24 May 2019

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni inkişaf modeli daha çox sosial təminatın gücləndirilməsinə xidmət edəcək

Azərbaycanda yeni iqtisadi modelin formalaşması və bu modelə uyğun olaraq yeni inkişaf strategiyasının hazırlanması üzərində iş gedir. 2021-2025-ci illəri əhatə edəcək yeni model iqtisadi islahatların daha da dərinləşdirilməsini, "kölgə iqtisadiyyatı"nın həcminin azaldılması istiqamətində əlavə tədbirlərin gerçəkləşdirilməsini nəzərdə tutur. Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla müsahibənin mövzusu bu barədədir.

- Vahid müəllim, indi ölkəmizdə aparılan iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyur. Hazırkı vəziyyəti necə səciyyələndirmək olar?

- Ölkə rəhbəri Nazirlər Kabinetinin birinci rübün yekunlarına dair iclasındakı çıxışında bir sıra ciddi mesajlar verdi. Ümumi mesaj ondan ibarətdir ki, bu ilin birinci rübünün yekunlarının sosial-iqtisadi nəticələri gözləniləndən müsbətdir. Xüsusilə vergi sahəsində çox ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Bu, vergi yığımlarının artmasında da özünü göstərir. Bu ilin birinci rübündə vergi yığımları üzrə proqnozlar 110 faiz icra olunub. Proqnozların 10 faiz artıqlaması ilə yerinə yetirilməsi çox ciddi göstəricidir. Çünki vaxt var idi ki, vergi sistemində yığımları toplamaq, büdcə proqnozlarını yerinə yetirmək üçün sahibkarlara müəyyən təzyiqlər edilirdi, rübün axırında vergi planı inzibati yollarla doldurulurdu. Amma son vaxtlar bu cür inzibatçılıq metodlarına, demək olar ki, rast gəlinmir. Vergi ödəməli olan sahibkarlar, vergi ödəyiciləri öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirirlər. Bu sahədə nizam-intizam yaranıb və sahibkarlar artıq hər hansı təzyiqlə üzləşmirlər. Bütün bunlar şəffaflığın təmin edilməsi, xüsusən də vergi sistemində aparılan islahatların düzgün yerinə yetirilməsinin nəticəsidir. Bu gün vergi orqanları heç bir süni maneələr olmadan büdcə proqnozlarını artıqlaması ilə yerinə yetirə bilirsə, deməli, islahatlar düzgün aparılır. Amma arxayınlaşmaq olmaz, vergi sistemində həyata keçirilən islahatlar davamlı xarakter daşımalıdır. Ölkə Prezidentinin də dediyi kimi, bu cür islahatlar davam etdiriləcək. Qarşıdakı dövrdə, xüsusilə də gələn il vergi sistemi ilə yanaşı, digər iqtisadi strukturlarda da islahatların davamı gözlənilir. Növbəti ildə Vergi Məcəlləsinin bəzi müddəalarına da dəyişikliklər nəzərdə tutulur.

Bu gün vergi orqanları büdcə proqnozlarını artıqlaması ilə
yerinə yetirə bilirsə, deməli, islahatlar düzgün aparılır

- Sizcə, vergi islahatlarının növbəti mərhələsi hansı istiqamətlərdə davam etməlidir?

