Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
Vergi güzəşti və azadolmalar

 

Müəlliməm və himayəmdə 3 nəfər ailə üzvü var. Həyat yoldaşım işləmir, övladlarım isə 3 və 4 yaşlarındadır. Bu halda mənim əməkhaqqıma hansı vergi güzəşti və azadolmalar tətbiq olunur?

 Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə görə, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30.000 manatadək olduqda isə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.6-cı maddəsinə uyğun olaraq, təqaüd, pensiya və işsizlik müavinəti alan vətəndaşlar (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmirlər.

Qeyd olunanlara əsasən:

Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri, himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi halda, 50 manat məbləğində azaldılır.

Qeyd edilənlərlə yanaşı, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli (2018-ci il üçün 173 manat) gəlir vergisindən azaddır.

Samirə Musayeva
8.5 MB