Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru
Elektron qaimə-faktura

 

Nəşriyyat fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən sifarişçi müəssisəyə kitab nəşri ilə bağlı xidmətlər göstərildiyi halda, sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidirmi?

 

Vergi Məcəlləsinin (VM) 16.1.11-6-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

VM ilə müəyyən olunan hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur (VM, maddə 71-1).

Bunlarla yanaşı,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim olunan ilkin uçot sənədidir.

Qeyd olunanlara əsasən:

Nəşriyyat fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən göstərilən kitab nəşri xidmətlərinə görə sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidir.

Samirə Musayeva
8.5 MB