Vergiler.az



Mehdi Babayev

«Professional MÜHASİB» jurnalının baş redaktoru, sərbəst auditor
İcarəyə götürülən əmlakla bağlı xərclərin təhlili

 

Audit zamanı aşkar edilən və təsərrüfat subyektlərində açıqlanmasına ehtiyac duyulan məsələlərdən biri icarəyə götürülmüş əmlakla bağlı xərclərin uçotu ilə əlaqədardır. Burada söhbət icarəçi (icarəyə götürən) tərəfindən çəkilən belə xərclərin icarəyə verən tərəfə, yoxsa icarəçiyə aid edilməsindən gedir. Qanunvericilikdə icarə ilə bağlı müddəalar əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsində (maddə 675 - 705), «İcarə haqqında» Qanunda, Vergi Məcəlləsində (maddə 115.3 - 115.7), «Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar»da (maddə 4.5 - 4.7) və müvafiq normativ hüquqi aktlarda əks etdirilmişdir.

 

1. İcarə müqaviləsində icarə predmeti ilə əlaqədar xərclərin icarəçi tərəfindən çəkilməsi şərtləşdirilməlidir

Demək olar ki, bağlanılan icarə müqavilələrinin əksəriyyətində icarəyə götürülən əmlakla bağlı cari (xırda) təmir xərcləri, kommunal (elektrik enerjisi, qaz, su və kanalizasiya, istiliklə təmin olunma, tullantıların atılması, təmizlik işləri, işıqlandırma, ümumi mühafizə, rabitə və digər kommunal) xərclərin çəkilməsi öhdəliyi icarəçinin (icarəyə götürənin) üzərinə qoyulur. Həmçinin bəzi hallarda icarə predmeti olan əmlakla bağlı əmlak vergisi, icbari sığorta və bu əmlakla bağlı digər zəruri icbari dövlət xərclərinin çəkilməsi də icarəçiyə tapşırılır. «Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar»ın 4.5.1-ci maddəsində göstərilir ki, əsas fondların icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə məsrəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Bağlanmış müqavilənin şərtlərindən asılı olaraq əsas fondlar uçota alınır.

 

2. Müqavilələrdə şərtləşdirilən belə xərclər qanunvericilik baxımından icarəçinin xərci hesab edilə bilən olmalıdır

Belə xərclərin çəkilməsinin qanunvericiliklə icarəçinin öhdəliyinə verilməsi mümkün olmalıdır. Əks halda müqavilənin bununla bağlı müddəası etibarsız hesab edilə bilər. Mülki Məcəllənin 680-cı (Kirayəçinin zəruri məsrəfləri) maddəsində göstərilir ki, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Lakin əvəzi ödənilən xərclərə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında  istismar, qulluq və təmizləmə xərcləri; heyvanın kirayəyə verildiyi halda qulluq və bəsləmə xərcləri aid deyildir. Deməli, Mülki Məcəlləyə görə, icarəyə götürülən əmlakla bağlı istismar, qulluq və təmizləmə xərclərinin kirayəçi (içarəçi) tərəfindən çəkilməsi yol verilən xərclərdir və onsuz da belə xərclərin əvəzi icarə müddətində icarəyə verən tərəfindən ödənilmir. İcarəyə verən tərəfindən ödənilən xərclərə təmir xərclərini aid etmək olar (bu haqda aşağıda izah verilmişdir).

Digər tərəfdən, Mülki Məcəllənin 679-cu maddəsində göstərilir ki, kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. Göründüyü kimi, icarəçi icarəyə götürdüyü əmlakla (torpaq istisna olmaqla) bağlı vergiləri ödəməyə borclu deyildir.

 

3. Xərclərlə bağlı sənədlər icarəçinin adına rəsmiləşdirilməlidir

İlk növbədə «icarəçi tərəfindən çəkilən xərclər» anlayışı aydınlaşdırılmalıdır. Yəni xərcin çəkilməsini təsdiq edən sənəddə əks etdirilən informasiyalardan asılı olaraq həmin xərcin icarəçiyə aid edilib-edilməməsi müəyyən olunmalıdır. İcarəçi belə xərclərin özü ilə bağlılığını təmin edən sənədləşmə həyata keçirməlidir və yalnız bundan sonra o belə xərcləri özü ilə əlaqəli hesab edə bilər.

