28 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda iqtisadi inkişaf möhkəm əsaslar üzərində qurulub

Müsahibimiz Milli Məclisin deputatı, iqtisadçı Tahir Mirkişilidir

- Tahir müəllim, ölkədə həyata keçirilən iqtisadi islahatların real nəticələrini necə qiymətləndirirsiniz?

- İqtisadi və idarəetmə sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində 2018-ci ildə ölkə iqtisadiyyatı artım nümayiş etdirib və əlavə mənbələr hesabına dövlət büdcəsinin gəlirləri artıb. 2019-cu ilin ilk ayı ərzində vergi və gömrük sahəsində əlavə 105 milyon manat vəsait yığılıb ki, bu da islahatların iqtisadi artıma müsbət təsirindən xəbər verir. Belə bir şəraitdə artan iqtisadi imkanlardan əhalinin sosial rifah halının yüksəldilməsinə sərf olunması dövlət başçısının sosial təşəbbüslərinin daha da gücləndirilməsi deməkdir. 2 milyon 200 min insanı əhatə edən sosial artımlar vətəndaşlarımızın həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, ölkədə iqtisadi aktivliyi daha da canlandıracaq.

- Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının imzaladığı fərman da vətəndaşlar tərəfindən çox yüksək dəyərləndirilir. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan Prezidentinin problemli kreditlərlə bağlı imzaladığı fərman dünyada rast gəlinən nadir hallardan biridir. Bu problemin həll edilməsi dövlət-vətəndaş münasibətlərində etibar və dəstək amilini daha yüksək səviyyəyə qaldırdı. Problemli kreditlər iqtisadi inkişafın qarşısında mühüm bir maneə kimi dayanmışdı. Nəhayət, bu problem aradan qaldırıldı. Azərbaycanda manatın devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı idi və bu problem getdikcə daha da dərinləşirdi. Onu da deyək ki, bu sahədə dövlətin üzərinə hüquqi və ya maliyyə öhdəliyi düşmürdü: bu məsələlər müqavilələrlə vətəndaş və özəl sektor arasında tənzimlənirdi.

Sürətli iqtisadi islahatlar, enerji resurslarının ixracından asılılığın azaldılması,
qeyri-neft sektorunun inkişafının prioritet seçilməsi Azərbaycan iqtisadiyyatına
xarici amillərin təsirini aşağı salıb, iqtisadi artım tempinin bərpa edilməsinə imkan yaradıb

Lakin dövlət tərəfindən qısa müddətdə həyata keçirilən sürətli iqtisadi islahatlar, enerji resurslarının ixracından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının prioritet seçilməsi Azərbaycan iqtisadiyyatına xarici amillərin təsirini azaldıb, iqtisadi artım tempinin bərpa edilməsinə imkan yaradıb. Məsələ burasındadır ki, son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi, digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının həlli istiqamətində də dövlət dəstəyinin göstərilməsi üçün münbit şərait yaradıb. Bu, bir daha göstərdi ki, ümumi problemlərin həllində dövlət hər zaman təşəbbüs göstərməyə, bunun üçün kifayət qədər vəsait ayırmağa hazırdır. Burada söhbət kifayət qədər böyük məbləğdən, ümumilikdə 1 milyard manatdan çox vəsaitin ayrılmasından gedir.

- Bu prosesdə maliyyə durumu zəif olan bankları nə gözləyir?

- Banklara dəstək məqsədilə 682 milyon manat həcmində illik 0,1 faiz dərəcə ilə 5 illiyə vəsait ayrılması nəzərdə tutulub. Əslində, bu fərman bütün banklara böyük dəstəkdir. Çünki kreditlərin ödənməməsi bankların maliyyə durumunu xeyli çətinləşdirir, yeni kredit layihələrinin həyata keçirilməsinin qarşısını alır. Vətəndaşa və banka kömək etməklə dövlət bu problemin hər iki tərəf üçün həllinə nail olur.

- Vergi sistemində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı islahatlar davam etdirilir. Sizcə, bu sahədə hansı irəliləyişlər müşahidə olunur?

- Müşahidələr göstərir ki, Vergi Məcəlləsində bu ilin əvvəlindən qüvvəyə minmiş dəyişikliklər fiziki və hüquqi şəxslərin fəaliyyəti üçün geniş imkan, əlverişli zəmin yaradır. İlin ilk ayında vergi yığımının səviyyəsinin artması bunu deməyə əsas verir. Yeni dəyişiklik və əlavələr sahibkarların öz fəaliyyətlərini şəffaf qurmaları üçün stimul yaradacaq. Əksər sahibkarlar bir həqiqəti qəbul edirlər ki, uçotun düzgün aparılması rəqabətdə qalib gəlməyin və gəlirlərin artırılmasının əsas şərtidir. Yeni dəyişikliklər həm də bunu təşviq edir. Düşünürəm ki, aparılan iqtisadi islahatlara uyğun olaraq, Vergi Məcəlləsi də daim təkmilləşdirilməlidir. İqtisadiyyatdan və sahibkarlardan gələn sosial və iqtisadi sifariş də bunu deməyə əsas verir. Hələlik ölkəmizdə bazar subyektlərinin yeni dəyişikliklərə uyğunlaşması prosesi gedir və əminliklə demək olar ki, tezliklə müsbət nəticələrin əldə edilməsinin şahidi olacağıq...

Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb