Vergiler.az

Xəbərlər / Azərbaycanda biznes-inkubatorların fəaliyyəti genişləndirilir

Azərbaycanda biznes-inkubatorların fəaliyyəti genişləndirilir
15.11.2017

 

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, biznes-inkubatorların dəstəklənməsi Azərbaycanda sahibkarlığın inkişafına öz töhfəsini verəcək. Xüsusilə təşəbbüskar, ideyası olan gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların peşəkar sahibkar kimi formalaşması ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinə müsbət təsir göstərəcək.

Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi»ndə ölkədə biznes-inkubatorların, startap layihələrinin dəstəklənməsi, eyni zamanda sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycanda biznes-inkubatorların fəaliyyətinin genişləndirilməsi və dəstəklənməsi, xüsusilə gənclərin bu prosesə cəlb olunması istiqamətində silsilə tədbirlər həyata keçirilir və Quba-Xaçmaz iqtisadi rayonu üzrə Xaçmazda, Aran iqtisadi rayonu üzrə Yevlaxda biznes-inkubatorların regional mərkəzləri yaradılıb. Quba-Xaçmaz iqtisadi rayonu üzrə yaradılmış biznes-inkubatorun 21 iştirakçısı artıq inkubatorluq mərhələsini keçib. Onlar 2 il müddətində müxtəlif sahələrdə fəaliyyət göstərib, təcrübə qazanıblar. Aran iqtisadi rayonu üzrə də 21 nəfər rezident seçilib və hazırda onlarla iş aparılır.