Vergiler.az

Mehdi Babayev

«Professional MÜHASİB» jurnalının baş redaktoru, sərbəst auditor
Fiziki şəxs tərəfindən nəqliyyat vasitəsinin baş etibarnamə ilə başqa fiziki şəxsə verilməsinin vergi məsuliyyəti

 

Hörmətli oxucular, əmlakdan sahibkarlıq və qeyri-sahibkarlıq məqsədləri üçün istifadə zamanı icarə və idarəetmə münasibətlərinin qurulmasına hüquqi və audit nöqteyi-nəzərindən təhlillərimiz qəzetimizin əvvəlki sayında sizə təqdim olundu. Lakin, şəxslər (mülki subyektlər) arasında hələ də bu iki məsələnin fərqinə düzgün yanaşmadan öz fəaliyyətlərini davam etdirənlərə, yəni «idarəetmə» adı altında «icarə» görüntülərinə rast gəlmək olur.

Məsələn, hazırda baş («generalnı» kimi adlandırılan) etibarnamə ilə nəqliyyat vasitələrini bir-birinə idarəetməyə verən fiziki şəxslər arasındakı mülki münasibətlərdən yaranan öhdəliklərə mülki və vergi qanunvericiliyinin tələbləri çərçivəsində düzgün əməl olunmadığının şahidi oluruq. Nəqliyyat vasitəsini baş etibarnamə əsasında əldə etməklə (satın aldığını zənn etməklə) həmin etibarnamənin qüvvədə olduğu müddətdə nəqliyyat vasitəsindən sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti üçün (və ya şəxsi məqsədləri üçün) istifadə edən, yaxud əksinə, baş etibarnamə ilə mülkiyyətində olan nəqliyyat vasitəsini başqasına istifadəyə verən fiziki şəxslər kifayət qədər saya malikdir.

Bir fiziki şəxs tərəfindən digər fiziki şəxsə məxsus nəqliyyat vasitəsinin (və ya nəqliyyat vasitələrini) baş etibarnamə əsasında istifadə edilməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə zidd olub-olmadığını araşdıraq. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin 3-cü şəxs qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Məcəllənin 152.8-ci və 359.1-ci maddələrində etibarnamə ilə rəsmiləşdirilməsi mümkün olan mülki hüquq münasibətləri nəzərdə tutulmuşdur. 152.8-ci maddəyə əsasən mülkiyyətçi əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur. O, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi 3-cü şəxsin mənafeyi naminə idarə etməlidir. 359.1-ci maddəyə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlətin və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

Deməli, etibarnamə yalnız etibar edənin 3-cü şəxs qarşısında təmsil olunması, onun hüquq və mənafelərinin həyata keçirilməsi üçün verilir. Buna görə də etibar edilən fiziki şəxs etibar olunmuş əmlakdan, yəni nəqliyyat vasitəsindən öz xeyrinə hər hansı hərəkətlər edə, yaxud da etibarnamə əsasında verilmiş nəqliyyat vasitəsindən öz mənafeyi naminə istifadə edə bilməz. O, nəqliyyat vasitəsini mülkiyyətçinin (nəqliyyat vasitəsini etibarnamə ilə verənin) və ya mülkiyyətçinin göstərdiyi 3-cü şəxsin mənafeyi naminə idarə etməlidir. Məlumdur ki, hazırda, baş etibarnamə ilə nəqliyyat vasitəsini satın aldığını zənn edən fiziki şəxs, özünün xəbəri olmadan da, idarə etdiyi (sürdüyü) nəqliyyat vasitəsini heç də, mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi 3-cü şəxsin mənafeyi məqsədilə sürmür. Belə şəxslər nəqliyyat vasitəsindən özünün şəxsi, ailəvi və bəzi hallarda sahibkarlıq məqsədləri üçün istifadə edirlər. Belə fiziki şəxslər etibarnamənin qüvvədə olduğu müddətdə yalnız, nəqliyyat vasitəsinin qeydiyyatı ilə bağlı notariat və dövlət orqanında müvafiq hərəkətlərin edilməsi məqsədilə etibarnamədə göstərilənlərə əməl edirlər. Əgər etibar edilən fiziki şəxs (baş etibarnamə alan) onun idarəçiliyinə verilmiş nəqliyyat vasitəsindən öz mənafeyi naminə istifadə edirsə, bu halda münasibətlər Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi ilə rəsmiləşdirilməlidir. Həmin maddədə göstərilir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verilir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.  İcarə predmeti o cümlədən, daşınar əşyalar (məsələn, nəqliyyat vasitələri) ola bilər.

Beləliklə, aydın olur ki, baş etibarnamə ilə nəqliyyat vasitəsini satın aldığını zənn edən fiziki şəxs həqiqətdə sürdüyü nəqliyyat vasitəsini qeydiyyatdan çıxarana qədər istifadə etməklə bəhrələnir, lakin bu istifadənin yaratdığı öhdəliklərdən xəbərsizdir.

Xüsusilə qeyd edək ki, nəqliyyat vasitəsi ilə bağlı tərtib olunan baş etibarnamədə əks etdirilən «sürücülük hüququ olduqda idarə etməyi» ifadəsi onun  «sürməyi» ifadəsini bildirir və bu ifadənin Mülki Məcəllədə nəzərdə tutulan «təmsil edənin idarə etməsi» anlayışına uyğun gətirilməməlidir. Əslində nəqliyyat vasitəsi idarə edilmir, sürülür. Yəni etibarnamə ilə etibar olunan fiziki şəxs sürücülük hüququ olduqda nəqliyyat vasitəsini sürə bilər, bir şərtlə ki, bu nəqliyyat vasitəsi ilə bağlı hərəkətlər mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi 3-cü şəxsin mənafeyi naminə olsun. Nəqliyyat vasitəsinin 3-cü şəxsin mənafeyi naminə idarə edilməsi dedikdə, məsələn, nəqliyyat vasitəsini qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, başqa şəxslərə icarəyə (istifadəyə vermək), onun  üzərində  sərəncam vermək, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və əlbəttə ki, mülkiyyətçinin adından bütün hərəkətlərin edilməsini təmin etmək üçün nəqliyyat vasitəsini sürmək səlahiyyətinin əldə edilməsi nəzərdə tutula bilər.

Əslində, dolayısı ilə istifadə edərək öhdəliklərindən xəbərsiz olan baş etibarnamə ilə nəqliyyat vasitəsi əldə edən fiziki şəxsin vergi məsuliyyəti yoxdur. Çünki, etibarnamə alan fiziki şəxs tərəfindən nəqliyyat vasitəsinin istifadə edildiyini (dolayısı ilə icarəyə götürüldüyünü) və istifadəyə verən kimi çıxış edənin də fiziki şəxs olduğunu nəzərə alsaq, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə nəqliyyat vasitəsini icarəyə verən kimi qiymətləndirilən fiziki şəxs 14 faiz dərəcə ilə vergini ödəməli və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verməlidir. Bu halda vergilər Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun olaraq hesablana bilər.

Bu tələblərə əməl olunmasının nə dərəcədə baştutan olması hazırkı vəziyyətdə çətin məqamlar yaradır. Nəqliyyat vasitəsini etibarnamə əsasında idarəetməyə verən fiziki şəxslərin sonradan etibar edilən tərəfindən nəqliyyat vasitəsindən düzgün istifadə olunmasına nəzarət edə bilməsi də çətin hallardan biridir. Çıxış yolu kimi, notariat kontorlarda etibarnamə verən və etbarnamə əldə edən fiziki şəxslərə qısaca da olsa bu etibarnamə əsasında öhdəlikləri barədə məlumatların verilməsi və vergi riskləri barədə maarifləndirilməsi məqsədəmüvafiq olardı. Digər tərəfdən də, etibarnamə ilə bərabər, etibarnamənin qüvvədə olduğu dövr üzrə nəqliyyat vasitəsinin icarəyə verilməsi müqaviləsinin bağlanması həyata keçirilə bilər. Eyni anda həm nəqliyyat vasitəsinin icarəyə verilməsi müqaviləsi, həm də etibarnamə əldə edən fiziki şəxsin icarə müqaviləsi və etibarnamə çərçivəsində etdiyi bütün hərəkətlərə görə vergi məsuliyyəti olmayacaqdır. Lakin icarə müqaviləsinin bağlanması nəqliyyat vasitəsini icarəyə verənin vergi uçotuna durması (VÖEN əldə etməsi), bəyannamə təqdim etməsi və vergi ödəmə öhdəliyini yaradacaqdır (VM, maddə 124.1, 2-ci abzas).

Mehdi Babayev
2.8 MB