16 İyun 2019

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qaimələrin elektron formada təqdim edilməsi

2018-ci il yanvarın 1-dən, statusundan asılı olmayaraq, bütün vergi ödəyiciləri sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim olunması zamanı elektron qaimə-faktura verməlidirlər.

Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə daxildir. Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə müəyyən edilir.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin Qarşılıqlı əlaqələrin təhlili şöbəsinin rəhbəri Emil Əzizli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2016-cı il 16 dekabr tarixli Qanunun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli fərmanının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli qərarı ilə "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edildiyini bildirib:

"Qərarın 5-ci bəndində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməsi göstərilib. Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur".

E.Əzizlinin sözlərinə görə, təkcə cari ilin yanvar-aprel ayları ərzində 62.365 vergi ödəyicisi tərəfindən 4.287.952 elektron qaimə-faktura təqdim olunub, bu əməliyyatların dəyəri isə 16 milyard 435 milyon 589 min manatdan artıqdır.

Elektron qaimə-faktura onlayn rejimdə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") vasitəsilə elektron qaydada tərtib edilərək və ya "Lazımi proqramlar"dan istifadə olunmaqla oflayn rejimdə tərtib edildikdən və elektron imza (o cümlədən "Asan imza") vasitəsilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir. Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb olunmalıdır.

Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan
şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur

E.Əzizli qeyd edib ki, vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturasından ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: "Buna görə də sahibkarlara tövsiyə olunur ki, fəaliyyətlərində risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamaları üçün mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər".

Vergi Məcəlləsinn 58.13.-cü maddəsinə əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim olunmasına görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək lazımdır.

Fəxriyyə İKRAMQIZI