Vergiler.az

Mehdi Babayev

«Professional MÜHASİB» jurnalının baş redaktoru, sərbəst auditor
Uçotda əsaslı və cari təmir məsrəflərinin fərqləndirilməsi

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının «Q-19» nömrəli «23» sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar»a əsasən, mühasibat uçotunda təmir məsrəfləri iki hissəyə bölünüb: əsaslı təmir məsrəfləri və cari təmir məsrəfləri.

Əsaslı təmir məsrəfləri - əsas fondların istismar müddətinin uzadılması məqsədilə smeta sənədləri əsasında hesabat dövründə bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.

Cari təmir məsrəfləri - əsas fondların hər bir kateqoriyasının saxlanılması, istismarı və vaxtından əvvəl köhnəlməsinin qarşısının alınması üçün (o cümlədən ayrı-ayrı hissələrinin dəyişdirilməsi, bərpası, rənglənməsi, yağlanması, sazlanması) üçün onlara texniki baxışın keçirilməsi və texniki xidmətin göstərilməsi ilə bağlı olan məsrəflərdir.

Bu iki anlayış haqqında verilən tərifin daha anlaşıqlı olmasına ehtiyac vardır. İlk baxışda bu iki məsrəf növü «böyük» və «kiçik» anlamına gəlir. Bəzən elə təmir məsrəfləri olur ki, təsnifləşdirilməsi çətin olur və ya təsnifləşdirmək (təmirə aidiyyətinin olub-olmamasını aydınlaşdırmaq) mümkün olmur. Məsələn, avtomobilin mühərrikinin işləməsi üçün istifadə olunan yanacaq (benzin, dizel) təmir məsrəfi deyil, ancaq istifadə olunan sintetik yağ təmir məsrəfidir.

Əgər təmir məsrəflərinin göstərilən iki növündən birinin, məsələn əsaslı təmir məsrəflərinin mahiyyəti haqqında tam bilgilərə nail olsaq, praktiki olaraq qalan bütün təmir məsrəflərini cari təmir məsrəflərinə aid etmək olar. «Əsaslı təmir məsrəfləri» anlayışındakı ayrıca götürülmüş bəzi ifadələrə diqqət yetirək. Anlayışın məzmunundan dolayısı ilə məsrəfin «əsaslı» hesab edilməsi ilə bağlı «tələbləri» görmək mümkündür. Anlayışın məzmununu «parçalamaqla» tələbləri müəyyən edək.

1-ci təmir smeta sənədləri əsasında olmalıdır.

2-ci təmir hesabat dövründə bir dəfədən çox olmamaq şərti ilə aparılmalıdır.

3-cü təmiri həyata keçirilən əsas fond tam aşınmış (köhnəlmiş) olmalıdır.

4-cü təmir zamanı əsas fondun struktur komponentlərinin bütün hissələri sökülməli və dəyişdirilməlidir.

«Smeta sənədləri əsasında» dedikdə, söhbət tikinti işlərindən gedə bilər. Adətən smetalar tikinti və tikinti-quraşdırma işləri üçün tələb olunan sənəd formasıdır. Ona görə də, təmir məsrəfləri tikinti işləri ilə əlaqədardırsa, müvafiq qaydada smeta sənədi olmalıdır ki, məsrəflər «əsaslı» hesab edilsin. Digər tərəfdən eyni adlı  (eyni istiqamətli) təmir məsrəfləri ildə bir dəfədən artıq olmamalıdır. Əgər hər hansı tikinti işi smeta sənədsiz həyata keçirilirsə və bu işin görülməsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən smetasız işin görülməsinə etiraz edilməmişdirsə, belə tikinti-təmir işləri «əsaslı» hesab edilməyərək, «cari» təmir məsrəflərinə aid edilə bilər. Məsələn, ofis binasının otaqlarından birində rütubətli hava səbəbindən divar kağızları xarab olmuş və qopub tökülmüşdür. Aydındır ki, belə xərc üçün smeta hazırlanmasına ehtiyac yoxdur. Sadəcə olaraq divarın üst qatı sökülməli, təmizlənməli və yeni divar kağızı ilə bərpa olunmalıdır. Belə təmir məsrəfləri «cari» hesab ediləcəkdir. Digər bir misal olaraq məsələn, ofis binasının dam örtüyü (dəmir lövhələri) tam sıradan çıxmışdır və dam örtüyü bütövlükdə dəyişdirilməlidir. Dam örtüyünün dəyişdirilməsi üçün mövcud tikinti qaydalarına görə müfaviq icra hakimiyyəti orqanına müraciət olunmalı və razılaşdırıldıqdan sonra tikintisi həyata keçirilə bilər. Bunun üçün də yeni smeta hazırlandıqdan sonra tikinti aparılacaqdır. Belə təmir məsrəfi «əsaslı» hesab ediləcəkdir. Lakin dam örtüyünün bir və bir neçə xarab olmuş dəmir lövhəsinin yenisi ilə əvəz edilməsi «cari» təmir məsrəfi hesab ediləcəkdir.

