29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aqrar islahatlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır

Son dövrlər respublikamızda aqrar sektorda həyata keçirilən kompleks tədbirlər, bu sahənin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi ilə bağlı suallarımızı Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov cavablandırır.

- Azər müəllim, aqrar islahatların müasir mərhələsində strateji yanaşmanın əsasını nə təşkil edir?

- Ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və yüksək artımın təmin olunması dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir. Qeyri-neft sektorunda aqrar sahə xüsusi önəm daşıyır. Ən çox islahatlar aparılan və dövlət dəstəyi göstərilən istiqamət kimi aqrar sahənin modernləşdirilməsi, intensiv inkişaf mexanizmlərinin daha çevik tətbiq edilməsi və fermerlərin maddi rifahının yüksəldilməsi dövlət siyasətində əhəmiyyətli yer tutur. Aqrar sahənin inkişafı ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı, yeni iş yerlərinin açılması və kənd təsərrüfatı məhsullarının ixracından daxil olacaq valyuta deməkdir. Aqrar islahatların müasir mərhələsində strateji yanaşmanın əsasını da məhz bu təşkil edir.

- Prezident İlham Əliyevin 2018-ci il 19 dekabr tarixli "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair" fərmanı həyata keçirilən aqrar islahatların mühüm tərkib hissəsidir. Fərmana əsasən, aqrar sahənin inkişafı məqsədilə müvafiq mərkəzlərin yaradılması nəzərdə tutulub. Bu mərkəzlərin aqrar sektorda xidmətlərin göstərilməsində nə kimi üstünlükləri olacaq?

- Aqrolizinq xidmətləri aqrar sahədə dövlət dəstəyinin istiqamətlərindən biridir. Aqrolizinq təsərrüfatları zamanın tələbinə cavab olaraq təşkil olunub və bu təsərrüfatların yaradılmasında məqsəd ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülməsi, fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilməsinin təşkili, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi idi. Ötən 14 il ərzində "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti ölkəyə 42 mindən çox texnika, 35 mindən çox damazlıq heyvan gətirib, onları güzəştlə istehsalçılara lizinqə verib və ya satıb.

Qeyri-neft sektorunun inkişaf etdirilməsi və yüksək artımın təmin olunması
dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir

Hazırda istismar müddəti başa çatmaqda olan avadanlığın yenilənməsinə, yüksək məhsuldarlıq hədəflərinə çatmaq üçün innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsinə, aqrotexniki xidmətlər göstərilməsində rəqabətin və keyfiyyətin yüksəldilməsinə, kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə ehtiyac yaranıb. Kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönümlü fəaliyyət göstərilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə olunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin vəsaitindən istifadə qaydaları təsdiq edilib. Düşünürəm ki, bu təşkilatın fəaliyyəti aqrar sahənin təchizatında özəl sektorun rolunu daha da artıracaqdır.

Dövlət aqrar inkişaf mərkəzləri kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsində xüsusi rol oynayacaq. Bu mərkəzlər 70-dən çox xidməti özündə birləşdirərək fermərlərə "bir pəncərə" prinsipi əsasında dəstək göstərəcək, daim fermerlərin yanında olacaq və onların işinin səmərəliliyinin artmasına töhfə verəcəkdir.

- Aqrar Tədqiqatlar Mərkəzi hansı istiqamətlərdə fəaliyyət göstərir?

- Keçən il Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılmış Aqrar Tədqiqatlar Mərkəzinin əsas məqsədi bu sahə ilə bağlı məlumatların toplanması, təhlili, habelə ən müasir analitik vasitələrdən istifadə etməklə kənd təsərrüfatı fəaliyyətinin proqnozlaşdırılması və modelləşdirilməsidir. Bu zaman əsas diqqət aqrar sahədə rəqəmsal texnologiyaların, müasir data təhlili metodlarının, o cümlədən proqramlaşdırma vasitələrinin tətbiqi sayəsində mövcud məlumatların daha effektiv təhlili və rasional qərarların qəbul edilməsi üzərində cəmlənib. Departamentin əsas fəaliyyət istiqamətləri aqrar fəaliyyətlə bağlı statistik məlumatların toplanması, işlənməsi, təhlili və yekun hesabatların hazırlanması, həmçinin mövcud trendlərin nəzərə alınması ilə aqrar sahənin ayrı-ayrı aspektlərinin proqnozlaşdırılmasından ibarətdir. İqtisadi təhlil və proqnozlaşdırma departamenti öz fəaliyyətini bitkiçiliyin, heyvandarlığın və kənd təsərrüfatı məhsullarının emalının müqayisəli təhlili üzərində qurub.