Mühasibat uçotu qanunvericiliyindən məlumdur ki, təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. İlkin uçot sənədlərində sənədin adı, nömrəsi, kodu, tərtib edilmə tarixi, yeri, sənədi tərtib edən təşkilatın adı, təsərrüfat əməliyyatlarının məzmunu, ölçüləri və məbləği, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı kimi zəruri rekvizitlər əks etdirilməlidir. İcarəçi icarəyə götürdüyü əmlakla bağlı çəkdiyi xərclərin özünə aid edilə bilən olmasını təmin etməsi üçün belə xərcləri təsdiq edən sənədlərdə (aktlarda, qaimə-fakturalarda, müqavilələrdə, ödəniş sənədlərində, hesab-fakturalarda) öz adının əks etdirilməsinə diqqət yetirməlidir. Bir çox hallarda icarəçi icarəyə verənin adına rəsmiləşdirilən kommunal və ya telefon xərclərini ödəyir və bu halda belə düşünə bilər ki, həmin sənədlərlə öz mühasibat və ya vergi uçotunda xərcləri uçota ala bilər. Lakin bu yanaşma düzgün deyildir. Sənəd yalnız üzərində əks etdirilən tərəflər arasında baş verən əməliyyatı təsdiq edir və baş vermiş əməliyyat sənəddə əks etdirilən tərəflərin uçotunda nəzərə alına bilər.

Ona görə də icarəçi icarə müqaviləsinin bağlanması ilə bərabər icarə zamanı çəkilməsi zəruri olan xərclərlə bağlı müvafiq müqavilələri öz adına dəyişdirməlidir. Məsələn, icarəyə götürülmüş bina ilə əlaqədar elektrik enerjisi, su və qaz məsrəfləri, kommunal və rabitə xərclərinə görə müfaviq təşkilatlarla yenidən öz adına müqavilələr bağlamalıdır.

İcarəyə verən bununla razılaşmadığı halda, yəni icarə zamanı çəkilməsi zəruri olan xərcləri icarəyə verən özü çəkdikdə sadalanan əlavə xərcləri icarə haqqına əlavə etməklə icarəçidən yekun məbləğ tələb edə bilər. Bu halda yekun məbləğ icarəyə verənin gəliri hesab ediləcəkdir. Həmçinin icarəyə verən fiziki şəxs olduğu halda icarəçi (hüquqi şəxs və ya VÖEN-i olan fiziki şəxs) yekun məbləğdən ödəmə mənbəyində 14% vergini saxlamalı və dövlət büdcəsinə ödəməlidir.

 

 4. İcarəyə götürülən əmlakın (torpaq istisna olmaqla) gələcəkdə icarəçinin mülkiyyətinə keçən və ya keçməyən, yaxud icarəyə götürülən əmlakın icarəçi tərəfindən uçota alınan və ya alınmayan olmasının şərtləşdirilməsi

İcarəyə götürülmüş əmlak son nəticədən asılı olaraq iki formada təzahür edir.

Birincisi, heç vaxt icarəçi tərəfindən balansa (uçota) qəbul edilməyən (gələcəkdə mülkiyyət hüququnu əldə etməklə bağlı olmayan), qısa müddətə, yaxud çox uzun müddətə olmayan, geniş şəkildə təşəkkül tapan icarə müqaviləsi ilə istifadə olunan əmlak.

İkincisi, müqavilənin sonunda icarəçi tərəfindən mülkiyyət hüququ tam əldə edilməklə, həmçinin icarəyə götürdüyü andan öz balansında uçota almaqla daha uzun müddətə, nadir hallarda bağlanılan uzunmüddətli icarə müqaviləsi ilə (lizinq yolu ilə) istifadəyə götürülmüş əmlak.

İcarəçi tərəfindən çəkilən əsaslı və cari təmir xərclərinin icarəçiyə aid edilməsinin müəyyənləşdirilməsində icarəyə götürülən əmlakın icarəçinin balansında uçota alınıb-alınmaması məsələsi dəqiqləşdirilməlidir.

Vergi Məcəlləsinin 115.5-ci maddəsində göstərilir ki, əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Məcəllənin 115.6-cı maddəsinə görə, təmir işləri icarəyə verənin hesabına aparıldıqda, yaxud icarəçinin hesabına aparılaraq icarə haqqı ilə əvəzləşdirildikdə bu Məcəllənin 115-ci maddəsinin müddəaları icarəçiyə tətbiq edilmir. Göründüyü kimi, Məcəlləyə görə, təmir xərcləri (cari və əsaslı təmir xərcləri) icarəçi tərəfindən çəkildiyi halda bu xərclərin icarə haqqı ilə əvəzləşdirilməsini, yəni dolayısı ilə icarəyə verən tərəfindən ödənilməsini nəzərdə tutur. İcarəyə verənin bununla razılaşıb-razılaşmamasından asılı olmayaraq icarəçinin hətta öz adına rəsmiləşdirməklə çəkdiyi təmir xərcləri vergitutma baxımından gəlirdən çıxılan xərclərə aid edilə bilməz. Lakin bu hal icarəçi tərəfindən balansda uçota alınmayan icarəyə götürülmüş əmlakla bağlıdır. İcarəyə götürülən əmlak icarəçinin balansında uçota alınması şərti ilə, məsələn, lizinq yolu ilə istifadə olunduğu halda bütün təmir məsrəfləri icarəyə götürən (lizinq alan) tərəfindən xərc kimi tanınmalıdır. Vergi Məcəlləsinin 115.4-cü maddəsində nəzərdə tutulan «icarəyə götürülmüş əsas vəsaitlər» məhz «icarəçinin balansında uçota alınmaqla icarəyə götürülən əsas vəsaitlər» kimi başa düşülməlidir.

Mühasibat uçotu məqsədləri üçün icarəyə götürülmüş əmlakla bağlı təmir məsrəflərinin uçotu «Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar»da geniş əks olunmuşdur. Qaydalara görə, icarəyə götürülmüş əsas fondların hər bir kateqoriyası üzrə təmir məsrəflərinin məbləğlərinin mühasibat uçotunda əks olunması aşağıdakı qaydada aparılır:

· Əsas fondların icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə məsrəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Bağlanmış müqavilənin şərtlərindən asılı olaraq əsas fondlar uçota alınır.

· Bir ildən artıq müddətdə icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, yaxud alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır. 

· Bir ildən az müddətə icarəyə götürülən, alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçməyən obyektlər, onun əsas fondlarına aid edilmədiyi üçün uçota alınmır.

· İcarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə əsaslı təmir məsrəflərinin məbləği bu Qaydaların 4.1-ci və 4.2-ci bəndlərinə uyğun olaraq əsas fondların balans dəyərinin artırılmasına yönəldilir.

· İcarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə cari təmir məsrəflərinin məbləği bu Qaydaların 3.2-ci, 4.3-cü və 4.4-cü bəndlərinə uyğun olaraq xərcə aid edilir.

· İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar icarəçi tərəfindən təmir olunduqda bununla əlaqədar məsrəfləri təsdiqləyən lazımi sənədlər icarəyə verənə təqdim edilir.

· İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar üzrə təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənişlə və ya bu işlər icarəçinin öz vəsaitləri hesabına aparıldıqda icarə haqqının azaldılması yolu ilə bu qaydada kompensasiya edilir:

Təmir işlərinin dəyəri icarəyə verən tərəfindən təmir işlərinin məsrəfləri birbaşa ödənildikdə, «Bankda olan hesablaşma hesabları»nın müvafiq subhesablarının debeti və «Qısamüddətli debitor borcları» nın hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Təmir işlərinin dəyəri icarə haqqının azaldılması yolu ilə kompensasiya edilən zaman «Qısamüddətli debitor borcları» hesabının krediti «İcarə ilə bağlı qısamüddətli kreditor borcları» hesabının müvafiq subhesablarının debeti ilə müxabirləşir.

Deməli, balansında uçota almaqla icarəyə götürülmüş əsas fondlar üzrə icarəçi tərəfindən çəkilmiş əsaslı və ya cari təmir xərcləri icarəçinin xərci hesab edilir. Balansında uçota alınmadan icarəyə götürülmüş əsas fondlar üzrə icarəçi tərəfindən çəkilmiş əsaslı və ya cari təmir xərcləri isə icarəçinin xərci hesab edilmir. Balansında uçota almadığı əmlaka görə icarəçi çəkdiyi təmir məsrəfləri ilə bağlı sənədləri (hətta öz adına olan sənədləri) icarəyə verənə təqdim etməli və bu xərclərin əvəzini icarəyə verən ödəməlidir.

Mehdi Babayev
2.8 MB