25 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rüfət Quliyev: "Vergi sahəsində inqilabi islahatlara başlanılıb"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "vergilər.az"a müsahibəsində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.

- Rüfət müəllim, Sizcə, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər hansı zərurətdən irəli gəldi?

- İqtisadiyyatın bütün sahələrində, xüsusilə də vergi sistemində aparılan islahatların xarakterindən də görünür ki, Azərbaycan hökuməti fiskal sistemi kökündən dəyişmək istəyir. Bu o deməkdir ki, bütün qanunvericilik bazaları uzunmüddətli və genişmiqyaslı iqtisadi dəyişikliklər nəzərə alınmaqla formalaşdırılır və belə də olmalıdır. Xüsusilə vergi və gömrük sisteminə dair qanunvericilik bazası konseptual, uzunmüddətli hədəflərə hesablanmalıdır. Yəni fiskal siyasət hər dəfə dövlət başçısının imzaladığı sənədlər, yaxud Nazirlər Kabinetinin müvafiq hüquqi-normativ aktları əsasında deyil, əsaslı, köklü və sistemli dəyişikliklərə yol aça bilən vahid qanunverici bazaya əsaslanmalıdır. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə də məhz bu hədəflər nəzərə alınıb.

Dəyişikliklərin kökü ondan ibarətdir ki, iqtisadiyyatda və buna paralel olaraq cəmiyyət həyatının bütün sahələrində inkişaf baxımından çox böyük və sürətli yenilənmə gedir. Bütövlükdə dünyanın özündə də qlobal səviyyədə dəyişikliklərin şahidi oluruq və bizim milli qanunvericiliyimiz bu çağırışlara cavab verməlidir. Ümumiyyətlə, qloballaşma prosesi tədricən ona gətirib çıxarır ki, bütün ölkələr istər-istəməz bir-birindən asılı vəziyyətdə qalır. Belə bir şəraitdə sahibkarlığın inkişaf etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması qlobal iqtisadi çağırışların leytmotivinə çevrilir. Bu mənada, vergi sistemində həyata keçirilən islahatlar Azərbaycanda sahibkarlıq və investisiya mühitinin daha da münbit olması üçün yeni və çox mühüm bir addımdır.

İslahatların həm fiskal, həm də biznes və sahibkarlıq meydanının
genişləndirilməsi baxımından çox böyük üstünlükləri var

- Bu dəyişikliklər sahibkarlığın inkişafı üçün hansı üstünlüklər yaradır?

- Bunun həm fiskal siyasət, həm də biznes və sahibkarlıq meydanının genişləndirilməsi baxımından çox böyük üstünlükləri var. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə vergi sistemində böyük bir inqilabi islahatlara başlanılıb. Bu dəyişikliklərin fəlsəfəsi ondan ibarətdir ki, qısa müddət ərzində və keyfiyyətli şəkildə hazırlanmış dəyişikliklər mikro, kiçik və orta sahibkarlıq subyeklərinin fəaliyyəti üçün daha rahat mühit yaradır. Amma burada başqa bir məsələ də var: dövlətin və onun mərkəzi icra orqanı olan Vergilər Nazirliyinin çağırışının əsası ondan ibarətdir ki, vergi sistemində tam şəffaflıq təmin edilməlidir. Bunsuz dayanıqlı və sistemli inkişafa nail olmaq çətindir. Düzdür, "kölgə iqtisadiyyatı" təkcə Azərbaycana məxsus xüsusiyyət deyil, dünyanın əksər ölkələrində belə problemlər var. Hətta Avropanın özündə, İtaliya kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkədə də "kölgə iqtisadiyyatı"nın qarşısını tam şəkildə almaq mümkün olmayıb və indi də bununla bağlı mübarizə aparılır. Bütün dövlətlər və cəmiyyət çalışır ki, "kölgə iqtisadiyyatı" minimuma endirilsin, iqtisadi fəaliyyətlər rəsmiləşdirilsin. Bunun isə bircə yolu var – şəffaflıq.

- Qarşıya qoyulan hədəflərə çatmaq üçün görülən işləri yetərli sayırsınızmı?

- Vergilər Nazirliyi son bir ildə bu istiqamətdə çox böyük fəallıq göstərir. Məcəlləyə dəyişikliklər müzakirə olunan vaxt cənab nazir Mikayıl Cabbarov bəyan etdi ki, Vergilər Nazirliyi çalışır ki, sahibkarlarla vergi sistemində çalışan insanlar arasında bütün münasibətlər elektron formada qurulsun. Çox müsbət haldır ki, bu gün bütün sahibkarlar vergi ödəmələrini və hesabatlarını elektron formada təqdim edə bilir. Bununla bağlı vergi ödəyiciləri üçün bütün lazımi şərait, o cümlədən ən müasir texnoloji imkanlar yaradılıb. Vergilər Nazirliyi də hər bir vergi ödəyicisinin fəaliyyətini heç onların özlərinin xəbəri olmadan elektron resurslar hesabına izləmək imkanına malikdir. Təbii ki, sahibkarın vergi məmuruna hər hansı sualı yaranarsa, bu barədə müraciət edə bilər. Bu şəraitin yaradılmasında məqsəd vergi ödəyiciləri ilə vergi orqanları əməkdaşları arasındakı əlaqələrdə insan faktorunun minimuma endirilməsidir. Sabah vergi orqanları, yaxud hansısa sahibkar deyə bilməz ki, bir-birimizi başa düşmədik. Yəni vergi ödəyiciləri ilə sahibkarların münasibətlərinin şəffaf qurulması üçün zəmin mövcuddur. Artıq sahibkarlar da başa düşürlər ki, qeyri-şəffaf fəaliyyət göstərmək onların özlərinin və bizneslərinin ziyanınadır və bu şəkildə uzun müddət işləmək mümkün deyil. İndi vergi ödəyiciləri özləri də anlamalıdırlar ki, zaman dəyişib və heç kimi aldatmaq, nəyisə gizlətmək mümkün deyil. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, vergi orqanları müəyyən edilmiş hədəflərə nail olmaq üçün çox geniş imkanlara malikdir.

