16 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar sığorta üzrə dövlət qurumu yaradılacaq

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Aydın Hüseynovla müsahibə "Aqrar sığorta haqqında" Qanuna həsr olunub. 

- Aydın müəllim, aqrar sığorta ilə bağlı qanunun hazırlanması hansı zərurətdən yarandı?

- Azərbaycanda qeyri-neft sektorunun əsas sahələrindən biri kimi kənd təsərrüfatının inkişaf etdirilməsi əsas hədəflərdəndir. Aqrar sahədə sahibkarları təşviq etmək, onların problemlərinə diqqəti artırmaq üçün əsas vasitələrdən biri sığorta mexanizmidir. Birinci oxunuşda qəbul edilmiş "Aqrar sığorta haqqında" qanun layihəsi ölkəmizdə aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Bu qanunun tələblərinə görə, aqrar sığortanın predmeti bunlar sayılır: kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları; kənd təsərrüfatı heyvanları; ev quşları; arı kötükləri; kənd təsərrüfatı məqsədləri üçün yetişdirilən dovşanlar, su heyvanları, dəvə, lama və dəvə quşları. Aqrar sığortanın sadalanan predmetlərinin tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. İstehsalı, emalı, idxalı və dövriyyəsi qadağan edilən kənd təsərrüfatı məhsulları aqrar sığortanın predmeti ola bilməz. Bu tələbə riayət olunması qaydası sığorta qaydaları ilə müəyyən edilir.

Sənəd aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu və nəhayət, üçüncü şəxslərin hərəkətləri kimi risklərin bir və yaxud bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır.

Yeni qanun aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə
sığortalanması ilə bağlı münasibətləri tənzimləyəcək, aqrar sığortanın
hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək

- Hazırda aqrar sığorta sektorunda vəziyyəti necə qiymətləndirərdiniz?

- Kənd təsərrüfatı bir sıra risklərin təsiri altındadır. Bu risklər təbii, iqtisadi və sosial xarakter daşıyır. Aqrar sahədə texniki tədbirlərlə qarşısını almaq mümkün olmayan risklərin tez-tez baş verməsi, ümumiyyətlə, gəlir səviyyəsi aşağı olan fermerləri çox çətin vəziyyətə salır, onların səylərinə mənfi təsir edir. İnkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrdə kənd təsərrüfatı sığortalarının tətbiqi ilə bu fəlakətlərin səbəb olduğu zərərlərin qarşısı alınır. Təbii risklərin başında dolu, yanğın, quraqlıq, fırtına və sel fəlakəti gəlməkdədir. Bu risklərin yaradacağı ziyanların tamamilə qarşısını almaq mümkün deyil. Bu səbəbdən sığorta - təşəbbüskarın zəmanətidir. Başqa sözlə, fəlakətlərə qarşı texniki tədbirlər yetərli olmadıqda kənd təsərrüfatı sığortaları ziyanın aradan qaldırılması üçün zəmanət yaradır. Aqrar sığorta istehsalçının gəlirlərində sabitliyi təmin edir, yeni texnologiyaların tətbiqinə dəstək verir.

- Sığorta şirkətlərinin bu sahəyə marağını artırmaq üçün hansı tədbirlərə ehtiyac vardır?

- Bu sistemdə sığortaedilənlər yaradılacaq şirkətin sahibi olacaqlar. Burada sığortaçılardan yığılan vəsaitin çox olması, sığorta ödənişini etməmək kimi məsələlərə yer olmayacaq. Burada məqsəd kənd təsərrüfatı sığortasını inkişaf etdirməkdir. Buna görə də müştərək sığorta modelini tətbiq etmək istəyirik. Əsas stimullaşdırıcı vasitə isə dövlətin bu modeldə iştirakıdır. Aqrar sığorta üzrə dövlət qurumu yaradılacaq - bu, fond da ola bilər, agentlik də. Bu qurumun müxtəlif dövlət orqanlarının nümayəndələrindən ibarət himayəçilik şurası formalaşdırılır və onun rolu dövlətin bu sahəyə ayırdığı subsidiyaları tənzimləmək, eyni zamanda gələcəkdə sığorta haqlarının yığılması, onun maliyyə davamlılığının təmin edilməsi, dövlətin risklərinin tənzimlənməsidir. Bununla yanaşı, aqrar sığorta orqanının yanında bir idarəedici şirkət təsis olunur. Həmin şirkət fonddan (və ya agentlikdən) və prosesdə iştirak edəcək sığorta şirkətlərinin bərabər payı əsasında maliyyələşən açıq tipli səhmdar cəmiyyəti olacaq. "Sığorta haqqında" Qanuna əsasən, Azərbaycanda sığortaçı yalnız ASC olmalıdır. İdarəedici şirkət fondla mülki müqavilə əsasında fəaliyyət göstərəcək.

