27 Sentyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əsas fəaliyyətlilik göstəriciləri öyrənilir

Linda Hartli Birləşmiş Krallığın vergi və gömrük yığımları administrasiyasının (HMRC) strateji inkişaf departamentində çalışır. Burada KPİ sisteminin tətbiqi və inkişaf etdirilməsi öyrənilir.
Hazırda Azərbaycan Vergilər Nazirliyinin də bütün struktur və bölmələri üzrə KPİ sisteminin tətbiqi üzərində iş görülür. Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin təklifi ilə ölkəmizdə öz təcrübəsini bölüşən xanım Linda Hartli Vergilər Nazirliyi ilə əməkdaşlıqdan məmnun olduğunu bildirir.

- Xanım Linda Hartli, KPİ sisteminin nə olduğunu qısaca necə izah edərdiniz?

Əsas Effektivlik Göstəriciləri - Key Performance Indicator (KPI) şirkətin bugünkü və gələcək uğuru üçün həyati əhəmiyyətə malik faktorların müəyyən edilərək diqqətin onların üzərində cəmləşdirilməsi və əldə edilən nəticələrin bu istiqamətdə istifadə edilməsindən ibarətdir. Sistemin hədəfi şirkət xərclərinin proseslərin yaxşılaşdırılması hesabına azaldılmasıdır və bu, şirkətin ayrı-ayrı şöbələrinə və işçilərə tətbiq edilməsinə əsaslanır. Bunun üçün əsas məsələ öncə şirkətin hədəfləri istiqamətində doğru göstəricilər seçilməli, həmin göstəricilərin hesablanması üçün davamlı məlumatın toplandığı sistem qurulmalı, əldə edilən nəticələr analiz edilməli və bunların əsasında yeni strategiya və hədəflər müəyyən edilməlidir.

Bizim ölçülərimiz əsas etibarilə ona istiqamətlənib ki, biz onlayn istifadəçilərin xidmətlərdən nə dərəcədə istifadə etmələrini öyrənir, ölçməyə çalışırıq. Onların telefon danışıqlarını, telefon və poçtla müraciətlərini nə qədər sürətlə cavablandırırıq, şikayətlərə hansı müddət ərzində baxa bilirik və s. İstifadəçilərin, bizim dillə, müştərilərin onlayn xidmətlərdən razılıq səviyyəsini ölçürük.
Vergi ödəyicilərinin göstərilən xidmətlərlə bağlı fikirlərini öyrənmək üçün müxtəlif sorğu metodologiyaları tətbiq edilir. Hazırda ən geniş tətbiq edilən metodologiya mobil platformalar üzərindən iForm sorğularının göndərilməsidir. Qeydiyyat prosedurunu onlayn göndəririk. Ay ərzində 3 milyon yarım telefon zəngi qəbul edirik. Hazırda məqsədimiz bu zəngləri 5 dəqiqə ərzində cavablandırmaqdır. Bizə poçtla daxil olan müraciətlərin azı 80 faizini 15 gün ərzində həll etməyə çalışırıq.

- Şikayətlərlə bağlı göstəricilər barədə nə deyə bilərsiniz?

- Ötən il ərzində HMRC 605,8 milyard funt sterlinq vergi yığmışdır. Bu vergilərin dövlət xidmətlərinə (səhiyyə, təhsil sistemi və s.) xərclənməsi nəzərdə tutulmuşdur. Göstərilən məbləğə əlavə olaraq biz 30,3 milyard məbləği vergi ödəyicilərinin səhvi və vergidən yayınma halları ilə bağlı qurumumuz tərəfindən tətbiq olunan maliyyə sanksiyaları və cərimələr nəticəsində yığmışıq. Bu rəqəm 2016-cı ilin göstəricilərindən 5 faiz artıqdır. Bizim 15 milyon fərdi vergi ödəyicimiz üçün şəxsi e-kabinet mövcuddur. Onlar bunun sayəsində bütün məsələləri onlayn qaydada həll edə bilirlər. Bəzən elə olur ki, vergi ödəyiciləri müxtəlif səbəblərdən Birləşmiş Krallığın vergi administrasiyasını məhkəməyə verirlər. Biz bu məhkəmə proseslərini orta hesabla 87 faiz uduruq. Təəssüf ki, bu 100 faiz deyil. Amma 87 faizlə dövlət büdcəsinə ödənilməli olan 87,5 milyard funt sterlinq vəsaiti qorumağa nail ola bilmişik.

- Sizin qurum yalnız vergi məsələləri ilə məşğul olur?

- Biz gömrük məsələlərini də öyrənirik. Bütün gömrük prosedurlarının 96,6 faizini 2 saat ərzində həll etmək sürətinə nail olmuşuq. Bizdə vergilərin toplanmasından başqa, "taxkredit" deyilən bir anlayış vardır ki, aşağı məvacib alan, imkansız ailələr üçün vergi administrasiyası ödənişlər, taxkreditlər verir. Ötən il bu xidmət üzrə 1 milyon istifadəçimiz olub. İstifadəçilərin sayında əvvəlki ilə nisbətdə 6 faiz artım var idi. Birləşmiş Krallığın xəzinadarlıq orqanı vergi nəzarət sisteminin tənzimlənməsinə yönəltmək məqsədilə ayrılan məbləği ildən-ilə azaldır. Buna görə də vergi administrasiyası məhsuldarlıq səviyyəsini artırır. Bu həm ümumi vergi administrasiyası üçün, həm də administrasiya daxilində bütün departamentlər üçün qoyulmuş ümumi tələbdir.

