Vergiler.az

Xanbaba Quliyev

Auditorlar Palatasının üzvü
Sadələşdirilmiş vergi bəyannaməsi

Əvvəli ötən sayımızda

 Hüquqi şəxslər üzrə 1 №-li Əlavənin tərtib olunmasında mühasibat uçotu məlumatlarının düzgün yerləşdirilməsi

  Hörmətli oxucular, sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxsin sadələşdirilmiş vergi bəyannaməsinə Əlavənin sətirlərinin hansı mühasibat uçotu hesabının məlumatlarına istinad edilməklə tərtib olunması üzrə qəzetin əvəlki sayında verilən izahları davam etdirək.

 

Sətir 2.2.1.1 «Bank kreditləri» üzrə «dövr ərzində daxil olmuşdur» sütunundakı xana boş saxlanılıb. Çünki hesabat ilində banklardan kredit alınmamışdır və ya 92№-li hesabın kredit dövriyyəsi olmamışdır. Bu sətrin «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütununun «silinmişdir» xanasında göstərilən 1.500 manat məbləğ banklara ödənilmiş kredit üzrə əsas borc məbləğidir və ya 92№-li balans hesabının debet dövriyyəsidir (DB92 - KR51 ikili yazılışı). Bu sətrin «hesabat dövrünün sonuna» sütunundakı xanasında göstərilən 2.000 manat isə ilin sonuna banklara olan kredit üzrə əsas borc məbləğidir və ya 92№-li hesabın ilin sonuna kredit qalığıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, bank krediti üzrə faiz borcları barədə məlumatlar bu sətirdə əks etdirilmir. Bu sətirdə cari kredit və vaxtı keçmiş kredit üzrə banklara olan əsas borc məbləğləri barədə dövriyyə və qalıq məlumatları əks etdirilir.

Sətir 2.2.1.2 «Alınmış avanslar» üzrə ldövr ərzində daxil olmuşdur» sütunundakı xanada göstərilən 1.800 manat məbləğ hesabat ilində alıcılardan onlara satılacaq mallara görə əvvəlcədən (hazır məhsul satılanadək) alınmış avans puldur və ya 64№-li balans hesabının kredit dövriyyəsidir (DB50 - KR64 ikili yazılışı). Bu sətrin «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütunundakı xanalar boş saxlanılıb. Çünki hesabat ilində alınmış avansın əvəzi olaraq alıcılara hazır məhsul satılmamışdır və ya 64№-li hesabın debet dövriyyəsi olmamışdır (yəni, DB64 - KR62 zaçot ikili yazılışı verilməmişdir). Bu sətrin «hesabat dövrünün sonuna» sütunundakı xanasında göstərilən 1.800 manat isə ilin sonuna alınmış avans üzrə alıcılara olan borc məbləğidir, belə ki, bu borc məbləğinin əvəzi mal satışı ilə ödəniləcəkdir və ya 64№-li hesabın ilin sonuna kredit qalığıdır.

Sətir 2.2.1.3 «Dövlət büdcəsinə vergi öhdəlikləri» üzrə «dövr ərzində daxil olmuşdur» sütunundakı xanada göstərilən 974 manat məbləğ hesabat ilində vergilər üzrə hesablanmış məbləğlərdir və ya 68№-li balans hesabının kredit dövriyyəsidir (sadələşdirilmiş vergi DB20 - KR68 = 528 manat, əməkhaqqıdan tutulan gəlir vergisi DB70 - KR68 = 346 manat, dividendlərdən ödəmə mənbəyində tutulan vergi DB75 - KR68 = 100 manat ikili yazılışları). Bu sətrin «təqdim edilmişdir, silinmiş, ləğv edilmişdir» sütununun «silinmişdir» xanasında göstərilən 750 manat məbləğ dövlət büdcəsinə ödənilmiş vergi məbləğidir və ya 68№-li balans hesabının debet dövriyyəsidir (DB68 - KR51 ikili yazılışı). Bu sətrin «hesabat dövrünün sonuna» sütunundakı xanasında göstərilən 224 manat isə ilin sonuna dövlət büdcəsinə vergilər üzrə borc məbləğidir və ya 68№-li hesabın ilin sonuna kredit qalığıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, vergilər üzrə faiz məbləğləri və maliyyə sanksiyaları barədə məlumatlar da Əlavənin bu sətrində əks etdirilir.

