26 Sentyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özəlləşdirmədə ƏDV güzəşti investorların təşviqinə xidmət edir

Vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə özəlləşdirmədə iştirak edən investorların əmlak vergisindən azad edilməsi nəzərdə tutulub.

Vergi Məcəlləsinə daxil edilmiş yeni maddəyə (199.12) əsasən, 2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək vergi ödəyicisinin özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin hesabat ilində digər vergilər üzrə hesablanmış və ödənilmiş verginin məbləği özəlləşdirilməsi başa çatmış əmlaka görə həmin hesabat ili üçün dövlət büdcəsinə hesablanmış və ödənilmiş verginin məbləğindən az olmadığı və ödənilmiş əmlak vergisinin qaytarılmasına dair ərizə ilə müraciət edildiyi tarixə vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadığı hallarda, ödənilmiş əmlak vergisi vergi ödəyicisinə qaytarılır və ya onun razılığı ilə sonrakı öhdəliklərin ödənilməsi hesabına aid edilir.

İqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, hökumətin özəlləşdirmə sahəsində iş adamları üçün yaratdığı bu güzəşt özəlləşmədə iştirak edən investorların stimullaşdırılmasına xidmət edəcəkdir: "Bu addımın başlıca hədəflərindən biri özəlləşdirilən müəssisənin fəaliyyətinin stimullaşdırılmasıdır. Güzəştin qısamüddətli müəyyən edilməsi də investorları özəlləşdirilən müəssisələrin mümkün qədər tez fəaliyyətə başlamasına həvəsləndirmək üçündür. Bir sözlə, sahibkar vergi güzəştini əldə etmək istəyirsə, özəlləşdirdiyi müəssisənin qapısına qıfıl vurub gözləmə mövqeyinə keçmək əvəzinə, dərhal işə başlamalıdır.
Bu isə özəlləşdirmənin əsas məqsədinə, yəni özəlləşdirilmiş əmlakın səmərəsiz istifadəsinin qarşısını almağa imkan verəcəkdir".

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, özəlləşdirmədə iştirak edən investorların əmlak vergisindən azad edilməsi özəlləşdirmə prosesinin təşviqi məqsədini daşıyır: "Bu qanun investorları özəlləşdirmədə iştiraka təşviq edir. Nəticə etibarilə güzəştlərin tətbiqi həm vəsaitə qənaət edilməsi anlamına gəlir, həm də dövlətin dolayı maliyyə dəstəyi kimi xarakterizə olunur və təbii ki, investorlar üçün yeni imkanlar da yaradır.

Digər mühüm bir məqam ondan ibarətdir ki, yeni qaydalara görə, əmlak vergisi üzrə ödənilmiş vergi sonradan investorun özünə geri qaytarıla bilir. Əgər investorun borcu və ya faizli maliyyə sanksiyaları yoxdursa, bu halda o, ödədiyi əmlak vergisini geri ala və ya öz razılığı əsasında onu digər vergilərlə əvəzləndirə bilər. Bütün hallarda bu, investorun təşviqi və vəsaitə qənaət edilməsi baxımından vacibdir".

Qeyd olunub ki, bütövlükdə yeni qayda vergi güzəştlərinin səmərəliliyinin artırılması məqsədi daşıyır və vergi güzəştlərindən daha səmərəli istifadə edilməsi, investorların və xüsusən də mülkiyyət formasının dəyişmə prosesində iş adamlarının bu güzəştlərdən və təşviqdən istifadəsi üçün yeni zəmin yaradır: "Dəyişiklik özəlləşmədə iştirak edən investorların dəstəklənməsi, özəlləşdirilən dövlət əmlakının sonrakı istifadəsinin effektivliyinin artırılması, səmərəli vergi mühitinin yaradılması, hədəflənmiş vergi güzəştlərinin tətbiqi sisteminin yaradılması baxımından əhəmiyyətli hesab olunur".

Fəxriyyə İKRAMQIZI