19 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vahid Əhmədov: "Vergi daxilolmalarında artım həyata keçirilən islahatların məntiqi nəticəsidir"

Bu ilin ilk beş ayında vergi daxilolmalarında istər proqnoz göstəriciləri, istərsə də ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım olub. 2019-cu ilin yanvar-may aylarında vergi daxilolmalarının artım tempi (8,3 faiz) ÜDM-in nominal artım tempini (2,8 faiz), qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi isə (16,1 faiz) sektorda ÜDM-in nominal artım tempini (7,7 faiz) üstələyib. Bu artımı şətləndirən əsas amillər ölkədə həyata keçirilən vergi islahatları fonunda "kölgə iqtisadiyyatı"na qarşı görülən işlər, gizli dövriyyələrin mühüm hissəsinin "ağarması" və şəffaflaşma tədbirləridir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "vergiler.az"a müsahibəsində vergi daxilolmalarındakı artımları Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və ölkədə aparılan islahatların məntiqi nəticəsi kimi dəyərləndirib:

- Ümumiyyətlə, bu il, qismən də ötən il vergi və gömrük sistemində aparılan islahatların ölkə iqtisadiyyatında böyük bir canlanma yaratdığını hamımız hiss edirik. 2019-cu ilin 6 ayı ərzində istər vergi, istərsə də gömrük orqanları vasitəsilə büdcəyə daxilolmaların əhəmiyyətli şəkildə artdığını görürük. Həyata keçirilən dəyişikliklərdən sonra sahibkarlar, iş adamları heç bir təzyiq olmadan lazımi qaydada vergilərini ödəyirlər. İlin əvvəlində xüsusilə vergi sistemində aparılan islahatlarla bağlı qərarlar, dövlət başçısının fərman və sərəncamları vergilərin könüllü şəkildə ödənilməsinə şərait yaratdı. Bu işdə cənab nazir Mikayıl Cabbarovun rəhbərliyi ilə təşkil olunan tədbirlər də böyük rol oynayıb. Bu tədbirlər zamanı aparılan islahatların əsas məqsədləri, yeni cağırışlar, dünyada və Azərbaycanda baş verən dəyişikliklər, eləcə də həmin dəyişikliklərə uyğun olaraq atılacaq addımlar barədə sahibkarları və işəgötürənləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Vergilər Nazirliyi çox fəal işləyir, həm inzibatçılıqda, həm də vergi qanunvericiliyinin
təkmilləşdirilməsi istiqamətində məqsədyonlü işlər görüb və görür

Bütün bunların hamısı Azərbaycanda vergi sistemi ilə sahibkarlar arasında münasibətlərin normal məcraya yönəldilməsinə, bu sahədə şəffaflığın yaranmasına gətirib çıxardı. Hesab edirəm ki, hazırda proqnozlaşdırılan vergini toplamaq üçün əvvəlki illərdə olduğu kimi çox da böyük əziyyət çəkilmir. Yəni vergi ödəyicilərinin öz öhdəliklərini yerinə yetirməsi üçün inzibati metodlardan istifadə etməyə ehtiyac qalmır, sahibkarın üzərinə gedilmir, iş adamları incidilmir. Sahibkarlar isə öz növbəsində vergi öhdəliklərini yerinə yetirmək üçün yaranmış münbit şəraiti dəyərləndirə bilirlər. Bu, şəffaflığın təmin olunması üçün çox mühüm amildir.

- Bu istiqamətdə görülən işləri, əldə olunmuş nəticələri necə qiymətləndirirsiniz?

- Vergilər Nazirliyi çox fəal işləyir, həm inzibatçılıqda, həm də vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində məqsədyonlü işlər görüb və görür. Qısa müddət ərzində bu cür fundamental işləri yerinə yetirmək və müsbət nəticəyə nail olmaq heç də asan deyil. Bu il ərzində vergi sistemində, sahibkarlıq fəaliyyətində həyata keçirilən tədbirlər iqtisadiyyatın şəffaflaşmasına çox ciddi təsir göstərib. Korrupsiya və rüşvətxorluq hallarına, demək olar ki, rast gəlinmir, vergi ödəyicisi hansısa qanunsuzluqlarla qarşılaşmır. Bu, sahibkarlığın inkişafı, biznes fəaliyyətinin stimullaşdırılması baxımından çox vacibdir və nəticə etibarilə vergi daxilolmalarında artıma səbəb olur.

