17 Sentyabr 2019

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elçin Quliyev: "Stimullaşdırıcı addımlar iqtisadiyyatda davamlı canlanma yaradır"

2019-cu ilin əvvəlindən vergi daxilolmalarında istər proqnoz göstəriciləri, istərsə də ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım qeydə alınıb. Bu isə ölkədə aparılan davamlı və məqsədyönlü islahatlar nəticəsində mümkün olub.

Milli Məclisin deputatı Elçin Quliyev "vergiler.az"a bildirib ki, Azərbaycanda həyata keçirilən vergi islahatları, ilk növbədə, yeni və mütərəqqi metodların tətbiqini nəzərdə tutur: "Bu islahatların əsas məqsədi iqtisadiyyatda innovasiyaların tətbiqinə nail olmaq və şəffaflığın təmin olunması üzrə imkanlar yaratmaqdır. Bu, sahibkarlar tərəfindən iqtisadi fəaliyyətin daha səmərəli qurulmasını labüdləşdirir və büdcə daxilolmalarının artmasına şərait yaradır.

Artıq 2019-cu ilin əvvəlindən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılmasını Vergilər Nazirliyi yerinə yetirir. Qanunvericilikdə sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılmasını, əmək müqavilələrinin bağlanmasını stimullaşdıran dəyişikliklərin nəticəsi olaraq, bu il ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, eləcə də əməkhaqqı fondunda əhəmiyyətli artım müşahidə olunur. Təbii ki, bu cür stimullaşdırıcı addımlar iqtisadiyyatda davamlı canlanma yaradır. Cari ilin ilk 5 ayındakı daxilolmalarda məcburi dövlət sosial sığorta haqlarının 18,3 faiz, işsizlikdən sığorta haqlarının isə 74,2 faiz artması məhz qeyd olunan məqsədyönlü tədbirlərin nəticəsidir".

Bu il ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin
sayında, eləcə də əməkhaqqı fondunda əhəmiyyətli artım müşahidə olunur

Millət vəkili iqtisadiyyatın qeyri-neft sektorunda canlanmanın digər vacib səbəbi kimi Azərbaycanda yaradılmış biznes və investisiya mühitini qeyd edib: "Ölkəmizdə bu sahədə aparılan islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. "Doing Business 2019" hesabatında əvvəlki illə müqayisədə Azərbaycan öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq, dünyanın 10 islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunmaqla 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə lider kimi qiymətləndirilib. Bu isə o deməkdir ki, Azərbaycanda biznes mühiti çox əlverişlidir və sahibkarlardan sadəcə bu imkanlardan faydalanmaq, öz bizneslərini daha da genişləndirmək üçün daha aktiv olmaq tələb edilir. Bütün bunlar onu deməyə əsas verir ki, müsbət meyillər növbəti illərdə də davam edəcək və büdcə daxilolmaları durmadan artacaq. Bu artımlarda qeyri-neft sektorunun payı isə ilbəil yüksələcəkdir".

Fəxriyyə İKRAMQIZI