Vergiler.az

Akif Musayev

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini
Beynəlxalq vergitutma və onun tətbiqi

 

  Qabaqcıl dünya ölkələrinin vergi sistemləri hazırda öz inkişafının yüksək mərhələsinə çatmışdır. Praktiki olaraq dünyanın əksər ölkələrinin vergi orqanları yüksək kompüter texnologiyaları ilə təmin olunmuş, vergi nəzarəti və tədqiqatlarını həyata keçirən xidmət strukturları yaradılmışdır. Onu da qeyd etmək lazımdır ki, vergi ödəyiciləri də yüksək ixtisasa malik hüquqşünasların və mühasiblərin köməyi ilə vergilərin qanuni yolla minimallaşdırılması istiqamətində tədbirlər görürlər.

Müasir dünyada vergilər dövlətin maliyyə təminatında və şirkətlərin maliyyə siyasətinin müəyyən edilməsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, həm də beynəlxalq iqtisadi əlaqələrin və münasibətlərin tənzimlənməsində böyük rol oynayır.  Vergilərin beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində istifadə edilən səmərəli alət olmasını nəzərə alan dövlətlər öz maraqlarının müdafiəsi üçün onun vasitəsilə müxtəlif  maneə  və məhdudiyyətlər qoyur. Bu zaman dövlətin həyata keçirdiyi xarici iqtisadi fəaliyyətin səmərəliliyi, ilk növbədə, ölkədəki mövcud  mürəkkəb və çoxpilləli vergi sistemindən asılı olur. 

Beynəlxalq hüquq prinsiplərinə əsasən, vergilərin tutulması o vaxt qanuni sayılır ki, vergitutmanın subyekti və obyekti birbaşa dövlət qanunlarının təsiri altına düşmüş olsun. Hər bir dövlət qüvvədə olan qanunları ilə öz ərazisində vergitutma sisteminin strukturunu, vergi dərəcələrini və vergilərin tutulması mexanizmini müəyyən edir.

Bütün ölkələrdə müəyyən olunmuş vergi rejimlərini tənzimləyən normalar ölkənin həm rezidentləri üçün, həm də ölkədə fəaliyyət göstərən xarici ödəyicilər üçün müəyyən edilir. Ayrı-ayrı ölkələrin vergitutma sahəsindəki qanunvericilik aktlarının normalarının fərqli olmasına baxmayaraq,  vergitutma mexanizminin müəyyən edilməsində iki əsas yanaşmadan istifadə olunur. Hər iki yanaşma vergi öhdəliklərinin yaranmasının əsas səbəbi olaraq, ölkə daxilində vergi münasibətlərin qurulmasının fərdi (subyekt) və ya predmetli (obyekt) əlaqələrini nəzərdə tutur.

Fərdi əlaqələr onun həm hüquqi, həm də iqtisadi cəhətdən ərazi mənsubiyyətini göstərir. Hüquqi mənsubiyyətin bir əlaməti kimi fiziki şəxslərin vətəndaşlığı və ya hüquqi şəxslərin olduğu yer qəbul edilir. Eyni zamanda, dövlətlə iqtisadi əlaqənin əlaməti kimi fiziki şəxsin yaşadığı yer və ya daimi olduğu yer, hüquqi şəxsin isə fəaliyyət göstərdiyi yer başa düşülür. Bunlarla əlaqədar olaraq, vergitutma  subyektin milli əlamətinə - fiziki şəxsin yaşadığı yerə və hüquqi şəxsin fəaliyyət göstərdiyi yerə görə müəyyən edilir. Bu əsaslara əsasən, vergi ödəməli şəxslər yerli vergi ödəyiciləri və ya məhdud olmayan vergi öhdəlikləri olan şəxslərə aid edilir. Bir ölkədə qeydiyyatdan keçmiş vətəndaşlar və hüquqi şəxslər məhdud olmayan vergi öhdəlikləri daşıyaraq,  vergiləri ümumi gəlirlərindən və ya bütün əmlaklarından ödəyirlər. Bu zaman vergitutma vətəndaşlıq  prinsipi üzrə tutulur. Dövlətlə fərd arasında əlaqə olmadığı halda, vergi ödəmək öhdəliyi dövlətlə predmet əlaqəsi olduqda meydana çıxır. Bu o zaman baş verir ki, gəlir həmin ölkənin ərazisində əldə edilsin və ya əmlak onun ərazisində yerləşsin. Belə vergi subyektləri məhdud vergi öhdəliyi olan xarici ödəyicilər sayılır. Vergi öhdəliklərinin məhdudluğu onu nəzərdə tutur ki, ya gəlir ölkə ərazisində yaradılsın, ya da əmlak bu ölkənin ərazisində olsun. Vergitutmanın bu prinsipi ərazi prinsipi adlanır.

Vergilərin vətəndaşlıq və ərazi prinsipləri əsasında tutulması dünyanın bütün ölkələrində mövcuddur. Hər bir dövlət müstəqil surətdə öz vergitutma sistemini müəyyən edir. Vergitutma sistemlərinin fərqliliyi isə müəyyən iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq yaranır: inkişaf etməkdə olan ölkələrdə vergitutmanın ərazi prinsipi, inkişaf etmiş ölkələrdə isə vətəndaşlıq prinsipi daha çox yayılmışdır. Bununla yanaşı, bir çox ölkələrin vergi siyasətində hər iki prinsip əsas tutularaq ölkənin rezidenti sayılan fiziki və hüquqi şəxslər məcmu gəlirlərinə görə məhdud olmayan vergi öhdəliyi əsasında vergiyə cəlb edilirlər. Əgər gəlirlər xarici fiziki və hüquqi şəxslərin ölkə ərazisindəki fəaliyyəti nəticəsində əldə edilərsə, onların vergiyə cəlb olunması məhdud vergi öhdəliyi əsasında həyata keçirilir. Vergi ödəyicisi ölkənin rezidenti və ya vətəndaşı olmadıqda fərdin vergiyə cəlb olunması əldə edilən gəlirin ölkə ərazisi ilə bağlı olduğu halda həyata keçirilir.  İnkişaf etmiş ölkələrin bir çoxunda xarici fiziki və hüquqi şəxslərin vergiyə cəlb olunması ümumi əsaslarla həyata keçirilir. Həmin əsaslar, adətən, icraedici orqanların  təlimatlarında, məhkəmə qərarlarında, adətlərdə və s. konkretləşdirilir.  Bu  məsələ ilə bağlı ölkələrin ümumi mövqeyində iki əsas yanaşmanı qeyd etmək olar:

- dövlətin ərazisində xarici vergi ödəyiciləri tərəfindən fəaliyyətin göstərilməsi üçün daimi fəaliyyət göstərən xarici təşkilatın olması;

- ölkə ərazisində fəaliyyətin həyata keçirilməsi faktının olması.

Beləliklə, bu nəticəyə gəlmək olar ki, xarici vergi ödəyicilərinin dövlətlə olan fərdi və ya predmet əlaqələrinə görə vergiyə cəlb olunmasının əsas xüsusiyyəti qanunla müəyyən edilmiş vergilər  ödənilməklə  onların ölkənin idarə olunması xərclərinin çəkilməsi prosesində iştirakından, dövlət tərəfindən isə onlara gəlir əldə etmək şəraitinin yaradılmasının təmin edilməsindən ibarətdir.

Akif Musayev
9.5 MB