"Kölgə iqtisadiyyatı"nın aradan qaldırılması faktiki işləyən
vətəndaşlarla əmək müqavilərinin bağlanmasından,
əməkhaqqının məbləğinin düzgün rəsmiləşdirilməsindən çox asılıdır

- Sizcə, əmək münasibətlərinin leqallaşdırılması büdcə daxilolmalarında artımlara nə dərəcədə təsir edir?

- Bu da çox aktual məsələlərdən biridir. Hazırda əmək müqavilələrinin sayında ciddi artımların olduğunu müşahidə edirik və bu, büdcə daxilolmalarına təsir göstərməyə bilməz. Çünki "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması faktiki işləyən vətəndaşlarla əmək müqavilələrinin bağlanmasından, əməkhaqqının məbləğinin düzgün rəsmiləşdirilməsindən çox asılıdır. Vaxt var idi ki, işəgötürənlər işçilərə ödənilən əməkhaqqının müəyyən hissəsini gizlətməyə çalışırdı, mühasibat sənədlərinə istədikləri rəqəmləri yazıb vergi orqanlarına təqdim edirdilər. İnsanlar da vergidən yayınmaq üçün bu cür qanunsuzluqlarla razılaşırdı, gələcək sosial təminat hüquqlarının pozulmasına göz yumurdular. Sahibkar rəsmi sənədlərdə həm işçilərin sayını azaldır, həm də onların əməkhaqqını gizlədirdi. Amma bu ilin əvvəlindən 8.000 manata qədər olan əməkhaqqının gəlir vergisindən azad edilməsi ilə həmin problemlərin bir çoxu həllini tapdı. Çünki işəgötürənlər vergi yükünün çox olmasından şikayətlənirdilər. Vergi Məcəlləsinə edilən dəyişikliklərdən və bu sahədə aparılan islahatlardan sonra isə işçilərin sayının və əməkhaqqının məbləğinin faktiki rəqəmlərdən az göstərilməsinə ehtiyac qalmır. Bunu da vergi sistemində aparılan islahatların müsbət nəticəsi kimi dəyərləndirmək olar.

Vergi Məcəlləsinə edilən dəyişikliklərdən və bu sahədə aparılan
islahatlardan sonra işçilərin sayının və əməkhaqqının məbləğinin
faktiki rəqəmlərdən az göstərilməsinə ehtiyac qalmır

- İcbari sosial sığorta haqlarının yığımında da ciddi artımlar müşahidə olunur. Sizcə, burada əmək müqavilələrinin sayının artmasının rolu varmı?

- Əlbəttə, çox mühüm rolu var. Bu yaxınlarda Vergilər Nazirliyinin bir məlumatını oxudum: 2019-cu ilin 6 ayında əmək müqavilələrinin sayı 7 faizdən çox artıb. Sevindirici haldır ki, bu artımlarda qeyri-dövlət sektorunun da payı var və təkcə iyun ayında həmin sektorda 11 min əmək müqaviləsi bağlanıb. Bu, bir ay üçün çox böyük rəqəmdir. Mühüm amillərdən biri də odur ki, həyata keçirilən islahatların mahiyyətinə uyğun olaraq, gəlir gətirə bilən sahələrdə səmərəliliyin artırılması üçün bu il bir sıra mühüm addımlar atılıb. Buna nümunə kimi, sosial sığorta haqlarının və işsizlikdən sığorta üzrə ödənişlərin yığımının Vergilər Nazirliyinin səlahiyyətinə verilməsini göstərə bilərik. Bunun da müsbət nəticəsini görürük. Bu sahə Vergilər Nazirliyi üçün yeni olsa da, ötən 6 ay ərzində sosial sığorta və işsizlikdən sığorta haqlarının yığımında heç bir problem yaşanmayıb, əksinə, burada da daxilolmalarda müəyyən artımlar qeydə alınıb. Bütün bunlar cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən islahatların prinsipial elementləridir və Vergilər Nazirliyi bu işin öhdəsindən layiqincə gəlir.

- Vergi daxilolmalarındakı artımda karqo şirkətləri ilə ticarət xidməti göstərən sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsi məsələləri də az rol oynamır...

- Bu, ticarət sektorunda hesabatlılığın təmin edilməsi, sənədsiz malların bazarlarda satışının qarşısının alınması, eləcə də sahibkarlarla gömrük orqanları arasındakı münasibətlərin şəffaflaşması baxımından vacibdir. Karqo şirkətləri ilə əlaqədar mən bütün məlumatları və prosesləri izləyirəm. İdxal-ixrac əməliyyatlarına nəzarət vergi və gömrük orqanlarının birgə nəzarətinə keçdikdən sonra bu sahədə də müəyyən irəliləyişlər var və bir sıra məsələlərlə bağlı çətinliklər aradan qaldırılır. Bunun nəticədir ki, vergi sistemi ilə yanaşı, gömrük sahəsində də büdcəyə daxilolmaların həcmi xeyli artıb.

Həyata keçirilən islahatların mahiyyətinə uyğun olaraq, gəlir gətirə bilən sahələrdə
səmərəliliyin artırılması üçün bu il bir sıra mühüm addımlar atılıb

- Şəffaflığın daha da artırılması baxımından sahibkarlara nəyi tövsiyə edərdiniz?

- Həm sahibkarlar, həm də vergi və gömrük orqanları üçün şəffaflıq əsas prinsiplərdəndir. Xidmətlərin bir çoxunun "Elektron hökumət" vasitəsilə aparılması sahibkarların şəffaf qaydada fəaliyyət göstərməsini stimullaşdırır. Bu baxımdan, vergi sistemində aparılan işlər təqdirəlayiqdir. Bəyannamələr, elektron qaimə-fakturalar və sair – bunların hamısı şəffaflığın təmin olunmasına xidmət edir. Mən inanıram ki, vaxt gələcək, sahibkarlar və vergi ödəyiciləri il ərzində vergi işçiləri ilə təmasda olmayacaq. Çünki inzibatçılıqda tətbiq edilən müasir mexanizmlər buna ehtiyacı aradan qaldırır, hər kəs öz vergisini elektron şəkildə ödəyir, bəyannamələri kompüter və mobil rabitə vasitələrinin köməyi ilə təqdim edir. İnkişaf etmiş dövlətlərdə olduğu kimi, Azərbaycanda da vergi ödəyiciləri bütün məsələləri internet üzərindən həll etmək imkanı əldə edib. Son illər Vergilər Nazirliyi bu cür texnoloji xidmətlərin əhatə dairəsini daha da genişləndirir. Sahibkarlara tövsiyə edərdim ki, bu imkanlardan, dövlətin onlara yaratdığı şəraitdən daha çox bəhrələnsinlər.

- Ötən yarım ildə həm vergi inzibatçılığında, həm əmək münasibətlərinin leqallaşdırılmasında, həm də vergi daxilolmalarında müşahidə edilən müsbət meyillər, Sizcə, davamlı olacaqmı?

- Ümumiyyətlə, hesab edirəm ki, vergi və gömrük orqanlarının həyata keçirdiyi siyasət dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması üçün geniş imkanlar yaradır. Vergiyə cəlbetmə mexanizmi həm vergi yükünü azaltmaq, həm də insanları könüllü şəkildə vergiləri tam və vaxtlı-vaxtında ödəməyə təşviq etməkdir ki, büdcə gəlirlərinin formalaşmasında hər hansı problem yaranmasın.

- Vergi qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində hansısa yeniliklərin olacağı gözlənilirmi?

- Vergi elə bir sahədir ki, orada təkmilləşdirmə davamlı xarakter daşıyır. Çünki iqtisadi sahədə çox ciddi islahatlar aparılır və bu islahatlara uyğun olaraq tələblər də dəyişir. Ona görə də istər vergi və gömrük sahəsində, istərsə də başqa strukturlarda fəaliyyətləri tənzimləyən qanunvericilik bazası yeni çağırışlara cavab verməlidir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elə bir iclası yoxdur ki, orada vergi məsələlərini müzakirə etməyək. Vergilər Nazirliyi də parlamentlə sıx əlaqədədir və çox ciddi işlər görülür. Həm vergi orqanlarının özünün, həm də Milli Məclisin müəyyən təklifləri var ki, biz mütəmadi olaraq bu məsələrlə bağlı məsləhətləşmələr aparırıq.

Elxan SALAHOV

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb