Vergiler.az

Xəbərlər / Azad iqtisadi zonanın fəaliyyəti qanunla tənzimlənəcək

Azad iqtisadi zonanın fəaliyyəti qanunla tənzimlənəcək
28.02.2018

 

Ötən həftə Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya, iqtisadi siyasət, sənaye və sahibkarlıq, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında «Ələt azad iqtisadi zonası haqqında» qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, birinci oxunuşdan sonra qanun layihəsinə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verən Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov sənəddə redaktə xarakterli bəzi düzəlişlərin aparıldığını bildirib. Əsaslı dəyişikliklər azad zona səlahiyyətli qurumunun hüquq və vəzifələrinə, idarə edilməsinə, developerin hüquq və vəzifələrinə, azad zonada gömrük işi, sərhəd rejimi, əmək qaydaları və mübahisələrin həlli qurumlarının qərarlarının icrasına dair maddələrdə edilib. Azad zonada işçi dili barədə maddəyə Azərbaycan və ingilis dilləri ilə yanaşı, «zərurət yarandıqda başqa dillər də işlədilə bilər» ifadəsi əlavə olunub.

Qanun layihəsini yeni başlanğıc kimi qiymətləndirən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, layihə kifayət qədər mükəmməl hazırlanıb, dünya təcrübəsindəki ən qabaqcıl qanunlara əsaslanıb, ölkəmizdəki iqtisadi qurumların tövsiyələri sənəddə nəzərə alınıb. Bu qanun parlamentlə hökumət arasında qarşılıqlı əməkdaşlığın nümunəsidir.

Müzakirələrdə çıxış edən deputatlar qanun layihəsi barədə müsbət fikirlərini ifadə ediblər, qeyd və təkliflərini səsləndiriblər. İclasda deputatları maraqlandıran məqamlara aydınlıq gətirildikdən sonra «Ələt azad iqtisadi zonası haqqında» qanun layihəsi ikinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunub.