Vergiler.az

Xəbərlər / Adın şərəflidir...

Adın şərəflidir...
07.03.2018

 

Sabah hamımız üçün əziz bir bayramı qarşılayırıq. Bu bayramın harada, nə vaxt, kim tərəfindən və nə münasibətlə təsis olunmasından asılı olmayaraq, 8 Mart hər birimizin yaddaşının, ruhunun dərinliyində yer tutur. Dünyaya göz açdığımız vaxtdan bəri ilin bu günü yaddaşımızda ana sevgisinin möhtəşəmliyini, qadın gözəlliyinin ülviyyətini, qadın mərhəmətinin sonsuz hənirini həkk eləyən bir bayram kimi özünə yer tutub. Bu, hamımız üçün, sadəcə, bir «təqvim bayramı» deyil, sözün əsl mənasında, qəlblərimizin bayramıdır. «8 Mart» deyəndə qadınlar qarşısında borclu olduğumuzu düşünürük: gözəl, zərif, şəfqətli olduqlarına görə onlara diqqət və həssaslıq borcumuz var. Müdrik, təmkinli, zəhmətkeş və fədakar olduqlarına görə minnətdarlıq borcumuz var. Qayğılı dünyamıza bayram havası gətirdiklərinə görə isə təşəkkür və təbrik borcumuz var...

Müstəqil bir dövlət olaraq Azərbaycanın ən böyük nailiyyətlərindən biri də, heç şübhəsiz, bu gün qadınlarımızın dövlət və hökumət idarəetmə strukturlarının ən yüksək mövqelərində layiqincə yer tutmalarıdır. Bunun əsl mənası və əhəmiyyəti, sadəcə, «gender bərabərliyi» faktı olaraq qalmır, ölkəmizdəki ictimai münasibətlər sisteminin keyfiyyət baxımından yüksək inkişaf səviyyəsini əks etdirir. Elə bir inkişaf səviyyəsi ki, tarix boyu ulu mütəfəkkirlərimizin işıqlı ideallarından biri olub: «Qadın gülərsə, şu issız (kimsəsiz) mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək!..» - böyük Hüseyn Cavid belə yazırdı.

Hazırda Azərbaycanın vergi orqanlarında 630 nəfərə yaxın qadın çalışır ki, onların da 48 nəfəri yüksək rəhbər vəzifələr tutur. Bu gün vergi orqanlarında qadınlara göstərilən qayğı və diqqət, təbiətinə görə «sərt fəaliyyət sahəsi» hesab olunan bir sistemdə onlara məsul vəzifələr etibar edilməsi də məhz cəmiyyətimizin yetkinlik səviyyəsinin bir göstəricisi kimi qəbul olunmalıdır. Bu, hər şeydən öncə, qadınlarımızın qabiliyyət, bacarıq və səriştələrinə verilən layiqli qiymətdir.

Hörmətli oxucular! Hamımız adından, eləcə də qəzetimizin kollektivi adından bütün qadınları qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, könül xoşluğu və həyatlarında, işlərində böyük uğurlar arzulayırıq...