Vergiler.az



Akif Musayev

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini
Vergi inzibatçılığının «vergilər üzrə» prinsipi əsasında təşkili

 

Vergi idarəçiliyi sistemində inzibatçılığın müasir standartlar çərçivəsində təşkili həm vergi orqanlarının fəaliyyətinin səmərəliliyinə, həm də vergi ödəyicilərinin vergitutma sahəsində öhdəliklərinin yüksək keyfiyyətlə yerinə yetirilməsinə müsbət təsir  göstərən əsas amillərdəndir.

Vergi inzibatçılığının formalaşdığı ilk dövrlərdə vergi orqanlarında idarəçilik «vergilər üzrə» prinsipi ilə təşkil edilirdi. Zaman keçdikcə yeni vergi növləri tətbiq olunmağa başlanmış və bununla əlaqədar vergi orqanlarının strukturunda həmin vergi növünün inzibatçılığını təmin edən yeni bölmələr yaradılmışdır. Lakin vergi sistemi və inzibatçılığı inkişaf etdikcə bir sıra ölkələr tərəfindən vergi inzibatçılığının təşkilinin fərqli prinsiplərindən, o cümlədən «vergi ödəyiciləri üzrə» və «funksional» prinsiplərdən də istifadə olunmuşdur. Başqa sözlə, vergi inzibatçılığı həmin  prinsiplər kombinə edilməklə təşkil olunmuşdur. 

Vergi inzibatçılığının «vergilər üzrə» prinsipi əsasında təşkili o deməkdir ki, vergi orqanlarının tərkibində xüsusi bölmələr yaradılır. Bu bölmələr isə:

· hər bir vergi növü və ya əlaqəli vergilər qrupu üzrə vergitutmanın metodologiyasının müəyyən edilməsinə və tətbiqinə cavabdeh olur;

· vergilərin düzgün hesablanmasına, tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirir.

Vergi orqanlarının fəaliyyətinin bu şəkildə qurulması modelinin analoqu kimi konkret məhsulun buraxılması üçün tələb olunan bütün texnoloji prosesləri həyata keçirən struktur bölmələrdən ibarət hər hansı təsərrüfat subyektini göstərmək olar. Vergi inzibatçılığının təşkilinin oxşar istiqamətləri bazar münasibətləri və sisteminin yaranmasının ilkin mərhələlərinə də təsadüf edir.

Vergi inzibatçılığının «vergilər üzrə» prinsipi əsasında təşkil olunmasının  klassik misalı Böyük Britaniyada yaradılan vergi inzibatçılığı sistemidir. Bu ölkədə bir-birindən asılı olmayan iki müstəqil departament mövcuddur:

¨ Daxili vergilər departamenti;

¨ Gömrük və aksiz departamenti (bu departament həm də ƏDV daxil olmaqla vasitəli vergilərə nəzarəti həyata keçirir).

Hər bir departamentin də öz idarəetmə sistemi və strukturu vardır. Lokal səviyyədə ayrı-ayrı ünvanlarda təşkil olunmuş ofislər «onlara aid» vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirir, vergi ödəyicisi ilə vergi orqanı arasında yaranan münasibətləri idarə edir.

Vergi inzibatçılığının bu formada təşkilinin müəyyən üstünlükləri olsa da, onun bir sıra çatışmayan cəhətləri də vardır. İnzibatçılığın «vergilər üzrə» prinsipi əsasında  təşkilinin əsas üstünlüklərindən biri hər bir vergi növü üzrə müəyyən məsuliyyət sistemi və hesabatlılıq yaradılmasıdır. Bundan əlavə, vergi orqanlarının mərkəzi aparatında ayrı-ayrı vergilər üzrə cavabdeh olan və yerli vergi orqanlarında əməkdaşlar qrupuna vertikal sistem üzrə rəhbərliyi həyata keçirən bölmələr təşkil edilir. İnzibatçılığın bu qaydada təşkili zamanı işçilər tezliklə yüksək ixtisaslaşma əldə edirlər. Çünki onlar konkret vergi növü üzrə məşğul olarkən uçotdan tutmuş vergi ödəyiciləri ilə mübahisələrin məhkəmə səviyyəsində həllinə qədər mərhələlərdə baş verən proseslərin incəliklərini öyrənirlər. Bu zaman vergi qanunvericiliyinin yeni normalarının hazırlanması və tətbiqi zamanı vergilərin hesablanması, ödənilməsi ilə bağlı vergi ödəyicilərində yaranan suallarla və vergi daxilolmalarının proqnozlaşdırılması üzrə aparılan hesablamalarla bağlı məsələlər daha tez həll edilmiş olur.

Bəzi mütəxəssislər hesab edirlər ki, vergi inzibatçılığının «vergilər üzrə» prinsipi əsasında təşkil olunması vergi orqanlarının qeyri-stabil maliyyə şəraitində fəaliyyət göstərdiyi, ayrı-ayrı vergilər üzrə vergitutmanın fərqli metodlarının tətbiq edildiyi hallarda daha məqsədəuyğundur.

Vergi inzibatçılığının «vergilər üzrə» prinsipi əsasında təşkilinin bəzi çatışmayan cəhətləri də vardır. Bu, vergi inzibatçılığının uçot, yoxlama, hesabatlılıq kimi funksiyalarının kütləvi şəkildə təkrarlanması ilə əlaqədar inzibatçılıq xərclərinin artması, həyata keçirilən tədbirlərin koordinasiyasının və hər bir vergi növünün səmərəliliyinin ayrı-ayrılıqda müəyyənləşdirilməsinin mürəkkəbliyi ilə  bağlıdır.

Bir çox hallarda vergi ödəyiciləri vergi inzibatçılığınının «vergilər üzrə» prinsipi əsasında təşkilini mənfi qiymətləndirirlər. Bu ondan irəli gəlir ki, ödəyicilər vergi inzibatçılığı bu model əsasında təşkil olunmuş vergi orqanlarının ofislərində olarkən, həmçinin, yoxlamalar zamanı müxtəlif bölmələrin vergi əməkdaşları ilə təmasda olmaq məcburiyyətində qalırlar. Bu isə vergi qanunvericiliyinə əməl olunması məsələlərində daha çox işçi qüvvəsinin və vaxtın sərf olunmasını tələb edir. Belə hallar kiçik biznes subyektlərində özünü daha çox büruzə verir. Bu da bir faktdır ki, bəzi hallarda müxtəlif vergi departamentləri arasında razılaşmanın və koordinasiyanın zəif olması vergi ödəyicilərinə bundan öz məqsədləri üçün istifadə etməyə şərait yaradır.

Akif Musayev
9.5 MB