- Vergi sistemi iqtisadiyyatın güzgüsüdür. Bu, elə bir sahədir ki, iqtisadi fəaliyyətin real vəziyyəti və nəticələri məhz bu güzgüdə aydın görünür. Bu baxımdan, vergi sistemində islahatların davam etdirilməsi aktual olaraq qalır. Mən vergi islahatlarının növbəti mərhələsinin istiqamətlərini açıqlamaq istəmirəm, bunların bir qismi cənab Prezidentin Vergi Məcəlləsinin yeni müddəalarının tətbiqinə dair fərmanında da göstərilib. Amma növbəti mərhələdə həyata keçiriləcək islahatların əsas istiqamətlərini düzgün müəyyən etmək üçün analizlər və monitorinqlər aparılmalıdır. Harada ciddi problemlər varsa, əsas diqqəti ora yönəltmək lazımdır ki, vergi orqanları qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilsinlər, sahibkarlar və vergi ödəyiciləri fəaliyyətlərini yeni dəyişikliyə uyğun şəkildə davam etdirməkdə çətinliklə üzləşməsinlər. Müəyyən istiqamətlər var ki, orada da islahatlar aparılmalıdır. Məsələn, ƏDV-nin diferensiallaşdırılmasına çox böyük ehtiyac var. Elə mal və məhsullar var ki, onlara aşağı vergi qoyulmalıdır, amma biz bütün mallara 18 faizlik ƏDV tətbiq edirik. Bir sıra ölkələrdə iqtisadi inkişafı təmin etmək, ümumi daxili məhsulu stimullaşdırmaq məqsədilə vergi siyasətində diferensial hədlər müəyyən edilir. Bəzi mallar üçün ƏDV 8-10 faiz, bəziləri üçün 18 faiz, digərləri üçünsə 25 faiz təşkil edir. Azərbaycan iqtisadiyyatı hələ tam oturuşmadığına görə ƏDV-yə münasibətdə elə hədd müəyyənləşdirilməlidir ki, sahibkarlar rahat şəkildə biznesini qurub həm özlərinə, həm də büdcəyə pul qazandıra bilsinlər. Sadələşdirilmiş vergiyə münasibətdə də bir qədər yumşaldıcı islahatlara ehtiyac var. Bu sahədəki çətinlikləri aradan qaldırmaq üçün müəyyən monitorinqlər aparmaq, suallar qoymaq lazımdır: sahibkarların dərdi nədir? Onlar hökumət orqanları qarşısında hansı məsələləri qaldırırlar, hansı köməyi istəyirlər?... Bu sualları tam aydınlaşdırmaq üçün ciddi monitorinqlərə, hərtərəfli işlənib hazırlanmış təhlillərə böyük ehtiyac var. Məndə olan məlumata görə, hazırda Vergilər Nazirliyi bu cür monitorinq və təhlillər üzərində iş aparır. Çünki sahibkarlar və vergi ödəyiciləri hökumət orqanları qarşısında hansısa məsələləri qaldırırlarsa, deməli, bu istiqamətdə islahatların davam etdirilməsinə ehtiyac var.

Qeyri-neft sektoruna aid biznes strukturlarına vergi güzəştlərinin tətbiq
olunması "kölgə iqtisadiyyatı"nın azaldılması üçün ciddi zəmin yaradıb

- Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında yeni iqtisadi inkişaf modelinin tətbiqinə hazırlıq barədə də fikir səsləndirdi. Yeni inkişaf modeli özündə nəyi əks etdirir?

- Yeni inkişaf modeli hazırkı və qarşıdakı bir neçə illik dövr üçün çox mühüm əhəmiyyət daşıyır. "Yeni inkişaf modeli" dedikdə, daha çox vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəlik tədbirlərdən söhbət gedir. Heç kəsə sirr deyil ki, indiyədək dövlət investisiyalarının əsas hissəsi tikinti və infrastruktur layihələrinin maliyyələşməsinə yönəldilirdi. Məsələn, regionlarda elektrik enerjisi, təbii qaz və icməli su təchizatının yaxşılaşdırılması, yol infrastrukturunun genişləndirilməsi, mövcud yolların əsaslı təmiri, ictimai nəqliyyat sisteminin tamamilə yenidən qurulması kimi məsələlər hökumətin diqqət mərkəzində idi. Artıq bu sahələrin heç birində ciddi problemlər yoxdur və infrastruktur böyük həcmdə yenilənib.

İndi isə sosial məsələlərin həll edilməsinə daha çox diqqət yetirilməlidir. Xüsusilə də aztəminatlı ailələrin pensiya və müavinətlərinin artırılması, işsizliyin aradan qaldırılması yönündə tədbirlərin icrası hazırkı dövr üçün daha aktual hesab olunur. Fikir verirsinizsə, cənab Prezidentin son bir neçə ayda imzaladığı fərman və sərəncamların böyük əksəriyyəti məhz bu sahələrə aid tədbirlərin reallaşdırılmasını nəzərdə tutur. Yaxın perspektivdə bu islahatların daha da dərinləşməsinə böyük ehtiyac var. Dövlət başçısının banklarda kredit borcu olan vətəndaşlara dəymiş ziyanın kompensasiya edilməsi üçün imzaladığı sərəncam bu mənada çox vacib addım idi və əhali tərəfindən böyük rəğbətlə qarşılanıb. İndi məhkəmə-hüquq sistemində də islahatların başlanması üçün ciddi hazırlıq işləri aparılır. Bu islahatların vergi sistemində olan dəyişikliklər kimi ümumi inkişafa, şəffaflığa, hüquqların təminatına gətirib çıxaracağını gözləyirik. Yəni yeni inkişaf modeli, mənim fikrimcə, daha çox sosial təminatın gücləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.

- Son vaxtlar Strateji yol xəritələrinin hədəflərinin bir qədər dəyişdirildiyi barədə fikirlər səsləndirilir. Bu, nə dərəcədə əsaslıdır və strategiyadakı əsas dəyişiklik nədən ibarət ola bilər?

- Adından da göründüyü kimi, Strateji Yol Xəritəsi Azərbaycan iqtisadiyyatının əsas inkişaf istiqamətlərini müəyyənləşdirir. 2050-ci ilədək dövrü əhatə edən bu konseptual sənəddə çox ciddi islahatların həyata keçirilməsi nəzərdə tutulur. Amma dünyada elə proseslər baş verir ki, heç bir ölkə özünün hazırladığı inkişaf modelini həyata keçirərkən kənarda baş verən amilləri nəzərə almaya bilməz. Bir neçə il əvvəl təsdiq edilmiş Strateji Yol Xəritəsinə dair Konsepsiyada 11 sahə üzrə inkişaf planları əksini tapıb. Prezidentin müşaviri Natiq Əmirov Nazirlər Kabinetinin iclasında məlumat verdi ki, indiyədək Strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin 50 faizindən çoxu yerinə yetirilib. Doğrudan da bu sahədə irəliləyişlər var və bunu heç kəs inkar edə bilməz. Amma islahatların gedişində müəyyən dəyişikliklərin olması mümkündür. Qeyd etdiyim kimi, son vaxtlar cənab Prezident hökumətə və dövlətin iqtisadi strukturlarının rəhbərlərinə sosial layihələrə daha çox diqqət yetirilməsi barədə ciddi tapşırıqlar verib. Elə layihələr var ki, onların həyata keçirilməsi Azərbaycan üçün çox önəmlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Ərzurum qaz xətti, TANAP və TAP kimi beynəlxalq miqyaslı layihələr davam etdiriləcək. Yəni bu layihələrin ləngidilməsi, yaxud maliyyələşmənin müəyyən qədər azaldılması kimi məsələlər gündəmdə deyil. Əksinə, Azərbaycan hökuməti çalışır ki, bu cür beynəlxalq əhəmiyyətli layihələr mümkün qədər tez reallaşdırılsın. Biz tezliklə TAP layihəsini başa çatdırmalıyıq ki, gələn il Avropaya qaz nəqlini reallaşdıra bilək. Ona görə də Strateji yol xəritələrinin müəyyən hissəsində dəyişikliklər ola bilər, ancaq bu, qarşıya qoyulmuş strategiyanın istiqamətini, yaxud hədəflərini dəyişmək demək deyil. Əksinə, Strateji Yol Xəritəsinə dair Konsepsiyada nəzərdə tutulmuş islahatlar daha da dərinləşəcək.

- Vergi islahatlarının məşğulluğa təsirini, "gizli iqtisadiyyat"ın azaldılmasında rolunu necə qiymətləndirirsiniz?

- Bunlar, ilk növbədə, sahibkarlara yardım məqsədi daşımalıdır. Azərbaycanda "kölgə iqtisadiyyatı"nın səviyyəsi yüksək olduğu üçün cənab Prezidentin Vergilər Nazirliyinin qarşısında qoyduğu əsas vəzifələrdən biri bu məsələni əhatə edir. Vergi sistemindəki islahatlar bu sahədə irəliləyişlərə nail olmaq üçün geniş imkan yaradıb. Son bir il ərzində "kölgə iqtisadiyyatı"nın həcmində xeyli azalmalar var. Amma hələlik faiz nisbəti yüksək olaraq qalır. Buna görə də islahatlar iqtisadiyyatın digər sahələrini də əhatə etməlidir. Vergi sisteminin timsalında artıq müsbət bir nümunə var. Deməli, ciddi hesablamalara əsaslanan islahatlar dəyişikliklərin xarakterinə uyğun olaraq, müəyyən müddətdən sonra öz bəhrəsini verir. Qeyri-neft sektoruna aid biznes strukturlarına vergi güzəştlərinin tətbiq olunması, işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin bağlanması "kölgə iqtisadiyyatı"nın azaldılması üçün ciddi zəmin yaradıb. Nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində atılan addımlar, ödənişlərin POS-terminallar vasitəsilə həyata keçirilməsi üçün stimullaşdırıcı tədbirlər, Vergilər Nazirliyi tərəfindən yeni nəsil kassa aparatlarının tətbiqi istiqamətində görülən işlər də yaxın vaxtlarda öz müsbət nəticələrini verəcək.

Elxan SALAHOV