- Hazırda kənd təsərrüfatı sahəsində iqtisadi fəallığın yüksəlməsi, bu sahəyə böyük həvəs göstərilməsi və məhsul bolluğunun yaranması müşahidə olunur. Fermerlər üçün bazar şərtlərinin yaxşılaşdırılması, onların məhsullarının satılmasına və satışda yaranan problemlərin aradan qaldırılmasına yardımın göstərilməsi sahəsində vəziyyət necədir?

- Ümumiyyətlə, fermerlərin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində dövlət daim dəstək göstərir. Kənd təsərrüfatı istehsalında istifadə olunan texnikaların yanacaq və sürtkü məhsulları ilə təmin edilməsi üçün bu sahə üzrə xərclərin yarısını dövlət öz üzərinə götürüb. Kənd təsərrüfatı texnikası və damazlıq heyvanlar fermerlərə böyük güzəştlərlə satılır. Aqrolizinq xidmətləri göstərilir, gübrələr, dərman və pestisidləri dövlət gətirir və güzəştli şərtlərlə satılır. Kənd təsərrüfatı sahəsi, torpaq vergisindən başqa, bütün vergilərdən azad edilib. "Azexport" portalı, ticarət evləri, ticarət nümayəndəlikləri vasitəsilə ölkəmizin ixrac potensialı təbliğ olunur. Aqrar Xidmətlər Agentliyi sertifikat və sənədlərin verilməsində şəffaflığın təmin edilməsi məqsədilə yaradılıb. Bütün bunlar, təbii ki, fermerlərin daha keyfiyyətli məhsul istehsal etməsinə və satmasına səbəb olur.

Azərbaycan aqrar sahədə innovasiyaların daha çox
tətbiq olunduğu ölkələrdən birinə çevriləcək

- Bu proseslərdə beynəlxalq təcrübə hansı səviyyədə nəzərə alınır?

- Bitkiçilik sahəsində ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, qlobal trendlərin müəyyən edilməsi, yerli bazarda mövcud vəziyyətin dəyərləndirilməsi, habelə ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə dəyər zəncirinin təhlili, gübrə və pestisidlərdən istifadə səviyyəsinin qiymətləndirilməsi, məhsulların ixrac potensialının artırılması istiqamətində təhlillərin aparılması, həmçinin kənd təsərrüfatı məhsullarının daxili bazarda qiymətlərinin tənzimlənməsi və s. kimi fəaliyyətləri qeyd edə bilərik.

Ən vacib istiqamətlərdən biri, sözsüz ki, aqrar sahədə innovasiyaların daha geniş tətbiqinə nail olmaqdır. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda ilk dəfə aqrar texnologiyalar və yaşıl enerji mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçirildi. Forum fermerlərimizə, aqrar sahədə çalışanlara dünya təcrübəsi ilə tanış olmaq, məhsuldarlığın innovasiyaların tətbiqi ilə artırılması yollarını tanınmış ekspertlərlə müzakirə etmək imkanı yaratdı. Foruma olan böyük ictimai marağı nəzərə alaraq, qeyd edə bilərik ki, Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək.

-Regionların inkişafı ilə bağlı aparılan islahatlar hansı nəticələri verir?

- Azərbaycan regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə bu sahə üzrə əlavə tədbirlərlə bağlı prezident sərəncamlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Artıq 2018-2022-ci illər üzrə 4-cü Dövlət Proqramı təsdiq olunub və yaxın gələcək üçün hədəflər müəyyənləşdirilib. Düşünürəm ki, dövlət başçısı tərəfindən qarşıya qoyulmuş bu vəzifələrin icrası ölkəmizin inkişafında yeni mərhələ açacaqdır.

Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb