Vergiler.az



Mehdi Babayev

«Professional MÜHASİB» jurnalının baş redaktoru, sərbəst auditor
Uçotda yeni hesablar planının ən işlək hesablarından istifadə edilməsi

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2016-cı il tarixli Q-02 nömrəli qərarı ilə «Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası», həmçinin Kollegiyanın Q-03 nömrəli 03 fevral 2016-cı il tarixli qərarı ilə yeni «Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları» təsdiq edilmişdir. Hər iki Qayda köhnə (ənənəvi) hesablar planının tətbiqini praktik olaraq ləğv edir. Lakin müəssisələrin əksəriyyətində hələ də ikirəqəmli hesablar planından istifadə olunması prosesi davam edir. Burada çətinlik yarada biləcək əsas məqam köhnə hesablar planına praktik vərdiş edən mühasiblərin yeni üçrəqəmli hesablar planından istifadəyə keçməsi ola bilər.

Yeni hesablar planında 150-yə yaxın hesab tövsiyə olunub və bunlara əlavələr də edilə bilər. Sual yaranır ki, mühasiblər bütün bu hesabları əzbərləməyə məcburdurlarmı? Bəzi mühasiblər bütün hesabların nömrələrini və adlarını tam əzbərləməyincə uçotu apara bilməyəcəklərini düşünə bilərlər. Lakin bundan çıxış yolu vardır. Hazırda fəaliyyət göstərən müəssisələrin böyük əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləridir və onların da çoxu vergi ödəyicisi kimi sadələşdirilmiş vergi sistemini tətbiq edirlər. Əksəriyyət təşkil edən belə müəssisələrin uçotunun aparılmasında çox az (məhdud) sayda mühasibat hesablarından istifadə etmək olar. Bu zaman daha vacib hesablardan istifadə etməklə həm mühasibat üzrə sintetik uçotu aparmaq olar, həm də bu uçot məlumatları ilə müvafiq vergi bəyannamələrinin aktivlər, kapital və öhdəliklər barədə məlumatları əks etdirən Əlavəsini tərtib etmək olar.

Məsələn, ticarət, ictimai-iaşə, digər xidmət sahələrində fəaliyyət göstərən və məhsul istehsalı ilə məşğul olan müəssisələrdə (sadələşdirilmiş və ya ƏDV ödəyicisi olan), həmçinin fərdi sahibkarlar tərəfindən yeni hesablar planının aşağıda göstərilən minimum sayda hesablarından istifadə etməklə (sub-hesablarsız) mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını hazırlamaq olar.

Cədvəldə göstərilən cəmi 28 yeni üçrəqəmli hesabdan istifadə etməklə müəssisənin mühasibat uçotunu qurmaq olar. Tövsiyə olunan bu «mini» cədvəli tərtib edərkən uzunmüddətli aktivlər və bununla əlaqədar hesablar nəzərdə tutulmayıb. Çünki bu hesablarda uçota alınmalı əməliyyatlar indiki biznes şəraitində çox nadir hallarda baş verir. Həmçinin, cədvəldə eyni xarakterli əməliyyatların bir hesabda uçotunun aparılması nəzərdə tutulub. Məsələn, qısamüddətli debitor borclara aid 211 - 218 hesablarda uçota alınan əməliyyatların hamısı baş versə də, həmin eyni xarakterli əməliyyatları təkcə 211 hesabda uçota almaq olar. Bunu ciddi səhv kimi qəbul etmək lazım deyil, çünki  belə uçotaalma şərti və müvəqqətidir. Tutaq ki, müəssisənin həm mal satışından, əmlakın icarəyə verilməsindən, həm də tikinti-təmir işlərinin görülməsindən gəliri olmuşdur və bu 3 istiqamətdə gəlirlərin subyekti olan müştərilərin hər biri ilə hesablaşmaların uçotunun aparılması üçün yeni hesablar planında ayrıca hesab (211, 214, 215) nəzərdə tutulmasına baxmayaraq, bir hesabda, yəni bu əməliyyatları 211 ¹-li hesabda uçota almaqla kifayətlənmək olar.

Təbii ki, müəssisənin fəaliyyəti zamanı çox az hallarda baş verən (intensiv olmayan)  əməliyyatlar mövcud ola bilər. Məsələn, mənfəətdən dividendlərin verilməsi, bank kreditlərinin alınması, törəmə müəssisələrə investisiyaların qoyulması kimi əməliyyatları buna aid etmək olar. Belə əməliyyatlar baş verdikdə tövsiyyə olunan cədvələ əlavə hesablar artırmaq olar. Ümumiyyətlə, müəssisənin mühasibat uçotunda sintetik uçot aparılarkən, hesablar planındakı minimum sayda hesablardan istifadəyə səy göstərilməsi və ən vacibi, işçi hesabların aydınlaşdırılması məsləhətdir.

Hörmətli oxucular, bu «mini» cədvəlin tövsiyə olunmasında məqsəd yeni üçrəqəmli hesablar planından istifadəyə operativ başlamanı (keçidi) təmin etmək və ilkin mərhələdə mühasiblərdə yarana biləcək «yoruculuğu» aradan qaldırmaqdır. Lakin müəyyən müddət keçdikdən və mühasiblərin bu sahədə peşəkarlığı artırıldıqdan sonra yeni hesablar planından bütövlükdə istifadəni təmin etmək lazımdır.

Mehdi Babayev
0.0 MB