Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
NKA çekinin verilməsi

 

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərində) alıcı tərəfindən malların dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənildikdə həmin məbləğ nəzarət-kassa aparatına (NKA) mədaxil edilərək alıcıya nəzarət-kassa aparatının çeki verilməlidirmi?

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli fərmanı ilə təsdiq edilmiş «Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası»nın 4.1-ci bəndinə görə, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir.

Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Qeyd olunanlara əsasən:

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərində) alıcı tərəfindən malların dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənildikdə alıcıya POS-terminaldan çıxarış ilə yanaşı, həmin məbləğ nəzarət-kassa aparatına mədaxil edilərək alıcıya nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.

Samirə Musayeva
0 MB