29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi qanunvericiliyi nağdsız ödənişlər üçün stimul yaradır

Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələrinə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın və hüquqi şəxslərin büdcəyə ödənilməli olan gəlir və mənfəət vergisinin məbləğinin 3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılması nəzərdə tutulur.

İqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş bu dəyişikliyin - nağdsız dövriyyə üçün POS-terminaldan istifadəni və sadələşdirilmiş verginin ödəyicilərinin gəlir (mənfəət) vergisi ödəyicisi olmaq üçün keçid prosesini stimullaşdırmaq kimi iki əsas məqsədi var: "Birinci məqsədlə bağlı iki məqama diqqət yetirilməlidir: güzəşt tətbiq olunan dövriyyə dedikdə, sırf POS-terminallar vasitəsilə aparılan dövriyyə əsas götürülür. Yəni hər hansı şəxsin bank hesablaşması vasitəsilə ödənişinə bu güzəşt tətbiq edilməyəcək. İkinci məqam odur ki, güzəştin tətbiqi zamanı POS-terminalla ödəniş edən şəxsin vergi uçotuna alınmaması, yəni əhalidən olması mütləq şərtdir.

İkinci məqsədə - sadələşdirilmiş vergi ödəyicilərinin gəlir (mənfəət) vergisi ödəciyisi olmaq üçün keçid prosesini stimullaşdırmaq məsələsinə gəlincə, Vergi Məcəlləsinə əsasən, ardıcıl 12 ay üzrə dövriyyəsi 200 min manat təşkil edən pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlar sadələşdirilmiş vergini tətbiq edə bilərlər. Bu dövriyyəni keçən pərakəndə satışla məşğul olan şəxslər sadələşdirilmiş vergi hüquqlarını itirsələr də, ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlar 2 faiz deyil, 8 faiz vergi ödəməklə sadələşdirilmiş verginin ödəyicisi hüququnu saxlaya bilərlər".

Ardıcıl 12 ay üzrə dövriyyəsi 200 min manat təşkil edən pərakəndə satış və ictimai iaşə
fəaliyyəti ilə məşğul olan sahibkarlar sadələşdirilmiş vergini tətbiq edə bilərlər

Qeyd olunub ki, güzəştin tətbiqi pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə daha az gəlir və ya mənfəət vergisi ödəmək imkanı qazandırır: "Nağdsız dövriyyəyə əsasən tətbiq edilən güzəşti daha aydın anlamaq üçün bir misala müraciət edək: Pərakəndə ticarətlə məşğul olan "AA" MMC-nin ümumi gəliri 2.000 manat olub. Həmin gəlirin 1.500 manatı nağdsız, 500 manatı nağd formada həyata keçirilib. Sahibkarın xərcini 1.200 manat hesab etsək, yekun gəlir 800 (2000-1200) manat təşkil edəcək. Nağdsız dövriyyə ilə bağlı güzəşti tətbiq etmədiyimiz halda, "AA" MMC-nin hesablanmış mənfəət vergisi 160 (800 x 20 faiz) manat təşkil etməlidir.

İndi isə güzəştin tətbiq olunacağı halda mənfəət vergisini hesablayaq. Əvvəlcə nağdsız dövriyyənin xüsusi çəkisini tapırıq: (1.500 manat (nağdsız dövriyyə) /2.000 manat (ümumi gəlirə)) = 0,75.Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, nağdsız dövriyyənin xüsusi çəkisinə 25 faizlik güzəşt faizini tətbiq edirik: 0,75 (nağdsız dövriyyənin xüsusi çəkisi) x 25 faiz (tətbiq olunan güzəşt) =0,1875. İndi isə güzəşt tətbiqi nəticəsində alınan xüsusi çəkiyə uyğun mənfəət vergisinə tətbiq edilən güzəşt məbləğini hesablayaq: 160 (mənfəət vergisi) x 0,1875 (güzəşt tətbiq etməklə alınan xüsusi çəki) = 30 manat. Göründüyü kimi, "AA" MMC-nin nağdsız dövriyyəyə güzəştinin tətbiqi nəticəsində formalaşan mənfəət vergisi 30 manat azalaraq 130 (160 (mənfəət vergisi) - 30 (güzəşt məbləği) manat təşkil edir.

Fəxriyyə İKRAMQIZI

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb