Vergiler.az

Xəbərlər / Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti uzadılıb

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti uzadılıb
01.11.2017

 

Oktyabrın 31-də Milli Məclisin plenar iclasında  «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» qanuna dəyişiklik layihəsi müzakirə edilib. İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» qanuna dəyişiklik təklif edilir. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib. Qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən, qidaların keyfiyyətinə nəzarət isə 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılacaq.

Millət vəkillərinin müzakirəsindən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.