Vergiler.az



Samirə Musayeva

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi
Əlavə dəyər vergisi

 

Elektron ticarət qaydasında qeyri-rezident şəxsdən mal alınarkən köçürülən məbləğə ƏDV hesablanırmı?

 

Vergi Məcəlləsinin 2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və  xidmətlərin göstərilməsini yerinə yetirirsə), Məcəllənin XI fəslinin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 169.3-cü maddəsində göstərilir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda, ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir.

Qeyd olunanlara əsasən: Vergi Məcəlləsinin 2017-ci il  yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına görə, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ƏDV hesablanmalı və ödənilməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan vətəndaşlar tərəfindən elektron ticarət qaydasında qeyri-rezident şəxslərdən mallar alınan zaman isə onlara ödənilən məbləğdən ƏDV hesablanmır.

Samirə Musayeva
0 MB