyd olunan dəyişiklik özlüyündə sığorta vasitəçilərini daha çox "icbari sığorta" satışına yönləndirəcəkdir.

Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?