Özəl şirkətlərlə əməkdaşlıq iki istiqamətdə aparılacaq. Birincisi, idarəedici şirkətin səhmdarlarını özəl sığorta şirkətləri təşkil edəcək. Onlar satışla məşğul olacaq, satdıqları sığorta məbləğindən faiz əldə edəcəklər. Sığorta hadisəsi baş verdikdə isə idarəedici şirkətin cəlb etdiyi müstəqil ekspertlər qiymətləndirmə aparacaqlar. Bu ekspertlərin hava-iqlim şəraiti haqqında məlumatlara çıxışı olacaq. Yəni onların sığorta hadisəsinin (yağış, dolu və sair) baş verməsini bilmələri üçün harasa getmələrinə, yaxud fermerin müraciət etməsinə ehtiyac olmayacaq - bu məlumatlar onlara elektron formada veriləcək. Bundan sonra onlar hadisə yerinə gedib, elektron resurslar vasitəsilə sığorta hadisəsini qeydə alacaqlar. Bunun əhəmiyyəti odur ki, sığorta hadisəsini qeydə alan sığorta şirkətinin nümayəndəsi deyil, müstəqil ekspertlər olacaq. Bu zaman artıq sığorta hadisəsinin qeydə alınmaması, yaxud dəyən zərərin düzgün qiymətləndirilməməsi kimi halların qarşısı alınmış olacaq.

- Yeni qanun nəyi dəyişəcək, aqrar sahədə çalışan sahibkarlara hansı faydası olacaq?

- Azərbaycanda əhalinin təxminən yarısı kənd yerlərində yaşayır. Ölkə üzrə məşğul əhalinin təxminən bir o qədəri də kənd yerlərinin payına düşür. Bu baxımdan, aqrar sahənin ölkə həyatında əhəmiyyəti çox böyükdür. Sığorta iqtisadi-maliyyə məhsuludur. Bu məhsulun olması kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxış imkanı deməkdir. Sığorta aqrar sahəyə biznes marağını artırır, investisiyaları təşviq edir. Digər tərəfdən, aqrar sahədə sığortanın tətbiqi bu sahədə dayanıqlı inkişafı təmin edir, istehsalı artırır, dolayısı ilə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına dəstək verir. Ümumiləşdirsək, aqrar sığorta kənd təsərrüfatı üzrə maliyyə resurslarına çıxış imkanlarının təkmilləşdirilməsi, bu sahəyə biznes marağının artırılması və investisiyaların təşviqi və nəhayət, davamlı inkişaf və dayanıqlığın güclənməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.

- Bəs bu yenilik sığorta şirkətlərinə nə kimi fayda verəcək?

- Qanun aqrar sahədə riskləri sığorta edəcək. Yəni mülkiyyətçilərə sığorta üzrə təminat veriləcək. Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə təbii risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanacaq. Bunlar təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanları hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləridir. Beləliklə, yeni qanun aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyəcək, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.

- "Aqrar sığorta haqqında" Qanunun ümumi iqtisadi inkişafa təsiri necə olacaq?

- Kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi aqrar sahəyə biznesin marağını və investisiyaları artıracaq, istehsalın yüksəlməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına, eləcə də kənd təsərrüfatı məhsullarının idxalından ixracına keçidinə imkan verəcək. Kənd təsərrüfatı sığortası mexanizminin təkmilləşdirilməsi nəticəsində əldə olunan imkanlar, göstərilən müsbət nəticələrlə yanaşı, kənd əhalisinin həyat səviyyəsinin artması ilə bağlı urbanizasiyanın və ölkədən miqrasiyanın qarşısı alınacaq, yeni iş yerlərinin açılmasına imkan yaradılacaq və kənd təsərrüfatı sahəsinə dəstək məqsədli maliyyə alətlərinin aktivləşməsinə gətirib çıxaracaq.

Fərqanə ALLAHVERDİQIZI

VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır”