Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
07.11.2018

 

«2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı» ilə əlaqədar məsələlərin müzakirəsi üçün yeddi bankın iştirakı ilə İşçi Qrup yaradılıb.

Noyabrın 5-də Beynəlxalq Telekommunikasiya İttifaqının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən səlahiyyətli konfransında Azərbaycan böyük səs çoxluğu ilə növbəti dəfə bu qurumun Şurasına üzv seçilib.

Şanxayda keçirilən birinci Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycanın milli stendində «Made in Azerbaijan» brendi ilə istehsal olunan rəqabətqabiliyyətli, ixracyönümlü məhsullar və xidmətlər nümayiş etdirilir.

Avropa Yenidənqurma və İnkişaf Bankının enerji və təbii sərvətlər üzrə direktoru Nandita Parşad bildirib ki, təmsil etdiyi qurum «Trans-Adriatik» (TAP) boru kəməri layihəsi üçün  1 milyard avroluq maliyyələşdirməni təmin edəcək.

Bolqarıstanın Turizm Nazirliyi, Varna Bələdiyyəsi və Varna Turizm Palatasının təşkilatzılığı ilə təşkil olunan «Qara dəniz - davamlı yerli və transmilli turizm məhsullarının məskəni» adlı forumda Azərbaycan milli stendlə təmsil olunub.

Bu gün ABŞ-ın Massazusets ştatındakı Boston şəhərində keçiriləcək ABŞ-Xəzər İnnovasiya Sammitində Azərbaycandan olan nümayəndə heyəti də iştirak edəcək.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərinə təşkil olunmuş ixrac missiyasında Naxçıvan Muxtar Respublikasında qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkət iştirak edib.