Vergiler.az

Xanbaba Quliyev

Auditorlar Palatasının üzvü
Vergi yoxlamaları nəticəsində hesablanan vergilərin, maliyyə sanksiyalarının və faizlərin vergi uçotu

 

   Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq aparılan kameral və səyyar vergi yoxlamaları nəticəsində vergi ödəyicisinə qanunauyğun olaraq vergilər, maliyyə sanksiyaları və digər məcburi ödənişlər tətbiq oluna bilər. Yoxlamalar zamanı hesablanmış məcburi ödənişlər təsərrüfat subyektinin hesabat dövrünün xərcləri kimi tanınmalıdır. Mühasibləri maraqlandıran əsas məsələ həmin xərclərlə bağlı ikili yazılışların verilməsidir. Mühasib ikili yazılışları verməzdən əvvəl vergi uçotu məqsədləri üçün bu xərclərin xüsusiyyətini müəyyənləşdirməlidir.

Aydındır ki, yoxlama zamanı hesablanmış əlavə vergilər yayındırılmış və ya azaldılmış vergilərdir. Əgər azaldılmış vergilər gəlirdən çıxılan əmlak, yol, torpaq və mədən vergisidirsə (maddə 201.6, maddə 208.7, maddə 212.3), deməli, bu vergilər üzrə əlavə hesablanmış məbləğlərin də hesabat dövründə gəlirdən çıxılan xərclərə aid edilməsi qanundan kənar hesab edilməməlidir.

Fiziki şəxslərin muzdlu işlə əlaqədar alınan gəlirindən verginin (əmək­haqqından tutulan gəlir vergisinin) və ödəmə mənbəyindən tutulan digər vergilərin (qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əldə etdiyi faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir və royaltidən ödəmə mənbəyindən tutulan gəlir vergisinin) Vergi Məcəlləsinin tələbinə əsasən qarşı tərəfdən tutulmalıdır. Deməli, bu vergilər vergi ödəyicisi tərəfindən vergi agenti olaraq ödəmə mənbəyindən tutulmalı olduğuna görə vergi ödəyicisinin xərci kimi qəbul edilməməlidir. Bu səbəbdən də yoxlama zamanı göstərilən vergilər üzrə əlavə hesablamalar gəlirdən çıxılan xərclərə aid edilməməlidir. Vergi ödəyicisinin hüququ vardır ki, düzgün hesablanmadan az tutulmuş gəlir vergisini qanunla müəyyən olunmuş qaydada işçinin gələcək əmək­haqqından tutsun və ya ödəmə mənbəyindən tutduğu vergini faiz gəliri, dividend, icarə gəliri, royalti ödədiyi fiziki şəxsdən geri tələb etsin.

Yoxlama nəticəsində hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar gəlir vergisi üzrə əlavə hesablanmış məbləğlərin Vergi Məcəlləsinin 119.1.1-ci maddəsinə əsasən gəlirdən çıxılmasına yol verilmir.

Yoxlama nəticəsində əlavə dəyər vergisi və aksizlər üzrə əlavə hesablamalar baş verdiyi halda, vergi ödəyicisinin vergiyə cəlb olunan gəliri də artırılmış olur, həmçinin bunun təsiri mənfəət vergisinin dəyişməsinə səbəb olur. Gəlirin (daimi fərqləri yaradan vergi gəlirləri istisna olmaqla) dəyişməsi ilə əlaqədar mühasibat uçotunda müvafiq dövriyyə düzəlişlərinin aparılmasının vacibliyini və Vergi Məcəlləsinin gəlirdən çıxılmayan və məhdudlaşdırılmaqla gəlirdən çıxılan xərclərlərlə bağlı müddəalarında bu cür vergi xərclərinə məhdudlaşdırmaların olmadığını nəzərə alsaq, gəlirdən çıxılması qanunauyğun hesab edilməlidir.

Sadələşdirilmiş vergi ödəyicisi adətən kiçik sahibkarlıq subyekti olduğuna, həmçinin mənfəət (gəlir) vergisinin ödəyicisi olmadığına görə sadələşdirilmiş vergi gəlirdən çıxılan və ya çıxılmayan xərc anlamına gəlmir. Bu səbəbdən də yoxlama nəticəsində əlavə hesablanmış sadələşdirilmiş vergi məbləğinin xərclərə aid edilməsi qanunauyğun hesab edilməlidir.

Bütün vergi ödəyiciləri üçün aparılmış yoxlamaların nəticəsi olaraq tətbiq olunmuş maliyyə sanksiyaları, faizlər və inzibati cərimələr üzrə hesablanmış məbləğlərin Vergi Məcəlləsinin 119.1.2-ci maddəsinə əsasən gəlirdən çıxılmasına yol verilmir. Lakin sadələşdirilmiş vergi ödəyicisi üçün vergi uçotunda bu ödənişlərin xərclərə aid edilməsi qanunsuz hesab edilməməlidir. Mühasibat uçotunda isə bu xərclər uçot siyasəti ilə müstəqil tənzimlənə bilər.

Kameral və səyyar vergi yoxlamaları nəticəsində qəbul edilən əlavə vergilər, maliyyə sanksiyaları və inzibati cərimələrə görə, həmçinin bununla əlaqədar gəlir və xərc dövriyyələri ilə bağlı vergi ödəyicisinin mühasibat uçotunda müvafiq dəyişikliklər (düzəlişlər) aparılmalıdır. Gəlirdən çıxılmasına yol verilən bu cür vergi məbləğləri mənfəət vergisinin bəyannaməsində digər xərclər kimi göstərilə bilər.

Səyyar vergi yoxlaması aktına və kameral vergi yoxlaması nəticəsində şəxsi vərəqəyə işlənməklə vergi ödəyicisinə göndərilən bildirişə əsasən, hesablanmış məbləğlər üzrə vergi uçotuna uyğunlaşdırılmış ikili yazılışların verilməsi aşağıdakı kimi tövsiyə olunur: 

Xanbaba Quliyev
8.5 MB