Vergiler.az

Xəbərlər / BİR CÜMLƏ - BİR XƏBƏR

BİR CÜMLƏ - BİR XƏBƏR
06.12.2017

 

Dekabrın 5-də Bakı Ekspo Mərkəzində informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - «BakuTel-2017» XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı işə başlayıb.

«Made in Azerbaijan» brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası dekabrın 6-8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində olacaq.

Azərbaycan «B.EST Solutions» - «ASAN İmza» texnologiyası ilə Milli Mobil İdentitetlərin Qlobal İttifaqının həmsədri seçilib.

Bu ayın sonunda İran Astarasında Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək.

Yaponiyanın Fukuoka şəhərində «Cross Border Club» şirkətinin təşkilatçılığı ilə Azərbaycanın iqtisadi uğurları barədə biznes seminar keçirilib.

Dekabrın 8-də Milli Təbliğat Turizm Bürosu tərəfindən Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın turizm potensialının təqdimatı və təbliğatı məqsədilə seminar və işgüzar görüşlər təşkil olunacaq.

Azərbaycan Avropa İttifaqında tətbiq edilən Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulacaq.

Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsal ediləcək.