17 Sentyabr 2019

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aydın Hüseynov: "Vergi orqanları qarşıya qoyulmuş məqsədlərə nail ola bilib"

"Bu yaxınlarda 2019-cu ilin dövlət büdcəsinə edilmiş dəyişikliklər nəticəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 200 milyon manat və ya 5,1 faiz artırılıb. Bu artımlar Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, əmək pensiyalarının və müavinətlərın artım hissəsinin maliyyələşməsinə yönəldiləcək. Artıq dövlət büdcəsinə daxilolmaların səviyyəsi minimum əməkhaqqı və büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqqının artırılmasına imkan yaradıb. Bütün bunlar, ilk növbədə, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, iqtisadi sahədə həyata keçirilən köklü islahatların nəticəsidir".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "vergiler.az"a açıqlamasında qeyri-neft sektorunun ayrı-ayrı sahələri üzrə vergi daxilolmalarını, eləcə də əmək müqavilələrinin rəsmiləşdirilməsi ilə bağlı artımları ölkə iqtisadiyyatının inkişafı baxımından "çox əhəmiyyətli irəliləyiş" kimi xarakterizə edib: "Bu ilin əvvəlindən Vergi Məcəlləsində çox böyük dəyişikliklərin tətbiqinə başlanılıb və bu, ölkə iqtisadiyyatının inkişafı, o cümlədən sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün xüsusi əhəmiyyətə malikdir. Vergi qanunvericiliyində aparılmış yumşaldıcı tədbirlər şəffaflığın təmin olunmasına, "kölgə iqtisadiyyatı"nın azaldılmasına və sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinin öz biznesini qanunauyğun şəkildə qurmasına xidmət edir. Bu tədbirlərlə Azərbaycanda iqtisadi mühit əsaslı şəkildə dəyişib və biz artıq onun nəticələrini ölkənin ümumi inkişaf dinamikasında görürük.

Vergi sistemindəki yeniliklər, kadr və struktur islahatları, məsələlərə
müasir yanaşma metodları, sahibkarlarla vergi orqanları arasındakı
münasibətlərin şəffaflaşması nəticə etibarilə iqtisadiyyatın "kölgədən"
çıxmasına və büdcəyə daxil olan vəsaitlərin artmasına gətirib çıxardı

Vergi yükünün azaldılması, xüsusilə qeyri-neft sektorunun özəl bölməsində 8.000 manatadək olan əməkhaqqına vergi güzəştlərin tətbiq olunması, "kölgə iqtisadiyyatı"nın elementlərinin üzə çıxarılması və bu sahənin şəffaflaşdırılması, ikili mühasibat kimi halların aradan qaldırılması istiqamətində aparılan islahatlar öz bəhrəsini verməkdədir. Vergi sistemindəki yeniliklər, kadr və struktur islahatları, məsələlərə müasir yanaşma metodları, sahibkarlarla vergi orqanları arasındakı münasibətlərin şəffaflaşması nəticə etibarilə iqtisadiyyatın "kölgədən" çıxmasına və büdcəyə daxil olan vəsaitlərin artmasına gətirib çıxardı. Bütövlükdə vergi sistemindəki islahatlar qısa müddətdə qeyri-neft sektorunun ümumi iqtisadiyyatdakı xüsusi çəkisinin artmasında özünü göstərdi. Bütün bunların nəticəsində büdcənin gəlirləri əhəmiyyətli şəkildə artdı və ölkədə sosial müdafiənin gücləndirilməsinə, minimum əməkhaqqının, pensiya və müavinətlərin artımına geniş imkan yarandı".

Vergi islahatlarının ən mühüm nəticələrindən biri "kölgə iqtisadiyyatı"nın
elementlərini üzə çıxarmaq və şəffaflaşmaya nail olmaqdır

Millət vəkili bu ilin əvvəlindən büdcə daxilolmalarını özündə əks etdirən rəqəmləri həm də "kölgə iqtisadiyyatı"nın azaldılması istiqamətində görülən tədbirlərin effektiv nəticəsi kimi dəyərləndirib: "Əslində, "kölgə iqtisadiyyatı"nın ölkə iqtisadiyyatında xüsusi çəkisi çox da böyük deyildi. Amma korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı xarakter alması bu islahatların təsir imkanlarını bir qədər də artırıb. Bu tədbirlər islahatların effektivliyinin artırılması, şəffaflığın təmin olunması üçün çox vacib amillərdəndir. Ancaq ən önəmlisi struktur dəyişikliyi, kadr islahatlarının aparılması, xüsusilə də vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlardır. Bu sahədə həyata keçirilən tədbirlər iqtisadiyyatda şəffaflaşmaya, dövlət büdcəsinin gəlirlərinin artmasına ciddi təkan verib. Bütövlükdə iqtisadi sahədə həyata keçirilən dəyişikliklərin və islahatların hamısı bir-birini tamamlayır. Bunun nəticəsidir ki, vergi orqanları qarşıya qoyulan məqsədlərə, müəyyən edilmiş hədəflərə nail ola bilib".

Elxan SALAHOV