12 Avqust 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron ticarət ənənəvi ticarətin rəqibinə çevrilir

Bu gün həm ayrı-ayrı ölkələr çərçivəsində, həm də qlobal səviyyədə pərakəndə ticarətin öncə tərəfdaşı, sonra isə rəqibinə çevrilən elektron ticarət sayəsində sahibkarlar, ticarətçilər və şirkətlər öz müştərilərinə alternativ satış kanalı təmin etməklə kifayətlənmir, əksinə, "offlayn" müştəri kütləsinə paralel olaraq yeni və fərqli müştəri qrupu əldə edirlər.

Elektron Ticarət İcmasının rəhbəri Rəşad Camal bildirib ki, son zamanlar xarici ölkələrdən alınan əmtəələrin dəyərinin müəyyən səbəblərdən artması müştəriləri daha sərfəli və əlçatan mallar almağa sövq edir: "Azərbaycanda elektron ticarət sürətlə inkişaf etdiyi bir şəraitdə "Amazon", "Alibaba", "eBay" kimi elektron ticarət platformalarına sadiq alıcıların bir qismi yerli elektron ticarətçilərə müraciət edə bilər. Digər ölkələrin qanunvericiliyi ilə müqayisədə Azərbaycanda e-ticarət haqqında qanun sahibkarlar və şirkətlər üçün daha yumşaqdır.

Bu gün Azərbaycanda bankların elektron ticarət ekosisteminə qoşulması ilə rəqəmsal və biznes imkanları maliyyə resurslarının idarə edilməsi imkanları ilə qovuşur. Banklar elektron ticarət sistemində müştərilərin elektron ticarət əməliyyatlarını yerinə yetirən funksiyadan daha çox maliyyə tərəfdaşı rolunu oynayırlar. Elektron ticarət dövriyyələrinin vasitəçisiz birbaşa olaraq bank hesablarında toplanması sahibkarlara əlavə üstünlüklər verir. Bir çox bankların təmin etdiyi ödənişin təhlükəsizlik sistemi (fraud management system) satış prosesində sahibkarlar üçün arzuolunmaz halların qarşısını ala bilir. Sahibkarların tədarükçü zənciri üzrə tərəfdaşlarının eyni bankın xidmətlərindən istifadə etməsi biznes proseslərinin daha çevik və fasiləsiz aparılmasını təmin edir. Öz prosessinq mərkəzi olan banklar e-ticarət həllərindən istifadə edən müştərilərinin alış-veriş vərdişlərini daha dərindən tədqiq edə bilirlər.

Banklar ölkədə elektron bazarların formalaşmasını sürətləndirir. Bu bazarlar satıcı qismində çıxış edən fermer, istehsalçı və s., eləcə də alıcı qismində çıxış edən sahibkar, şirkətlər arasında münasibətləri tənzimlədiyinə görə, banklar kommersiya münasibətlərini müxtəlif növ maliyyələşdirmə üsulları ilə daha da optimallaşdırırlar. İxrac yönümlü beynəlxalq əməkdaşlıq şəraitində bankın satıcıya təminat verməsi real təcrübədir.

Bu gün Azərbaycanda elektron ticarətin inkişafını ləngidən amillərin aradan qaldırılması istiqamətində addımlar atılır: infrastrukturun lazımi səviyyədə olmaması, poçt sisteminin zəifliyi, elektron məkanda müştəri ehtiyacının keyfiyyətli ödənilə bilməməsi kimi problemlər həll edilir. Vergi Məcəlləsinə görə, elektron ticarət fəaliyyətindən gəlir əldə edən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyətdən əldə olunan gəlirdən tətbiq etdikləri vergitutma sistemindən (sadələşdirilmiş vergi, mənfəət (gəlir) vergisi) asılı olaraq Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergiləri hesablayıb dövlət büdcəsinə ödəməli və müvafiq bəyannamələri vergi orqanına təqdim etməlidirlər.

Azərbaycanda elektron hökumətin imkanları getdikcə artır.

Dövlət qurumlarının göstərdikləri elektron xidmətlərin sayı və çeşidi də çoxalır

İqtisadçı ekspert Samir Əliyev bildirib ki, "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsinə, iqtisadi dövriyyələri şəffaflaşdırmaqla nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcəkdir: "Azərbaycanda elektron hökumətin imkanları getdikcə artır. Dövlət qurumlarının göstərdikləri elektron xidmətlərin sayı və çeşidi də çoxalır. Artıq dövlət büdcəsinə ödənişlərin (vergilər, rüsumlar, cərimələr və s.) aparılması tam elektronlaşdırılıb. Hər bir vətəndaş və ya biznes subyekti internet vasitəsilə mobil və ya internet bankçılığın, o cümlədən plastik kartların köməyi ilə bu ödənişləri edə bilir. Proqramın hədəflərindən biri də elektron ticarətin genişləndirilməsidir. Elektron ticarətin böyüməsi üçün əsas şərt iqtisadi subyektlər arasında nağdsız dövriyyənin artmasına və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşmasına nail olmaqdır. Bu gün dünyada elektron ticarətin həcmi sürətlə artır. İnsanlar bu platforma vasitəsilə evində oturub dünyanın istənilən ölkəsində satılan malı internet üzərindən sifariş verərək gətizdirir. Azərbaycanda pərakəndə satışlarda elektron ticarətin payı 0,2 faiz təşkil edir".

Ekspertin sözlərinə görə, elektron ticarətin dünya göstəricilərindən geri qalmasının əsas səbəbi elektron ödənişlər üçün zəruri infrastrukturun olmaması və əhalinin maliyyə savadlılığının zəifliyidir: "Elektron ticarətin inkişafı üçün üç tərəfin - hökumətin, sahibkarın, əhalinin üzərinə məsuliyyət düşür. Hər üç tərəf öz öhdəliklərini yerinə yetirsə, nəticə əldə etmək olar. Əhalinin əsas məsuliyyəti maliyyə savadlılığının artırılması, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkar istehsal və ya idxal etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin prosesə marağını artıra bilər. Dövlət isə sahibkarlara texniki və maliyyə dəstəyi verməklə elektron ticarəti təşviq edə bilər".

Vergi Məcəlləsinə nəzərdə tutulan son dəyişikliklərin üstünlüklərindən biri də nağdsız ödənişlərə görə sahibkarlara vergi güzəştinin tətbiqinin nəzərdə tutulmasıdır. S.Əliyevin sözlərinə görə, bu güzəştlər sahibkarları elektron məhsul satışına maraqlandıra bilər. "Elektron ticarətin ənənəvi ticarətdən fərqli üstünlükləri və çatışmazlıqları var. Üstünlüklər budur ki, elektron ticarət vasitəsilə alınan malın qiyməti daha ucuz, çeşidi daha zəngin olur. Dünyanın hər hansı ölkəsindən mal almaq üçün həmin ölkəyə getməyə ehtiyac qalmır. İnternet vasitəsilə istənilən çeşiddə, ölçüdə, rəngdə mal almaq olur. Əsas çatışmazlıq isə alınan malın geri qaytarılmasında yaranan çətinliklərdir: bəzən ölçülər uyğun gəlmir, sifariş verilən malın ünvana gəlməsi üçün xeyli zaman tələb olunur. Bütün bunlara baxmayaraq, elektron ticarət getdikcə ənənəvi ticarətin ciddi rəqibinə çevrilir".

Fəxriyyə İKRAMQIZI