Vergiler.az



Xəbərlər / İşgüzar dairələrin nümayəndələri ilə görüş

İşgüzar dairələrin nümayəndələri ilə görüş
14.12.2016

 

Dekabrın 7-də Vergilər Nazirliyində nazirliyin rəhbər vəzifəli şəxsləri ilə işgüzar dairələrin nümayəndələri, o cümlədən «Ernst and Young Azerbaijan», «KPMG Azerbaijan», «Deloitte Azerbaijan», «Caspian Drilling Company», «Socar-Figro» MMC və bir sıra digər şirkətlərin təmsilçiləri ilə görüş keçirilib.

 Görüşün keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» sərəncamında əks olunan islahat istiqamətləri üzrə fikir mübadiləsi aparmaq, işgüzar dairələri bu sahədə aparılan işlər barədə məlumatlandırmaq olub. 

Bildirilib ki, sözügedən sərəncam vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi ödəyicilərinə xidmətin səviyyəsinin daha da yüksəldilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi kimi mühüm islahat istiqamətlərini əhatə edir. Sərəncamda diqqət çəkən məsələlərdən biri vergi orqanları ilə vergi ödəyiciləri arasında partnyorluq münasibətlərinin genişləndirilməsi və şəffaflığın artırılması, eləcə də intizamlı vergi ödəyiciləri ilə münasibətlərin yeni keyfiyyət müstəvisinə qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsidir. Məhz bu tapşırıqların icrası, eləcə də vergi orqanları tərəfindən intizamlı vergi ödəyicilərinə çevik və şəffaf xidmətlərin göstərilməsi, onların vergitutma sahəsində fəaliyyətinin uçotda olduqları vahid struktur tərəfindən əlaqələndirilməsinin təmin edilməsi məqsədilə «Yaşıl dəhliz» prinsipi ilə çalışan «Şəffaf vergi partnyorluğu» idarələri yaradılıb. Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, «Şəffaf vergi partnyorluğu» idarələrinin yaradılması intizamlı vergi ödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan yeni bir sistemdir. Bu idarələrin xidmət göstərəcəkləri vergi ödəyicilərinə vergi uçotunu şəffaf qaydada aparan, vergi öhdəliklərini vaxtında və tam şəkildə icra edən, vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim edən, gücləndirilmiş elektron imzaya sahib olan və yazışmalarını elektron şəkildə aparılmasına üstünlük verən və s. meyarlara cavab verən ödəyicilər aid ediləcək.

Görüş iştirakçılarına, həmçinin, partnyor ödəyicilərə müxtəlif xidmətlərin, o cümlədən innovativ üsullarla xidmətlərin göstərilməsi, belə ödəyicilər üçün təhkim olunacaq kuratorların funksiyaları, partnyor ödəyicilərin müraciətlərinə baxılması qaydaları barədə ətraflı məlumat  verilib. Müzakirələr zamanı şirkət təmsilçiləri intizamlı vergi ödəyiciləri ilə digər ödəyicilərin fərqləndirilməsinin təqdirəlayiq olduğunu bildiriblər, bunun vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin şəffaf qurulmasına təkan verəcəyinə əminlik ifadə ediblər.