Sətir 2.2.1.5 «Sair kreditor borcları» üzrə «dövr ərzində daxil olmuşdur» sütunundakı xanada göstərilən 12.867 manat məbləğ hesabat ilində 60 №-li, 69№-li, 70№-li və 75№-li hesablar üzrə hesablanmış öhdəliklərdir və ya həmin hesabların yekun kredit dövriyyəsidir. Lakin balans-dövriyyə cədvəlinə diqqət yetirsək görərik ki, kreditor hesablaşmalar (60, 69, 70 və 75№-li hesablar) üzrə kredit dövriyyələrinin yekun məbləği 13.387 manatdır. Əlavədə daxil olan vəsait isə 12.867 manat, yəni 520 manat az göstərilmişdir. Çünki azaldılan 520 manat məbləğ (əməkhaqqıdan tutulan gəlir vergisi DB70 - KR68 = 346 manat, əməkhaqqıdan tutulan 3% sosial sığorta haqqı DB70 - KR69 = 74 manat, dividendlərdən ödəmə mənbəyində tutulan vergi DB75 - KR68 = 100 manat ikili yazılışları) bir kreditor hesabdan digər kreditor hesaba keçirilən (yeri dəyişdirilən və ya təkrarlanan) məbləğlər olduğuna görə nəzərə alınmamışdır. Həmçinin balans-dövriyyə cədvəlində kreditor hesablaşmalar üzrə debet dövriyyələrinin yekun məbləği 12.320 manatdır və Əlavədə silinmiş vəsait kimi göstərilən 11.800 manat məbləğ də, daxil olma göstəricisində olduğu kimi, proporsional olaraq  520 manat azdır. Səbəbi isə yuxarıda göstərildiyi kimidir. Bu sətrin «hesabat dövrünün sonuna» sütunundakı xanasında göstərilən 3.597 manat məbləğ malsatan və podratçılara kreditor borclar və DSMF-yə sosial sığorta haqqı üzrə ilin sonuna qalıq borc məbləğlərdir və ya 60№-li və 69№-li hesablar üzrə ilin sonuna kredit qalığıdır.

Sadələşdirilmiş vergi bəyannaməsinə Əlavəni tərtib etdikdən sonra mühasib tərəfindən Əlavə göstəricilərinin düzgünlüyünün müxtəlif yollarla, məsələn, riyazi hesablamalarla yoxlanılması məsləhət görülür.

Məsələn, Əlavənin sətir 1. «Cəmi aktivlər» üzrə «dövr ərzində daxil olmuşdur» sütunundakı xanada göstərilən 63.740 manat məbləğlə sətir 2. «Cəmi kapital və öhdəliklər» üzrə «təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir» xanalarında göstərilən 15.050 manat məbləğin cəmi (63.740 + 15.050 = 78.790 manat) Əlavənin sətir 1. «Cəmi aktivlər» üzrə «təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir» xanalarında göstərilən 61.525 (11.876 + 49.649) manat məbləğlə sətir 2. «dövr ərzində daxil olmuşdur» sütunundakı xanada göstərilən 17.265 manat məbləğin cəminə (61.525 + 17.265 = 78.790 manat) bərabər olmalıdır.

Əlavənin sətir 1. «Cəmi aktivlər» üzrə «hesabat dövrünün sonuna» sütunundakı xanada göstərilən 15.245 manat məbləğ sətir 2. «Cəmi kapital və öhdəliklər» üzrə «hesabat dövrünün sonuna» sütunundakı xanada göstərilən 15.245 manat məbləğə bərabər olmalıdır. Lakin balans-dövriyyə cədvəlinə diqqət yetirsək görərik ki, balans hesabları üzrə ilin sonuna yekun qalıq məbləğ həm debet, həm də kredit üzrə 18.449 manatdır. Əlavədə isə müvafiq məbləğlər 15.245 manat, yəni 3.204 manat az göstərilmişdir. Çünki azaldılan 3.204 manat məbləğ ilin sonuna yığılmış amortizasiya məbləğidir və bu məbləğ qalıq kimi Əlavədə göstərilməsi nəzərdə tutulmadığına görə əsas vəsaitlərin ilkin dəyərindən çıxılaraq qalıq formasında göstərilir.

Xanbaba Quliyev
9.5 MB