Vergiler.az



Xanbaba Quliyev

Auditorlar Palatasının üzvü
İnvestisiya (kapital) qoyuluşlarının əmlak vergisinə təsiri


   Müəssisələrin balansında (mülkiyyətində) uzunmüddətli maddi aktiv kimi qəbul edilən torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər), başa çatdırılmamış tikintilər (kapital qoyuluşu), quraşdırılası avadanlıqlar və digər maddi aktivlər ola bilər. Aydındır ki, əmlak vergisinə cəlb edilən obyekt müəssisənin balansında olan əsas vəsaitlərdir.

Bəzən müəssisələrin balansında «başa çatdırılmamış tikinti obyektləri» adı altında əmlak uçota alınır. Bu əmlaka «əsas vəsaitlərə investisiya qoyuluşu» da deyilə bilər və bu əmlakın dəyəri vergi ödəyicisi tərəfindən vergi uçotunda çox hallarda «əsas vəsait» kimi qəbul edilmir. Praktikada elə hallar olur ki, tikintisi tam başa çatdırılmayan və ya başa çatdırıldıqdan sonra tikintidən istifadəyə icazə verən və qeydiyyata alan müvafiq icra hakimiyyəti orqanı tərəfindən sənədləri hazır olmayan binalardan istifadə olunur. Tikintinin müvafiq istismar sənədlərinin olmamasını və ya tikintinin tam başa çatdırılmamasını əsas gətirərək vergi uçotunda «əsas vəsaitlər» hesabına uçota alınmadan istismar olunan uzunmüddətli maddi aktivlərin əmlak vergisinə cəlb edilməsi sual doğura bilər.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə görə, əmlak vergisi üçün vergitutma obyekti müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəridir. Əsas vəsait bu Məcəlləyə görə, həmçinin amortizasiya edilməli olan maddi aktivdir. Məcəllənin 114.2-ci maddəsində amortizasiya olunmayan aktivlər barədə göstərilib və bu maddədə göstərilməyən və Məcəllənin 114.3-cü maddəsinə uyğun gələn bütün digər maddi aktivlər amortizasiya olunanlardır. Məcəllənin müddəaları üzrə əsas vəsait anlayışının təhlilindən belə qənaətə gəlmək olar ki, vergitutma məqsədləri üçün binaların əsas vəsait kimi qəbul edilməsi onun istismarda olub-olmaması ilə əlaqələndirilə bilməz. Baxmayaraq ki, Məcəllənin 114.2.10-cu maddəsinə görə istismara verilməmiş anbarda olan əsas vəsaitlər amortizasiya olunmayandır, bina anbarlaşdırıla bilmədiyinə və yalnız daşınar əşyaların anbarlaşdırılması məntiqinə əsaslansaq, deməli, bu maddənin tələbi binalara aid edilə bilməz.

Mühasiblər bunu «Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları»nda göstərilən «əsas vəsait» anlayışı ilə də əlaqələndirə bilərlər. Qaydalarda «əsas vəsait» kiçik sahibkarlıq subyektinin mülkiyyətindəki istismarda, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud icarəyə verilən aktiv kimi göstərilir. Burada söhbət mülkiyyətində olanlardan gedirsə, mülkiyyəti tanıyan sənəd kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən qeydiyyat sənədinin olmasının vacibliyi amili ortaya çıxır. Bu sənəd olmadıqda hər hansı daşınmaz əmlakın (tikili, bina) əsas vəsait kimi təsnifləşdirilməsi mümkün olmur və bu səbəbdən də əmlak vergisindən yayındırılmasına dolayısı ilə şərait yaranır.

Vergi Məcəlləsində bu məsələ üzrə «mülkiyyət» anlayışı nəzərdə tutulmayıb. Hətta Məcəllənin 197.1.3-cü maddəsində müəssisələrin məhz balansında olan əsas vəsaitlər vurğulanır. Bura müəssisənin mülkiyyətində olmayan lizinqə götürülən aktivləri də əlavə etmək olar.

Vergi Məcəlləsinin 114.3.8-ci maddəsində göstərilir ki, cari ildə faktiki dəyəri ödənilmiş istehsal təyinatlı kapital qoyuluşları, habelə lizinq obyekti olan əmlak üçün Məcəllənin 114.3.1, 114.3.2, 114.3.3 və 114.3.7-ci maddələrində nəzərdə tutulmuş illik amortizasiya normaları 2 dəfəyədək artırıla bilər. Deməli, bu tip kapital qoyuluşu (investisiya qoyuluşu) amortizasiya olunan aktiv olduğuna görə əsas vəsait hesab edilməlidir və həmin kapital qoyuluşunun qalıq dəyəri əmlak vergisinin hesablanmasında nəzərə alınmalıdır. Lakin «Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydarı»nda bu tip kapital qoyuluşu məbləğləri 08 ¹-li Kapital qoyuluşu hesabında uçota alınır və mühasiblər tərəfindən 01¹-li hesabda uçota alınmadığına görə əmlak vergisinin hesablanmasında yayındırıla bilər. İstehsal təyinatlı kapital qoyuluşları olmayan digər kapital qoyuluşu nəticəsində istifadə edilən, lakin mülkiyyət hüququnu təsdiq edən sənədi olmayan tikililərin isə Vergi Məcəlləsinin 143-cü maddəsinin tələbi həcmində dəyərlə vergi uçotunda əsas vəsait kimi uçota alınması qanunsuz hesab edilməməlidir.

Göründüyü kimi, mühasiblər əmlak vergisinin hesablanması zamanı vergi uçotunun tələblərini mühasibat uçotu qaydalarında nəzərdə tutulan tələblərdən üstün tutmalı və vergilərin düzgün hesablanmasına nail olmalıdır. 

Xanbaba Quliyev
8.5 MB