Vergiler.az

Xəbərlər / Gələn il Azərbaycanda qeyri-neft sektorunda 4 faizlik artım gözlənilir

Gələn il Azərbaycanda qeyri-neft sektorunda 4 faizlik artım gözlənilir
20.12.2017

 

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi mətbuat üçün bəyanatında bildirib ki, yaxın gələcəkdə ölkənin inkişaf perspektivləri müsbətdir. 2018-ci ildə dövlət investisiya xərclərinin və sosial xərclərin genişləndirilməsi ilə qeyri-neft sektorunda 4 faizlik artım gözlənilir.

2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün noyabrın 30-dan dekabrın 14-dək Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun missiyasına rəhbərlik edən Məhəmməd əl-Qorçi açıqlamasında qeyd edib ki, 2017-ci ildə aparılan fəal makroiqtisadi siyasət və neft qiymətlərinin artımı sayəsində Azərbaycan iqtisadiyyatında sabitləşmə müşahidə edilib. Qeyri-neft sektoru xidmət və kənd təsərrüfatı sahələrinin canlanması sayəsində genişlənməyə başlayıb.

Açıqlamada həmçinin qeyd edilir ki, işsizlərə müavinətlərin verilməsi üçün yaradılan yeni sığorta fondunun, pensiyalarla bağlı həyata keçirilən islahatların, fəal əmək bazarı proqramlarına keçidin Azərbaycanda sosial müdafiə sahəsində və əmək bazarında müsbət irəliləyişlərə səbəb olub. Bəyanatın sonunda missiya adından açıq və səmimi müzakirələr, qonaqpərvərlik üçün Azərbaycan tərəfinə minnətdarlıq ifadə edilib.