Anlayışın məzmununda təmiri həyata keçirilən əsas fondun tam aşınmış (köhnəlmiş) olduğu göstərilir. Anlayışın bu məzmununda nəzərdə tutulan əsas fondların təmiri üçün smeta sənədlərinin olması tələbi yoxdur. Dolayısı ilə məzmunun bu hissəsi daha çox maşın və avadanlıqlara, nəqliyyat vasitələrinə, tikili və qurğu olmayan digər əsas vəsaitlərə aid edilir. Burada «tam aşınmış (köhnəlmiş)» dedikdə, «tam amortizasiya olunmuş» kimi başa düşülməməlidir. Çünki, mühasibat uçotunda əsas vəsait uçot siyasətinə uyğun olaraq tam amortizasiya tətbiq olunduqdan sonra ya hər hansı formada çıxdaş edilir (ya satılır, ya da ləğv edilir), ya da yenidən qiymətləndirildikdən sonra yeni amortizasiya tətbiqinə başlanılır. Hər bir halda əsas vəsaitin əsaslı təmiri üçün həmin əsas vəsait fiziki baxımdan tam aşınmış (tam köhnəlmiş) olmalıdır. Deməli, əsas vəsait istismardadırsa, tam aşınmayıbsa, bu əsas vəsaitə çəkilən təmir məsrəfləri «cari» hesab ediləcəkdir. Əlbəttə, əsaslı təmir məsrəflərinin çəkilməsi nəzərdə tutulan əsas vəsaitin tam aşınması (köhnəlməsi) barədə aktın (məsələn qüsur aktının) tərtib olunması və təsdiqlənməsi əsasverici sənəd hesab edilə bilər.

Anlayışın məzmununda təmiri həyata keçirilən tam aşınmış əsas fondun struktur komponentlərinin bütün hissələrinin sökülməsi və dəyişdirilməsi nəzərdə tutulur. Əgər tam aşınmış (köhnəlmiş) əsas vəsaitin hər hansı struktur komponentinin bir və ya bir neçə hissəsi dəyişdirilərsə, belə təmir məsrəfləri «cari» hesab ediləcəkdir.

Məsələn, mühərriki xarab olmuş nəqliyyat vasitəsi tam köhnəlmişdir, lakin mühərriki təmir etməklə nəqliyyat vasitəsindən istifadə etmək olar. Bu avtonəqliyyat vasitəsinin struktur komponenti kimi mühərriki nəzərdə tutmaq olar. Bütövlükdə mühərrik sökülüb yenidən ona lazım olan ehtiyat hissələr alınmaqla yığıldığı halda belə təmir məsrəfi «əsaslı» olacaqdır.

Amma ortaya bir maraqlı məqam çıxır. Əgər işlək (istismarda) olan, lakin tam köhnəlməyən (hələ tam aşınmayan) nəqliyyat vasitəsinin isitismarı zamanı təsadüfən mühərriki tam sıradan çıxmışdırsa, bu avtonəqliyyat vasitəsinin də mühərrikini struktur komponenti kimi nəzərdə tutmaq olar. Lakin, bu nəqliyyat vasitəsinin bütövlükdə mühərriki sökülüb yenidən ona lazım olan ehtiyat hissələr alınmaqla yığıldığı halda belə təmir məsrəfi «cari» hesab ediləcəkdir, çünki, nəqliyyat vasitəsi tam aşınmamışdır. Digər tərəfdən tam aşınmayan nəqliyyat vasitəsinin mühərrikinin (yəni, struktur komponentinin) ayrıca olaraq bir və ya bir-neçə hissəsi, məsələn, motor kəməri, klapanlar və ya mühərrikin tam sökülməsinə ehtiyac qalmadan dəyişdirilməsi mümkün olan ehtiyat hissələr yenisi ilə əvəz edilərkən, bununla bağlı bütün təmir məsrəfləri «cari» hesab ediləcəkdir.

Ümumiyyətlə, belə qənaətə gəlmək olar ki, hər hansı tam aşınmış (tam köhnəlmiş) əsas vəsaitin tərkibini struktur komponentlərə bölmək mümkündürsə və belə struktur komponent bütövlükdə dəyişdirilirsə (tam təmir olunursa), tam aşınmış (tam köhnəlmiş) belə əsas vəsaitin təmir məsrəfləri (əsaslı) hesab ediləcəkdir. Adətən, struktur komponentlərdən ibarət olan və ya struktur komponentlərə bölmək mümkün olan əsas vəsaitlər daha həcmli olurlar. Kiçik ölçülü həcmi olan əsas vəsaitlərin hər hansı hissəsinin təmirini «cari» hesab etmək olar. Məsələn, kompüter dəsti kiçik həcmli əşyadır və bu dəstin işçi qutusunu, monitorunu, klaviaturasını, mousunu yenisi ilə əvəz edərkən və ya təmir edərkən, belə təmir məsrəflərini «cari» hesab etmək olar. Yaxşı olar ki, hər hansı əsas vəsait istismara verilərkən, ayrıca struktur komponentləri vardırsa, bu barədə istismar aktında xüsusi qeydlər göstərilsin ki, mühasibatlıqda təmir məsrəflərinin istiqamətinin müəyyənləşdirilməsi asanlaşsın.

 

Hörmətli oxucular, bütün göstərilən təhlillər mühasibat uçotu məqsədləri daşıyır və bu təhlillər anlayışların məzmununun leksik mənalarına istinadən mütəxəssis fikridir. Bu təhlillər oxuculara təmir məsrəflərinin təsnifləşdirilməsinin təyin edilməsində tövsiyə oluna bilər.

Mehdi Babayev
2.8 MB