İqtisadi siyasətin tələbi: daha rahat və şəffaf mühitdə işləmək vərdişlərinə yiyələn,
biznesini qur, fəaliyyətini genişləndir və gəlirlərini artır

- "Kölgə iqtisadiyyatı"nın qarşısının alınması üçün vergi siyasətindən əlavə, başqa mexanizmlərin də tətbiqi mümkündürmü?

- İqtisadi sahədə dəyişiklik kompleks şəkildə həyata keçirilməlidir. Yəni "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması təkcə vergi qanunvericiliyi ilə tənzimlənə bilməz: iqtisadi fəaliyyətlərə kompleks yanaşma olmalıdır və ölkə başçısının rəhbərliyi altında son illərdə atılan addımlar da məhz buna hesablanıb.

Bu gün Azərbaycanda uğurlu iqtisadi siyasətin tələbi ondan ibarətdir ki, daha rahat və şəffaf mühitdə işləmək vərdişlərinə yiyələn, biznesini qur, fəaliyyətini genişləndir və gəlirlərini artır. Bir şərtlə ki, qanunları pozma və dövləti özünə tərəfdaş hesab et. Təbii ki, işləyən və gəlir əldə edən hər bir vətəndaş dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində vergi öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməlidir. Fəaliyyət sahəsindən asılı olmayaraq, hər bir vergi ödəyicisi dövlətin vergi siyasətini həyata keçirən orqanlar qarşısında məsuliyyət daşıyır.

Ən xoşagəlməz cəhətlərindən biri budur ki, bir sıra hallarda işəgötürənlər insanları işə cəlb edirlər və bu zaman onların maaşının böyük bir qismini qeyri-rəsmi qaydada ödəyirlər. Bu isə, təbii ki, "kölgə iqtisadiyyatı"nın genişlənməsinə şərait yaradır. Təəssüf ki, bəzi vətəndaşlar bunun onların özləri üçün nə qədər zərərli olduğunun fərqinə varmırlar. Xüsusilə gənclər öz gələcək pensiya təminatı barədə fikirləşmir, pensiya yaşına çatanda isə ayılıb görürlər ki, dövlətlə onun arasındakı iqtisadi münasibətlər qaydasında deyilmiş. Vaxtilə qeyri-rəsmi işçi kimi fəaliyyət göstərən, maaşının bir hissəsinin rəsmiləşdirilməməsinə göz yuman işçilər əmək qabiliyyətini itirəndə, qocalanda başa düşür ki, iş yerində onu aldadıblar və indi normal pensiya ala bilməyəcək.

Kölgədə olan iqtisadiyyat şəffaflaşmayınca
dayanıqlı və sistemli inkişafa nail olmaq çətindir

"Kölgə iqtisadiyyatı"nın hökm sürdüyü şəraitdə ortaya çıxan başqa bir problem işəgötürənin öz işçisini sosial risklərdən qoruya bilməməsidir. Burada işçi ilə işəgötürən təxminən eyni qaydada günahkardır. Çünki bunun məsuliyyətini hər iki tərəf qarşılıqlı razılaşma əsasında öz üzərindən kənara atıb...

- Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə kiçik və orta sahibkarlığa aid xeyli yeniliklər var: biznes subyektlərinə müəyyən güzəştlər nəzərdə tutulur. Kiçik və orta sahibkarlıqla bağlı dəyişiklikləri necə dəyərləndirirsiniz?

- Bu sektorun inkişafına ona görə daha çox diqqət yetirilir ki, istənilən ölkənin davamlı və dayanıqlı iqtisadi inkişafı, dövlət büdcəsinin ümumi gəlirlərinin formalaşması bu cür biznes strukturlarının fəaliyyətindən çox asılıdır. Bu gün Yaponiyada ümumi daxili məhsulun (ÜDM) 65 faizə qədəri kiçik və orta müəssisələrin məhsulları və ya onların göstərdikləri xidmətlərin hesabına formalaşır. Avropa ölkələrinin bir çoxunda bu göstərici 55-65 faiz arasında dəyişir. Hətta İspaniyada kiçik və orta sahibkarlığın ÜDM-dəki payı 70 faizə çatır. Avropanın ən çox inkişaf etmiş ölkələrinin önündə gələn, "BMW", "Mersedes" kimi böyük transmilli şirkətlərin fəaliyyət göstərdiyi Almaniyada ÜDM-in 70 faizə yaxını kiçik və orta sahibkarlığın payına düşür, başqa sözlə, orada yaradılan iş yerlərinin 70 faizi kiçik və orta sahibkarlıq müəssisələrindədir.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, mövcud siyasi kurs ölkədə işsizlik probleminin minimuma endirilməsinə istiqamətlənib. Bazar iqtisadiyyatı şəraitində işsizlik problemini tam şəkildə aradan qaldırmaq mümkün olmasa da, hazırkı mərhələdə əsas hədəf ondan ibarətdir ki, ÜDM-in təxminən 50 faizi kiçik və orta müəssisələrin məhsullarından, onların göstərdiyi xidmətlərdən formalaşdırılsın. Hazırda bu göstərici ölkəmizdə 25 faizə yaxın təşkil edir.

Elxan SALAHOV

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?