Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
Ödəmə mənbəyində vergi

Ödəmə mənbəyində vergi Rezident müəssisənin ona göstərilən xidmətlərlə bağlı Lixtenşteyndə təsis olunmuş şirkətə etdiyi ödənişlər ödəmə mənbəyində hansı vergilərə cəlb olunur?

 

Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən, həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə olunan ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aiddir.

Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən, qeyri-rezidentin həmin Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində qeyd olunur ki, həmin Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 128.2-ci maddəsinə görə, güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür. Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Qeyd olunanlara əsasən:

Adı çəkilən fərmanla güzəştli vergi tutulan ölkə kimi müəyyən olunmuş Lixtenşteyndə təsis edilmiş şirkət ilə bağlanmış müqavilə əsasında rezident müəssisə tərəfindən ona aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq, 10 faiz dərəcə ilə vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Samirə Musayeva
0 MB