Vergiler.az

Samirə Musayeva

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi
Əlavə dəyər vergisinin tətbiqi

 

Sənaye parkının rezidenti olan müəssisə tərəfindən malların (işlərin, xidmətlərin) təqdim olunması zamanı onların dəyərinə əlavə dəyər vergisi (ƏDV) tətbiq edilirmi?

 

Vergi Məcəlləsinin 164.1. 16-cı maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidentinin) qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının (sənaye parklarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, digər texnologiyalar parklarına münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti) təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 7 il müddətinə ƏDV-dən azad edilmişdir.

Vergi Məcəlləsinin 164.1. 28-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası  Prezidentinin) qərarına əsasən yaradılan sənaye parkında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı - 2016-cı il mayın 1-dən 5 il müddətinə ƏDV-dən azad edilmişdir.

Qeyd olunanlara əsasən:

Vergi Məcəlləsinin yuxarıda göstərilən maddələri ilə müəyyən edilmiş vergi güzəştləri və azadolmalar sənaye parkının rezidenti olan müəssisə tərəfindən həyata keçirilən idxal əməliyyatlarına aid edilir. Sənaye parkının rezidenti olan müəssisə tərəfindən ölkə daxilində malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı həmin malların (işlərin, xidmətlərin) dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanır.

Samirə Musayeva
0 MB