Vergiler.az

Akif Musayev

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini
Vergi rəqabətinin formaları

 

   Vergi rəqabətinin nəticələrinin qiymətləndirilməsinə zərurət onun formalarının təsnifləşdirilməsini tələb edir. İqtisadi subyektlər üçün vergi nəzarətinin iqtisadi səmərəliliyi təsnifləşdirmənin əsas kriteriyalarından biri olduğu üçün vergi rəqabətinin iki forması: səmərəli rəqabət və səmərəsiz rəqabət formaları müəyyənləşdirilib.

Dövlət hakimiyyəti orqanlarının iyerarxiyasına uyğun olaraq, horizontal və şaquli rəqabət formaları da vardır. Horizontal vergi rəqabəti müxtəlif ölkələrin eyni statuslu dövlət hakimiyyəti orqanları arasında baş verir. Şaquli vergi rəqabəti isə eyni bir ölkə daxilində vergi resurslarının əldə edilməsi uğrunda dövlət hakimiyyəti orqanlarının müxtəlif iyerarxiyaları arasında baş verir.

Mütəxəssislərin fikrincə, vergi rəqabətinin iqtisadi səmərəliliyi məsələsi iqtisadi subyektin vəziyyətindən asılıdır. Buna görə də real həyatda vergi resursları uğrunda gedən yarışmalar prosesinə müxtəlif mövqelərdən yanaşmaq lazımdır. Bunun üçün hərtərəfli təhlillərin aparılması vacibdir. Məsələnin mürəkkəbləşməsi isə onunla əlaqədar olur ki, iqtisadi tədqiqatlar aparılan sahələr dərindən öyrənilir və vergi rəqabətinin digər faktorlardan asılılığı təhlil edilir.

İqtisadi nöqteyi-nəzərdən, vergi rəqabəti iqtisadi cəhətdən o vaxt səmərəli sayıla bilər ki, vergi ödəyicilərinin əldə etdikləri fayda vergi yükünə bərabər və ya ondan artıq olsun. Bu halda vergi ödəyiciləri özləri üçün daha əlverişli olan vergi sisteminə məxsus ölkəni seçirlər.

Lakin seçilmiş ölkənin vergi sistemi vergi ödəyicisi üçün heç də həmişə onun gözlədiyi effekti vermir. Bu problemə nəzəri cəhətdən  yanaşmalar beynəlxalq təşkilatlar tərəfindən belə halların aşkar edilib aradan qaldırılmasına və vergi rəqabətinin səmərəsizliyinin qarşısının alınması məqsədilə praktiki tövsiyələrin işlənilib hazırlanmasına zərurət yaradır.

 Ümumiyyətlə, «ədalətsiz» vergi rəqabətinin aparılması ölkələr tərəfindən vergi ödəyicilərinin ayrıca götürülmüş kateqoriyalarına və vergitutma obyektlərinə münasibətdə xüsusi vergi rejimlərinin tətbiqi nəticəsində yaranır. Adətən, belə rəqabət dağıdıcı xarakter daşıyır və vergidən yayınma hallarının meydana çıxmasına şərait yaradır. Bu, həm də maliyyə axınlarının hərəkətini pozur, investisiya qoyuluşlarına və fəaliyyətin həyata keçirilməsi üçün ölkənin seçilməsinə münasibətdə vergi faktorlarının təsirini daha da artırır. Şübhəsiz ki, iqtisadi cəhətdən səmərəli vergi rəqabətinin həyata keçirilməsi çox vaxt nəzəri cəhətdən mümkün olur. Reallıqda  isə daha çox iqtisadi cəhətdən səmərəsiz olan vergi rəqabətinə rast gəlinir. Bunlarla əlaqədar olaraq, beynəlxalq təşkilatların fəaliyyətinin əsas istiqamətlərindən biri vergi rəqabətinin əlverişli olmayan nəticələri ilə mübarizə aparılmasıdır.

Qeyd olunduğu kimi, horizontal vergi rəqabəti ölkələrin dövlət hakimiyyəti orqanları arasında vergi resursları uğrunda gedən rəqabətdir. Mütəxəssislər hesab edirlər ki, müasir dövrdə horizontal vergi rəqabəti iki ciddi nəticəyə gətirib çıxara bilər: vergi dərəcələrinin sıfıra qədər endirilməsinə və ya vergi dərəcəsinin maksimal səviyyəyə qaldırılmasına. Tədqiqatlar göstərir ki, horizontal vergi rəqabəti zamanı kapitala qoyulan məbləğ sıfıra qədər düşə bilər və ondan az ola bilməz. 

Şaquli vergi rəqabəti zamanı vergi resursları uğrunda mübarizə dövlət hakimiyyətinin müxtəlif orqanları  arasında aparılır. Mütəxəssislərin fikrincə, regionlar arasında vergi rəqabətinin mümkünlüyü və baş verdiyi şərait ilk növbədə federal quruluşlu dövlətlərdə yarana bilər. Hakimiyyətin müxtəlif iyerarxiyalarını təmsil edən regionlar onlara verilmiş səlahiyyətlər daxilində bərabərhüquqlu və eyni  statuslu dövlət quruluşu subyektləri arasında horizontal və şaquli əlaqələr sistemi yaradırlar. Onlara müvafiq səlahiyyətlər, öz büdcələrini yaratmaq, sərbəst iqtisadi siyasət yeritmək imkanları verilir. Bunlar isə belə bir nəticəyə gəlməyə əsas verir ki, regionların iqtisadi subyekt kimi formalaşması nəticəsində onlar rəqabət əlaqələrinə girərək istehlakçıların və iqtisadi resursların öz regionuna cəlb olunmasına çalışırlar. Bu da rəqabət qabiliyyətli regionun inkişafını təmin edən əsas şərtlərdən birinə çevrilir. Regiona iqtisadi subyekt və rəqabət subyekti kimi baxılması müxtəlif cür ola bilər. Bəzi regionlar tam dotasiyalı ola bilər və  bu zaman rəqabət münasibətlərinin iştirakçıları olmasına baxmayaraq, onları tam mənada iqtisadi subyekt kimi qiymətləndirmək olmaz. Onu da qeyd etmək lazımdır ki, rəqabət proseslərinin iştirakçıları təkcə federativ dövlətin subyektləri deyil, həm də şəhərlər,  bələdiyyələr, eləcə də qeyri-inzibati regionlar ola bilər. Regionlararası rəqabət regional hakimiyyəti daha səmərəli işləməyə məcbur edərək hakimiyyətdən sui-istifadələrin qarşısını alır. Əsas etibarilə regionlararası rəqabətin müsbət tərəfi budur  ki, o, istehsalın maddi faktorlarının və istehlakçıların regionlar arasında azad hərəkəti nəticəsində nisbətən əlverişli regionun seçilməsinə şərait yaratmaqla regionda hakimiyyət idarəçiliyinin daha səmərəli həyata keçirilməsini stimullaşdırır.

Akif Musayev
9.5 MB