23 Sentyabr 2019

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əli Məsimli: "Şəffaflıqla bağlı görülən işlər müsbət nəticələrini göstərir"

Millət vəkili deyir ki, vergi yükünün azaldılması və yeni vergi güzəştlərinin tətbiqi ilə əlaqədar "kölgə iqtisadiyyatı"nda "ağarma" gedir

"Ötən ilin aprelində keçirilən Prezident seçkilərindən sonra Azərbaycanda islahatların yeni mərhələsi başlayıb. Bu istiqamətində atılan addımlar arasında vergi sistemindəki islahatlar xüsusi yer tutur". Milli Məclisin deputatı Əli Məsimli Vergilər Nazirliyinin büdcə daxilolmaları ilə bağlı son açıqlamalarını təhlil edərkən belə deyib. Qeyd edib ki, Vergilər Nazirliyi islahatlar kontekstində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən irəli gələrək vergitutma bazasının genişləndirilməsi, səmərəli vergi inzibatçılığının və vergi nəzarətinin həyata keçirilməsi, vergi uçotunun düzgün qurulması və sair bu kimi istiqamətlərdə səylərini xeyli artırıb: "2019-cu ilin əvvəlindən vergi yükünün azaldılması və yeni vergi güzəştlərinin tətbiqi ilə əlaqədar "kölgə iqtisadiyyatı"nda cəmlənmiş dövriyyələrin bir hissəsinin "ağarması" və iqtisadiyyatda şəffaflaşmanın müşahidə edilməsi nəticəsində vergi daxilolmalarında nəzərəçarpan artımlar özünü göstərməyə başlayıb. Vergilər Nazirliyinin rəsmi məlumatlarına görə, 2019-cu ilin yanvar-may aylarında nazirlik tərəfindən dövlət büdcəsinə 3 milyard 139 milyon manat vergi daxil edilib, proqnoza 110 faizdən çox əməl olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz və ya 239,9 milyon manat çox vəsait toplanıb. Bu onu göstərir ki, aparılan islahatlar, şəffaflıqla bağlı görülən işlər artıq öz nəticələrini verir və büdcə daxilolmalarına müsbət təsir göstərir".

Əli Məsimli vergi yığımları vasitəsilə büdcəyə daxil olan vəsaitin artmasının dövlət başçısının həyata keçirdiyi genişmiqyaslı "Sosial paket"in davamlı olması üçün real maliyyə imkanlarını genişləndirəcəyini vurğulayıb.

Fərqanə ALLAHVERDİQIZI