Birləşmiş Krallığın vergi və gömrük yığımları administrasiyası üçün

Azərbaycan çox əhəmiyyətli ölkədir.
Bizim beynəlxalq ticarət departamenti üçün bir neçə önəmli ölkə var ki,

onların da biri Azərbaycandır

- Bütün bu proseslər KPİ sistemi daxilində gedir?

- Bəli. Sadaladığım hər bir göstərici üzrə müəyyən olunmuş hədəf səviyyələri vardır və biz ildən-ilə bu hədəflərə çatmalıyıq. İllik hədəflərdən əlavə, aylıq hesabatlar da aparırıq ki, il ərzində nəticələri müəyyən edə bilək. Məsələn, məhsuldarlıq göstəricisi, daxili zənglərin 5 dəqiqə ərzində cavablandırılması, əlavə vergi mənbələrinin hesablanması. Bütün bu göstəricilər üzrə hökumət bizdən artım gözləyir. Təbii ki, hər departament üzrə səviyyələrdə fərq ola bilər. Bu rəqəmlərin hamısı ictimaiyyətə açıqlanır, dərc edilir. Bunlardan başqa, hər bir departament üçün daxili göstəricilər də mövcuddur. Bizim 30 milyard funt sterlinq əlavə vergini yığmağa necə nail olmağımız vergi ödəyicilərini də maraqlandırır.
Elə göstəricilər də vardır ki, vergi ödəyicilərinə aidiyyəti olmasa da, daxili məqsədlər üçün istifadə edilir və hökumət üçün önəmlidir.

- Bu sistemin tətbiqinin əhəmiyyəti nədir?

- Birləşmiş Krallığın vergi administrasiyasında 60 mindən çox adam işləyir. Onların hərəsinin öz vəzifəsi var. Əgər biz onların nə işlə məşğul olması, öz məqsəd və hədəflərinə çatmaları ilə bağlı məlumatsız olsaq, onda nəzarəti itirərik. Tutaq ki, biz vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicilərindən toplanmış məbləğə yönəlsək, normal vergilərin yığılmasına nəzarəti itirəcəyik. Bu səbəbdən də hər bir fəaliyyət üzrə idarəetməni həyata keçirmək üzrə indikatorlardan istifadə edirik.
KPI sisteminin tətbiqində əsas məsələ KPI-lərin düzgün seçilməsi və ya ölçülməsi, nəticələrin əldə olunmasından daha çox, onların təhlili və düzgün interpretasiya edilməsidir. Biz şəffaflıq prinsipini əsas götürürük, vergi administrasiyası şəffaf işləməlidir. Bu səbəbdən də əsas fəaliyyət göstəricilərini dərc edirik və hökumətə bu barədə hesabat veririk. Bizi xalq maliyyələşdirir. Həm vətəndaşlara, həm də hökumətə sübut etməliyik ki, bizə ödənilən məbləğləri dəyərləndiririk.

- Azərbaycanda KPİ sisteminin tətbiqi ilə bağlı təlim keçmək qərarınız haradan qaynaqlanır?

- Birləşmiş Krallığın İngiltərənin Xarici İşlər və Əməkdaşlıq Təşkilatı dünyada Birləşmiş Krallığın, bu ölkəyə tabe olan bütün təşkilatların hüquqlarının qorunması və hüquqlarının təşviq edilməsi ilə məşğul olur. Təşkilat təmsil etdiyim quruma müraciət edərək Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birgə vergi inzibatçılığı, xüsusilə də vergi idarəçiliyində KPİ sisteminin tətbiqi sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması üçün layihələrin həyata keçirilməsini təklif etmişdir.
Fəaliyyətim sırf bu sahə ilə bağlı olduğu üçün dəvəti qəbul etdim və təcrübəmi bölüşməyə gəldim. HMRC üçün Azərbaycan çox əhəmiyyətli bir ölkədir. Bizim beynəlxalq ticarət departamenti üçün bir neçə önəmli ölkə var ki, onların da biri Azərbaycandır.

- Azərbaycanla bağlı təəssüratlarınız...

- Azərbaycanı çox sevdim, insanlar çox istiqanlıdırlar. Burada müasirliklə tarixiliyin sintezini gördüm. Ən çox sevdiyim yerlər İçərişəhər və Bakı bulvarı oldu. Dilinizi öyrənməyə də marağım var. Artıq "salam", "necəsiniz?" kimi sadə ünsiyyət sözlərini öyrənmişəm. Yenidən buraya dəvət olsa, məmnuniyyətlə gələcəyəm. Digər sahələrdə təcrübələri olan həmkarlarımı da Azərbaycana gəlməyə həvəsləndirəcəyəm.

Müsahibəni hazırladı:
F. İKRAMQIZI