29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqəmsal ödənişlərin artırılması prioritet istiqamətlərdəndir

"Rəqəmsal ödənişlərin artırılması hökumətə "kölgə iqtisadiyyatı"nın həcmini azaltmaqla fiskal dayanıqlığın yüksəlməsinə, eləcə də dövriyyələrin bank sektoru vasitəsilə aparılmasına və Mərkəzi Banka öz monetar siyasətinin effektivliyini gücləndirməyə kömək edir". Bu barədə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin rəhbəri Kəmalə Qurbanova iqtisadi şaxələnməyə həsr olunmuş forumda vurğulayıb. Qeyd edib ki, nağd iqtisadiyyatın yüksək səviyyədə olması hər hansı ölkəni inkişaf üçün zəruri olan ucuz investisiya imkanlarından məhrum edir, bank sektorunun maliyyə vasitəçiliyini daraldır, nəticədə vergidən yayınma, iqtisadi subyektlər arasında dövriyyələrdə qeyri-şəffaflıq kimi problemlərə səbəb olur.

Rəqəmsal ödənişlərin artırılmasının maliyyə institutlarına təsirinə gəlincə, bildirilib ki, bu, onların resurs imkanlarını artırır: "Təbii ki, nağdsız dövriyyə bank sektoruna maliyyə xidmətlərinin dəyərini aşağı salmağa, pul və kapital bazarı üzrə alətlərin arsenalının genişləndirilməsinə imkan verəcək, biznes subyektlərinə, eləcə də istehlakçılara ucuz maliyyə xidmətləri və resurslarından yararlanmağa şərait yaradacaq. Bu da, təbii ki, öz növbəsində həm istehlakı, həm də istehsalı artırır və nəticədə yeni iş yerlərinin açılmasına, iqtisadiyyatın daha dayanıqlı inkişafına təkan verir".

K. Qurbanova dünya ölkələri üzrə aparılan iki tədqiqatın nəticələrini açıqlayıb: "Moody’s" beynəlxalq təhlil şirkətinin 70 ölkə bazasında apardığı tədqiqatın nəticəsinə görə, 4 il ərzində rəqəmsal ödənişlərin artırılması həmin ölkələrdə ÜDM-in 296 milyard ABŞ dolları həcmində artması, 2,6 milyon yeni iş yerinin yaradılması ilə nəticələnib: "Bakı da daxil olmaqla, "VISA"nın 100 şəhərdə apardığı tədqiqatlara əsasən isə 15 il ərzində rəqəmsal ödənişlərin artırılması nəticəsində ÜDM-ə 470 milyard dollar əlavə töhfə veriləcəyi, 5 milyona yaxın yeni iş yerinin yaradılacağı proqnozlaşdırılıb".

Nağdsız dövriyyə bank sektoruna maliyyə xidmətlərinin dəyərini aşağı salmağa, pul və kapital bazarı üzrə alətlərin arsenalının genişləndirilməsinə imkan verəcək, biznes subyektlərinə, eləcə də istehlakçılara ucuz maliyyə xidmətləri və resurslarından yararlanmağa şərait yaradacaq

Azərbaycanda rəqəmsal ödənişlərin artırılması hər zaman prioritet istiqamətlərdən biri olub. Ölkəmizdə yaradılan milli ödəniş sistemi infrastrukturu regionda funksional imkanlarına görə seçilir. K.Qurbanova bu sistemin əsasının 2001-ci ildə qoyulduğunu, növbəti mərhələlərdə Hökumət Ödəniş Portalının, Banklararası Kart Mərkəzinın yaradıldığını xatırladıb: "Bütün bunların sayəsində ölkənin kart infrastrukturu, ödəniş sistemi, bank xidmətləri göstərən təşkilatlar və "Azərpoçt" tam şəkildə inteqrasiya edilməklə fəaliyyət göstərir. Yaradılan sistem təsərrüfat subyektlərinə, biznesə öz ödənişlərini təhlükəsiz həyata keçirməyə imkan verir".

Azərbaycanda rəqəmsal ödənişlərin artım dinamikası da açıqlanıb. Bildirilib ki, Milli Ödəniş Sistemi üzərindən aparılan dövriyyə son 3 il ərzində 79 faiz artaraq 274 milyard manat təşkil edib. Bu müddətdə kartlarla ödənişlərin həcmində 136 faiz artım olub və 2 milyard 850 milyon manata çatıb. Elektron ticarətin dövriyyəsi son 3 ildə sürətlə artıb. 2018-ci ildə bu göstərici 1,49 milyard manat təşkil edib. Rəqəmsal ödənişlərlə bağlı Dövlət Proqramının icrasına toxunan K.Qurbanova bunun nəticəsində 5 il ərzində nağdsız ödənişlərin 52 milyard manat artacağının, nağd iqtisadiyyatın çəkisinin isə 34 faiz azalacağının proqnozlaşdırıldığını bilidirib.

Mərkəzi Bankın 2 strateji layihəsi barədə məlumat verilərək bildirilib ki, onlardan biri ani ödəniş sistemidir: "Qeyd olunan sistem 40-a yaxın ölkədə tətbiq edilir. Bu, insanlara öz ödənişlərini saniyələr ərzində həyata keçirməyə imkan verir. Bu ilin sonunda başa çatacaq birinci mərhələdə fiziki şəxslər arasında kart istifadə etmədən bank hesablarına bağlanan telefon nömrələri vasitəsilə ödəniş aparmaq imkanı yaradılacaq. Növbəti mərhələdə isə artıq digər müasir ödəniş alətlərinin tətbiqi gözlənilir. Digər layihə blokçeyn texnologiyası üzrə rəqəmsal ödəniş sistemidir. Bu layihənin isə 2019-cu ilin sonunda istismara veriləcəyi planlaşdırılır".

Fərqanə ALLAHVERDİQIZI

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb