Vergiler.az



Akif Musayev

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini
Vergi öhdəliyi və onun yerinə yetirilməsi

 

  Mahiyyət etibarilə vergi öhdəliyi anlayışı vergi ödəyicisinin vergini ödəmək vəzifəsi ilə eyni məna daşıyır. Bununla belə, vergi ödəyicisinin hər hansı bir vergini ödəmək vəzifəsi vergilər haqqında normativ-hüquqi aktlarla müəyyən olunur və vergi öhdəliyi yalnız vergi müəyyən edildiyi və hesablandığı halda yaranır. Ümumiyyətlə, vergini ödəmək vəzifəsi hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin dövlət tərəfindən alınması zamanı meydana çıxan iqtisadi münasibətləri əks etdirir.

Vergi nəzəriyyəsində vergi öhdəlikləri, bir tərəfdən,  dövlət tərəfindən müəyyən olunmuş vergiləri tənzimləyən hüquq normalarının məcmusunu, digər tərəfdən isə vergilərin hesablanması və ödənilməsi zamanı meydana çıxan iqtisadi münasibətləri özündə ifadə edir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergi ödəyicilərinin vergi öhdəlikləri vergi qanunvericiliyi ilə müəyyən olunmuş vergiləri ödəmək vəzifəsi kimi təsbit edilmişdir. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsinin əsasları, öhdəliyin yerinə yetirilməsi qaydası və şərtləri Vergi Məcəlləsində öz əksini tapmışdır.

Beynəlxalq təcrübədə vergi öhdəliyinin yaranması və yerinə yetirilməsi məsələləri araşdırılarkən aşağıdakılara daha çox diqqət yetirilir:

· vergi öhdəliyi mülki-hüquqi öhdəliklər nəzərə alınmaqla qurulur, lakin ona bu öhdəliklərdən hüquqi cəhətdən asılı olmayan iqtisadi münasibət kimi baxılır. Vergi öhdəlikləri icbari vergi hüququ normaları ilə tənzimlənir;

· vergi öhdəliklərinə vergi qanunvericiliyi ilə bağlı meydana çıxan xüsusi öhdəlik kimi baxılır. Bununla yanaşı, mülki hüququn öhdəliklərə dair normaları vergi öhdəliklərinə də şamil edilir;

· vergi öhdəliklərinə vergi ödəyicisinin əmlak və prosedur vəzifələrini birləşdirən fövqəladə mürəkkəb münasibət kimi baxılır.

Ümumilikdə götürsək, vergi ödəmək vəzifələrinə dövlətin və bələdiyyələrin maliyyə təminatı məqsədilə hüquqi və fiziki şəxslərin sərəncamında olan pul vəsaitlərinin vergi şəklində dövlət və yerli büdcələrə köçürülməsi üçün onların qanunla vəzifələndirilməsi kimi baxılır.

Vergilərin vaxtında və tam məbləğdə büdcəyə ödənilməsinin təmin edilməsi üçün borcların məcburi qaydada ödənilməsi metodları tətbiq olunduqda, bir qayda olaraq, vergi orqanları vergi ödəyicilərinə bu  barədə xəbərdarlıq göndərir. Bir çox hallarda verginin yalnız vergi orqanının  xəbərdarlığından sonra ödənilməsi, əslində, vergi ödəyicisində maliyyə vəsaitinin kifayət qədər olmamasına görə deyil, vergi ödəmək intizamının aşağı olması səbəbindən baş verir. Belə olan hallarda, gecikdirilmiş vergilərin məcburi qaydada alınmasının bir üsulu kimi,  vergi ödəyicisinin bank hesabından pul vəsaitinin silinməsi barədə bank idarəsinə icra sənədi olan sərəncamın qoyulmasından istifadə edilir. Bəzi hallarda isə ödənilməmiş vergilərin alınması borclu vergi ödəyicisinin əmlakının satışı hesabına həyata keçirilir.

Təcrübədə vergi borcunun üçüncü şəxslərin vergi ödəyicisinə olan borcu hesabına alınması da tətbiq edilir. Üçüncü şəxslərin  vergi ödəyicisinə borcu, əsasən,  göndərilmiş malların, görülmüş işlərin dəyərinin vaxtında ödənilməsi intizamının pozulması nəticəsində baş verir. 

Avropa ölkələrində vergi ödəyicisinin borcu yarandıqda ya vergi ödəyicisinə borcların məcburi qaydada ödənilməsinin təmin olunacağı barədə bildiriş göndərilir və yaxud müəyyən olunmuş hallarda vergi borcunun ödənilməsi müddətinin uzadılması həyata keçirilir. Bundan başqa, əgər vergi orqanı vergi borcu olan şəxsin əmlakını müsadirə etmək qərarına gəlmişdirsə, o, vergi ödəyicisini 30 gün qabaqcadan məlumatlandırır. Kanadada mənfəət vergisinin ödəyicisi olan iri vergi ödəyicisi  tərəfindən vergi borcunun məcburi alınmasından apelyasiya şikayəti verildiyi halda,  mübahisə edilən məbləğin yarısı qabaqcadan, qalan məbləğ  isə ona hesablanmış faizlərlə birlikdə mübahisə vergi orqanının xeyrinə həll edilərkən  tutulur. Məhkəmənin qərarı vergi ödəyicisinin xeyrinə çıxarıldıqda isə o, bütün məbləğin və hesablanmış faizlərin qaytarılmasını tələb etmək hüququ qazanır. İngiltərədə vergi borcunun tutulması apelyasiya şikayətinə baxılması zamanı dayandırılır, məhkəmə qərarından sonra isə borcun və faizlərin tutulması həyata keçirilir.

Beynəlxalq təcrübədə vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üsullarından biri kimi,  əmlakın girov götürülməsi təcrübəsindən geniş istifadə olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsində də vergilərin ödənilməsi müddətinin 1 aydan 9 ayadək uzadılması hallarında (verginin bir dəfəyə ödənilməsi iflasa uğramaq təhlükəsi yaratdıqda, təbii fəlakət nəticəsində vergi ödəyicisinə zərər dəydikdə) ödənilmə müddəti uzadılmış öhdəliklərin yerinə yetirilməsinə zəmanət verilməsi kimi vergi ödəyicisinin əmlakının girov qoyulması nəzərdə tutulmuşdur.   

Vergilərin tam yığılmasının təmin olunması üçün vergi öhdəliklərinin yerinə yetirilməsi məsələləri iqtisadçılar tərəfindən daim tədqiq olunsa da, bu məsələ gələcəkdə onun daha yaxından öyrənilməsini və səmərəli həll yollarının tapılmasını tələb edir. Bu gün Azərbaycanda da vergi inzibatçılığının və vergi qanunvericiliyinin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərdə əsas yerlərdən birini vergi öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsinin təmin edilməsinə yönəldilmiş tədbirlər tutur.

Akif Musayev
9.5 MB